90 yaşlı muxtariyyət tarixinin son iyirmi ilində həyata keçirilən siyasət sayəsində həyatımıza daxil olan yeniliklər yeni terminlərin, yeni adların və yeni ünvanların yaranmasına səbəb olub. “Bulaq-abidə” sözü də dilimizə elə o vaxtdan düşüb. Belə bulaq-abidələr Şahbuz rayonunu da bulaqlar qalereyasına çevirib.
Yurdumuzun gül-çiçəyi, təbii sərvətləri kimi, çayları, çeşmələri, gölləri, bulaqları da dillər əzbəridir. Ölkəmizdə ümumi uzunluğu 34 min kilometrə bərabər olan irili-xırdalı 8350 çay vardır ki, onların bəzilərinin uzunluğu 8-10 kilometrdən artıq deyil. Amma onlar dağlarımızı, düzlərimizi, dərələrimizi, obalarımızı, oymaqlarımızı cana gətirirlər. Təəssüflə qeyd etməliyik ki, dünyanı caynağına alan ekoloji problemlər bizim də qurumuş çaylarımızın və bulaqlarımızın sayını artırır.
Mütəxəssislərin hesablamalarına görə, respublika üzrə əhalinin hər bir nəfərinə 1,9 min kubmetr su düşür. Çoxumuz suyun qədrini bilməsək də, onun azlığından tez-tez şikayət edərək “çox idi, indi azalıb” deyirik.
Amma “azalıb” yox, “azaltmışıq” deməliyik. Səbəbi üçünsə baş sındırmaq lazım deyil. Bulaqlar meşələrdə, çaylarsa bulaqlarda “anadan olurlar”. Bir vaxtlar, az qala, elliklə əlibaltalı meşələrimizə “hücum çəkəndə” heç düşünmürdük ki, meşələri qırıb talamaqla bulaqlarımızı, bulaqlarımızı qurutmaqla da çaylarımızı susdururuq. Beləcə, nə qədər durnagözlü bulaqlarımızın gözünü kor qoyduğumuzu heç ağlımıza gətirmirdik. Bilmədik ki, bulaqları susdurmaqla təbiəti küsdürürük. Təbiəti küsdürməklə də özümüzü neçə-neçə nemətdən məhrum edirik. Nə yaxşı ki, insanla vuruşda təbiət taqətdən tez düşmür. Yaxşı ki, təbiətimizlə üz-üzə dayanıb ona qənim kəsiləndə ulu öndərimiz “dur” deyə hər birimizin gözünü açdı. “Qaldırdığın balta mənim, sənin və övladımızın gələcəyə uzanan qollarını kəsir – bunu anla” deməklə O, təbiətimizə qahmar çıxdı. Bu canıyananlıq hər birinin öz axar-baxarı, dadı-tamı olan bulaqlarımızın da çağlamasına, körpə gözlərin açılmasına səbəb oldu.
Hərəsi bir dərdin dərmanı olan çeşmə sularımız öz xüsusiyyətlərinə görə xalq arasında ad qazanıb. “Yara suyu”, “Böyrək suyu”, “Mədə suyu”, “Dəri suyu”, “Göz suyu” deyə adlandırılan bu adlar bulaqların hansı dərdin məlhəmi olmağından xəbər verib insanlara. Unutmamalıyıq ki, “dirilik suyu”nun sorağı ilə çox igidlərimiz yelqanadlı at belində gedər-gəlməzə yollanıblar bir zamanlar. Həmin atların ayaq səslərini biz rəvayətlərimizdə, nağıllarımızda, əfsanələrimizdə eşidirik. Sən demə, igidlərin əsrlər boyu şam-çıraqla axtardıqları “dirilik suyu” yurdumuzun qayalarının göz yaşı, çiçəklərinin şəbnəmi, uca dağlarının dumanı, sisi kimi başımızın üstündə, gözümüzün önündəymiş. Bu gözəlliyi görmək üçün göz gərəkmiş. Amma nə edək ki, 70 illik sovet imperiyası və ondan sonrakı keçid dövründə əks-təbliğat maddi və mənəvi sərvətlərimizə bir biganəlik, laqeydlik aşılamışdı bizə. Hər kəsin varı-dövləti, vətəni sanki öz kandarının ağzına kimi idi. Ondan o tərəfə kimə mənsubdur, heç düşünən yox idi...
Şükürlər olsun ki, əsrlər boyu həsrətini çəkdiyimiz müstəqilliyimiz sayəsində olanımıza, qalanımıza sahib çıxıldı. Elə bu sahiblik sayəsində yurdumuz qarış-qarış, oba-oba dirçəlməyə, gözəlləşməyə və inkişaf etməyə başladı. Muxtar respublikamızın da ərazisinə daxil olan bölgələrin bəxtəvər günləri elə o zamandan başladı. Firavan günlərini yaşayan Şahbuz rayonunun da dağlar, şiş qayalar əhatəsində olan kəndlərinin siması dəyişdi, zümrüd rəngli, əsrarəngiz təbiəti canlandı. Bu təbiəti cana gətirənsə dağlarda, dərələrdə torpağın göz yaşları kimi çağlayan çaylar, bulaqlar, çeşmələr oldu. Bunu dərk edən insanlar onun qədrini bilərək ona sahib çıxdılar.
Sovet dönəmlərində gözüsulu dağların bu sərvətinə tamarzı qalan insanlar bir ovuc bulaq suyu üçün yazda, yayda, payızda tez-tez güzarını dağlardan, dərələrdən salırdı. Və hər kəs də böyük təəssüf hissi ilə bu çeşmələrin, bulaqların suyundan istifadə edilməsinin mümkünsüzlüyündən gileylənirdi. Kimsənin isə ağlına gəlmirdi ki, nə vaxtsa bu bulaqlar yol kənarlarında nəinki kənd adamlarının, bu yerlərə üz tutan qonaqların belə, ürəyini sərinlədəcək.
Müstəqillik illərində bulaqlarımıza da sahib çıxıldı. Qurbanlar bahasına qazandığımız müstəqilliyimizin qarantı olan ulu öndərin bizə aşıladığı vətəndaşlıq qayəsi vətəndaş olmağımıza və Vətənimizə sahib çıxmağımıza nail olmaq üçün dünənimizi, bu günümüzü bizə tanıtdı. Beləcə, altı da, üstü də sərvət olan bu yurdun qədir-qiymətini anladıq.
Təbii sərvətlərimizin ən qiymətlisi olan bulaqların, çayların, çeşmələrin axarını dəyişdik. Bütün dünyada qıtlığı hiss olunan şirin suyun dağlarımızdan üzübəri şəhər, qəsəbə və kəndlərimizə gətirilməsinə nail olduq. El birliyi ilə dağ oynadı yerindən. Salvartının, Dağdağanın, Şahdağın, Çınqıllının sinəsində çağlayan büllur sular evlərimizə gəldi. Evlərimizdən məhlələrimizə, küçələrimizə paylanan sular sonradan bulaq-abidələrdən çağladı.
Bu gün Şahbuz rayonunun hər bir kəndində bir neçə bulaq-abidədən su axır. Bu gün şahbuzlular qürurla bu bulaq-abidələrin suyu ilə öz qonaqlarının ürəyinə sərinlik bəxş edirlər.
Mən işimlə əlaqədar olaraq rayonun müxtəlif yaşayış yerlərində olarkən müşahidə etmişəm ki, indi, az qala, hər kəndin özünəməxsus bir və ya bir neçə bulaq-abidəsi var. Onların çoxu da əsrlərcə xalq arasında öz adı olan bulaqların adı ilə adlandırılır.
Əgər Şahbuzu bir tabloya bənzətsək və o tabloda bulaq-abidələr öz əksini tapsa, bilirəm ki, bu mənzərə hər kəsi heyran edər. Mən də adamı əfsunlayacaq o tablonun mənzərəsini sözün gücü ilə yaratmaq istəyirəm.
Şahbuza gələn qonağı, ilk olaraq, Daylaqlı kəndi ərazisindən keçən yolun kənarındakı “Böyrək suyu”nun çağladığı bulaq-abidə salamlayır. Sonra Şahbuz şəhərinin Heydər Əliyev prospektindəki və istirahət parkındakı iki müxtəlif formalı bulaq-abidə öz varından pay tutur yolçuya. Batabat dağlarında çağlayan bu bulaqların suyundan muxtar respublikamızın hər yerindən gələn qonaqlar və yolçular evlərinə belə aparırlar.
Yol yoxuşa qalxdıqca bulaq-abidələrin də sayı artır, forması dəyişir. İşgəsu massivindəki iki bulaq-abidə də öz formasına və yerinə görə doyumsuz bir gözəlliyə malikdir. Salxım söyüdlərin baş-başa verib gizlədikləri çay kənarında yaradılan bu bulaq-abidələr də öz görünüşü ilə qonaqları ovsunlayır. Həmin ərazidəki balıqçılıq təsərrüfatının ətrafında yaradılan əsrarəngiz mənzərəyə sanki nöqtə qoyurmuş kimi bütün gözəllikləri ətrafında cəmləşdirən bulaq-abidənin qonaq-qarası daha çox olur.
Oradan ayrılıb bir az irəliyə getdikcə kənardan uca dağların alçaq sinəsində qərar tutmuş Plovtəpə massivindəki bulaq-abidə yolun lap kənarında yolçuya “buyur, əyləş” deyir sanki.
Avtomobil istiqamətini dəyişib Mahmudoba, Nursu tərəfə üz tutsa, Şahbuz şəhərinin inzibati ərazisinə daxil edilmiş əraziyə aid olan yaşayış məntəqəsini ikiyə ayıran yolun sağ tərəfində çağlayan bulaq-abidə ilə qarşılaşacağıq. Bu yolu axıra kimi gedənlərsə Mahmudoba kəndinin girəcəyindəki bulaq-abidənin suyundan da bir stəkan içib ürəyini sərinlədə bilər.
Əgər boz dumanı əlçim-əlçim olan Batabata sarı yollansaq, onda da şöhrəti ellərə yayılmış yaylağın qonaqlarını “salamlayan” Söyüdlü bulaq-abidəsinin ətrafında ayaq saxlayacağıq. Üzü dağlara sarı qıvrılan şümşad yolla yuxarı qalxdıqca adamı heyrətləndirən təbiət mənzərələri bizi Zor bulağa kimi öz sehrinə salar. Burda ayaq saxlayarıq. Bu bulağın da ətrafında yaradılan istirahət guşəsinin qonaqların sevimli yerinə çevrildiyini ətrafındakı qələbəlikdə seyr edərik. Gözəllik görmək eşqinə səmtimizi dəyişib Şahbuz Dövlət Təbiət Qoruğu ərazisinə üz tutsaq, burada da gözümüzaxtaran gözəllik içərisində könlümüzə sərinlik gətirən bulaq-abidədən bir qurtum su içərik. Qoruğun inzibati binası qarşısında, həmçinin yaylağın adı ilə adlandırılan “Batabat” restoranının həyətində yaradılmış bulaq-abidələr il boyu çağlayır. Batabatdan enib Ağbulağa üz tutanda isə kəndə çatmamış yenə də bizi ətrafındakı doyumsuz təbiət mənzərələri ilə heyrətləndirən Ağbulaq bulaq-abidəsi qarşılayır.
Bu gün muxtar respublikanın hər bir bölgəsindən, hətta Azərbaycanın müxtəlif yerlərindən buraya gələn insanlar qonaq olduqları Ağbulaq İstirahət Mərkəzinin həyətində dağların bal kimi şirin sularının çağladığı bulaq-abidələrdən bir ovuc içərək “oxay” deyib ürəklərini sərinlədirlər.
Bir yolun iki səmtə ayrılan qolu üstündəki Gömür kəndi ərazisində qərinələrlə yaşı olan müalicəvi əhəmiyyətə malik “Şor su” deyilən bulağın ətrafında yaradılan Şəfa bulaq-abidəsi də öz görünüşü ilə bənzərsizdir. Bu bulaq-abidənin ətrafında yaradılan çarhovuza tökülən şor suyun əhəmiyyətini bilənlər və ona ehtiyacı olanlar üçün istifadə imkanları yaradılıb. El arasında bu suya “Dəri suyu” da deyilir.
Şahbuz rayonunun hansı səmtinə, hansı kəndinə gedər olsaq, o istiqamətdə bizi salamlayan və ürəyimizi sərinlədən, dərdlərimizə dərman olan suların axdığı bulaq-abidələrlə qarşılaşarıq. Bu gün rayonda 20-yə yaxın bulaq-abidənin olması onu göstərir ki, müstəqil dövlətin vətəndaşı olmaq kimi məsuliyyətli bir missiyanı yerinə yetirən insanlar və eli arxasınca aparmağı bacaran şəxsiyyətlərimiz xalqa xidmət yolunu tutmuşlar.
Dünyagörmüşlərimiz həmişə su çəkəni, yol salanı savab əməl sahibi adlandırıblar. Ulularımızdan qalan bu əməli davam etdirənlər xalqın yaddaşında yaşayır, yaratdıqları o abidələrdə əbədiləşirlər. Çünki xeyirxahlıq heç zaman unudulmur!
Şəhla NƏBİYEVA