Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.
Uca Tanrıya məhəbbətin, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət etmişdir.
“Qurban” sözü lüğəti mənada “yaxınlaşmaq” dеməkdir. Yəni qurban kəsən hər bir kəs bu əməli ilə Allaha yaxınlaşır. Allah dərgahında kəsilən qurbanlar ruhi dəyərlərin paklanmasında, insanların xeyirxah əməllər ətrafında birləşməsində mühüm rol oynayır.
Qurban İslam aləmində ən dəyərli bayramlardan biridir. Qurban bayramı eyni zamanda müsəlmanların Həcc ziyarəti mərasiminin də bir hissəsidir.
Yüksək insani keyfiyyətlərdən olan dostluğun, qardaşlığın, fədakarlığın cəmiyyətdə inkişafı və gələcək nəsillərə təlqin edilməsi üçün gözəl fürsət kimi dəyərləndirilən Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan zilhiccə ayının 10-cu günü, Məkkəyə Həcc ziyarəti dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
Qurban hicrətin ikinci ilində fərz qılınmışdır. “Qurani-Kərim”in “Kəvsər” surəsində deyilir: “Rəbbin üçün namaz qıl və qurban kəs. De ki: “Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür”; “Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər”. Bundan əlavə, Peyğəmbərimiz buyurmuşdur ki, “bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir”.
Azərbaycan müsəlman dünyasının ayrılmaz parçasıdır və tarixən islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Digər müsəlman ölkələri kimi, Azərbaycanda da İslam dinindən irəli gələn vəzifələr yerinə yetirilir. Hər il yüzlərlə azərbaycanlı zəvvarın Həcc ziyarətinə yola düşməsi və bu ziyarətin vacib əməllərindən hesab olunan qurban kəsilməsinə əməl etməsi xalqımızın İslam dininə bağlılığını nümayiş etdirir. Milli-mənəvi dəyərlərə və ənənələrə ehtiramla yanaşılan Azərbaycanda Qurban bayramı da hər il böyük təntənə ilə qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev bu müqəddəs bayramı yüksək qiymətləndirərək deyirdi: “Bütün müsəlmanların böyük təntənə ilə qeyd etdikləri Qurban bayramı insanın ən çətin məqamlarında düzgün mövqe seçmək, ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini təcəssüm etdirir”.
Milli-mənəvi, islami dəyərlərin qorunması və təbliğinə ciddi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev insanlar arasında həmrəyliyin və saflaşmanın bərpa olunmasında bu bayramın rolunu yüksək qiymətləndirmişdir. Dövlət başçısının Qurban bayramı münasibətilə bu il Azərbaycan xalqına təbrikində deyilir: “Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir. Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, bu xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”.
Ölkəmizdə rəsmi olaraq iki gün qeyd olunan bu dostluq, qardaşlıq bayramının özünəməxsus qurban kəsmək şərtlərinə görə, qurban kəsən şəxs müsəlman olmalıdır. Qurban ibadəti qurbanlıq heyvanın Qurban bayramı günlərində qayda-qanunlara uyğun şəkildə şəxsən qurban sahibinin özü tərəfindən kəsilməsi və ya başqasına kəsdirməsi ilə yerinə yetirilmiş olur. Qurban üzrlü səbəbdən bayram günü kəsilməzsə, bayramın ikinci, üçüncü günü də kəsilə bilər. Ancaq unutmayaq ki, bu ayini günün birinci yarısı, yəni gün dönməzdən əvvəl yerinə yetirmək lazımdır.
Qurban kəsmək azad və varlı müsəlmanlara vacibdir. Fitrə verməyə məcbur olan kimsə qurban kəsər. Qaldığı evdən başqa bir evi olan kimsə də qurban kəsməlidir. Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burada əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: “Kəsdiyiniz qurbanlardan Allaha nə ət, nə onun qanı çatır, ancaq sizin dindarlığınız çatır”. Səfərdə olanlara qurban kəsmək vacib deyildir. Nisab miqdarı malı olmayanların kəsdikləri qurban nafilədir.
Kasıb, imkanı olmayan ailələrin qurban kəsməsi vacib deyil. Bu yalnız buna imkanı olan adamların boynunda haqdır. Qurban əti satılmaz və ya satın alınmaz. Qurban yalnız paylanmaq üçün kəsilər ki, bu paylamanın da şərtləri vardır. Belə ki, kəsilmiş qurban üç yerə bölünür. Həmin üç hissənin biri ehtiyacı olan qonşulara, bir hissəsi qohum-əqrəbaya paylanılır, digər bir hissəsi isə evdə saxlanılır. Quşlardan və ov heyvanlarından qurban kəsmək doğru deyil. Qurban kəsmək ibadəti həm də insanlara sərvətini ehtiyacı olanlarla paylaşmaq əxlaqını qazandırır.
Qurban bayramının ən gözəl xüsusiyyətlərindən biri də odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
Qurban kəsmək və onu paylaşmaq sosial bərabərliyə ən gözəl nümunələrdən biridir. Bu bayramda hamı sevinməlidir: varlılar Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.
Qurban bayramı müsəlman dünyasında əsl təntənəyə çevrilir, insanlara birlik, həmrəylik, şəfqət və xeyirxahlıq duyğuları aşılayır. Dinimizin təlqin etdiyi ədalət prinsipləri də Qurban bayramında özünü göstərir. Qurban bayramı insanların mənən saflaşması, onların daha sıx birləşməsi üçün bir vasitədir. Bu birlik ovqatı bizim hamımız – cəmiyyətimiz və dövlətimiz üçün olduqca mühüm amildir. Məhz birliyimiz, həmrəyliyimiz düşmənlərimizi məğlubiyyətə uğradacaq, böyük qələbəmizi təmin edəcəkdir.
Vüqar BABAYEV
Naxçıvan Muxtar Respublikası
Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi