22 Dekabr 2024, Bazar

Bu günlərdə Əməkdar elm xadimi, professor Oruc Həsənlinin və İstanbul Nişantaşı Universitetinin psixoloq-müəllimi, dosent doktor Davud İbrahimoğlunun müəllifi olduqları “İnsan psikolojisinin sihirli dünyası – kıskançlık” adlı kitabı türk dilində çapdan çıxmışdır.
Bir çox bədii və ya elmi yaradıcı­lıq məhsulları vardır ki, onlar təkcə yazıldığı bölgənin, yaxud dövlətin deyil, bütün bəşəriyyətin məhsuluna çevrilir. Hamı ondan faydalanır, bəhrələnir. Bu cür ədəbi və ya elmi əsər cəmiyyətin inkişafına, elmi dəyərlərin insan həyatının yaxşılaşmasına, iqtisadi və ya mənəvi inkişafına az da olmuş olsa, kömək edirsə, insanların həyatı dərk etməsinə istiqamət verirsə, o əsər təqdirəlayiqdir.
Atalar deyir ki, “İnsan köçəri quşdur”. Bəzi kitablar da belədir. Çap olunduğu mətbəədən başlanan yolu dünyanın müxtəlif ölkələrindən keçir. Və bu kitablar müəllifinin kimliyini, fikir və düşüncələrini ortaya qoyur.

Ötən ilin iyun ayında çap olunan “Sirli dünya: qısqanclıq” kitabının da sorağı bu gün İstanbuldan gəlir. Nişantaşı Universitetinin pozitiv psixologiya üzrə psixoloqu, dosent doktor Davud İbrahimoğlu kitabı yüksək səviyyədə dəyərləndirmiş, kitab haqqında müəllifə öz əlavə fikirlərini bildirmiş və ikinci bölməni yazmaqla ikinci müəlliflik hüququnu qazanmışdır. Kitabı türk dilinə çevirən Davud İbrahimoğlu bu gün qısqanc­lığın törətdiyi fəsadlarla Türkiyədə, o cümlədən dünyanın bütün ölkələrində mövcud olan qısqanclıq bəlasının vahid düşüncə tərzindən qaynaqlandığı qənaətini ortaya qoyaraq yazır ki, qısqanclıq cəmiyyət içindəki yaxın münasibətdə ən güclü, geniş yayılmış və məhvedici duyğulardan biridir. Yaş həddi nəzərə alınmadan uşaqlıq, gənclik və yetkinlik dövründə daha çox nəzərə çarpmaqdadır. Müəyyən hədd daxilində qaldığında, əslində, faydalı kimi görünsə də, cütlər arasında inamsızlığın nəticəsi kimi bəzən ölümlərə belə, səbəbolma dərəcəsinə də çata bilir.
Kitabda qısqanclıq müxtəlif aspektlərdən araşdırılmış və müəlliflərin gəldiyi qənaətlə nəticələnmişdir. “Qısqanclığın davranışdakı qabarıq təzahür formaları”, “Qısqanclığı yaradan əsas səbəblər”, “Bütün hisslərdən üstün qısqanclıq”, “Ailədə qısqanclıq”, “İslam dini və qısqanc­lıq”, “Qısqanclığın sağlamlığa təsiri”, “Qısqanclıq dostumuzdur, yoxsa düşmənimiz?” kimi bölmələrdə müəlliflər gündəlik həyatda baş verən qısqanclıq hadisələrinə psixoloji baxımdan yanaşmış, həyat həqiqətlərinə yanlış münasibətin forması kimi qısqanclığı təqdim etmişlər. İkinci bölmədə “Qısqanclıqla bağlı anket çalışmaları”, kitabın sonunda isə ailədaxili qısqanclığa dair anket sorğusu verilmişdir.
Müəlliflər kitabda araşdırılması vacib olan bir sahəyə – qısqanclıq məsələlərinə ciddi və dərin münasibət bildirməklə həyatda baş verən bir çox mənfi halların cavabını açıqlamağın vacibliyini nəzərdə tutmuşlar.
Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, müəlliflər kitabda qısqanclığı doğuran səbəbləri və aradan qaldırılması yolları ilə bağlı sorğuların keçirilməsini, test tapşırıqlarının cavablandırılmasından irəli gələn nəticələrin reallığının vacibliyini qarşıya qoyurlar.
Professor Oruc Həsənli və dosent doktor Davud İbrahimoğlu kitabda daha çox qısqanclığı doğuran səbəbləri və onun aradan qaldırılmasında tərəflərin – ərlə arvad, nişanlı oğlanla qız arasındakı qısqanclığın törədə biləcəyi fəsadları geniş izah edirlər. Kitabda daha çox “sədaqətsizlik”, “vəfasızlıq” kimi ifadələrin işlədilməsinin törətdiyi acı nəticələr həyati misallarla izah olunur, “inam”, “etibar” kimi ifadələrin beyinlərə həkk olunmasının vacibliyi bildirilir.
Kitab, müəlliflərin də qeyd etdiyi kimi, bugünkü ailə və cəmiyyət, sosial mühit, ailə və uşaq tərbiyəsi, cəmiyyət və gənclərin probleminin, bəzən isə əsassız qısqanclıq hisslərinin fəsad verməsi, onların araşdırılması, düzgün yollarının üzə çıxarılması zərurətindən yazılmışdır.
Əməkdar elm xadimi, professor Oruc Həsənlinin və İstanbul Nişantaşı Universitetinin psixoloq-müəllimi, dosent doktor Davud İbrahimoğlunun “İnsan psikolojisinin sihirli dünyası – kıskançlık” adlı kitabının valideynlər, tərbiyəçilər, məktəb psixoloqları, hər bir ailə üzvü və yeniyetmələr, ələlxüsus, gənc ailələr üçün çox faydalı olacağını düşünürük.

Həsənəli EYVAZLI
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR