Çoxşaxəli iqtisadiyyatın yaradılmasında müxtəlif istehsal və xidmət sahələri üzrə bacarıqlı peşə sahiblərinin hazırlanmasına və onların peşə yönünə görə işlə təmin olunmalarına göstərilən diqqət mühüm əhəmiyyət kəsb edir. Bu, elə bir məqamdır ki, bəzən əlləri qızıldan olan bir çilingərin işini əvəz edə biləcək bir usta sənətkarın yetişməsi uzun illər vaxt apara bilər. Ona görə də peşə-sənət yolunu tutmuş gənclərə vaxtında göstərilən dəstək, onların usta bacarıqları qazanmalarına yaradılan şərait gec-tez öz bəhrəsini verəcəkdir. Çünki inkişaf edən ölkənin iqtisadiyyatında hər peşə sahibinin öz yeri, onun əməyinin isə öz qiyməti vardır.
Ölkəmizin iqtisadi potensialının sürətlə artması və regionların inkişafı müasir texniki-peşə təhsili qarşısında da yeni tələblər qoyur. Naxçıvan Muxtar Respublikasında da hazırda əmək bazarında ixtisaslı kadrlara yaranan və gündən-günə artan tələbatı ödəmək qabiliyyəti olan yeni təhsil komplekslərinin yaradılması günün vacib məsələlərindəndir. Bu baxımdan işaxtaran vətəndaşların iqtisadi fəallığının yüksəldilməsi üçün onların peşə hazırlığının artırılması işində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 noyabr tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzi qarşısında mühüm vəzifələr durur. Mərkəz yarandığı gündən muxtar respublikada işaxtaran vətəndaşların, xüsusən gənclərin peşəyönümü istiqamətində formalaşması üçün onlara zəruri biliklərin verilməsini təmin etməkdədir. Mərkəzdə regionun əmək bazarında ciddi tələbat yaranan və unudulmaqda olan peşələr üzrə kurslar təşkil edilməklə bu sahədəki vəzifələrin həllinə ciddi diqqət yetirilir.
Naxçıvan Muxtar Respublikasında gənclərin peşə istiqamətinə cəlbi ilə bağlı tədbirlər davamlı xarakter almaqdadır. Bu il sentyabrın 15-də – Bilik Günündə Şərur Texniki-Peşə və Sürücülük Məktəb kompleksinin istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu barədə demişdir: “Peşəkar kadrlar yalnız ali və orta ixtisas təhsili müəssisələrində hazırlanmır. Bu məsələdə peşə təhsilinin düzgün təşkili də mühüm əhəmiyyətə malikdir”.
İndiyə qədər çoxlu sayda peşə ixtisası üzrə kursların təşkil olunduğu Naxçıvan Regional Peşə Tədris Mərkəzində də bu tapşırıqların həlli istiqamətində xeyli işlər görülmüş, muxtar respublikanın bütün bölgələrindən cəlb olunmuş müdavimlər müxtəlif peşələrə yiyələnmişlər.
Regional Peşə Tədris Mərkəzindən aldığımız məlumatda 2009-cu ildən bəri burada ilk təşkil olunmuş kurslarda kabel lehimləyicisi və elektrik montyoru, elektron avadanlıqların təmiri və elektromexanik, traktorçu-maşinist, toxucu və xalçaçı peşələri üzrə ustalar hazırlandığı bildirilir. Ötən dövr ərzində regionun əmək bazarında çox tələb duyulan bərbər, ofisiant, dərzi, elektrik montyoru və qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər kimi peşə növləri üzrə ustaların hazırlanmasına ciddi diqqət yetirilmişdir. Ümumiyyətlə, indiyə qədər mərkəzdə 113 kurs təşkil olunmuşdur. Qeyd olunan dövrdə xalçaçı, toxucu, keçəçi, dərzi, qalayçı, misgər və tənəkəçi, ağac üzərində oyma, bələdçi, bərbər, ofisiant, aşpaz köməkçisi, çörəkçi, qazanxana maşinisti, qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər, traktorçu-maşinist, buldozer maşinisti, lift mexaniki, fotoqraf, videooperator, televiziya rejissorluğu, teleaparıcı, nitq mədəniyyəti və digər peşə kurslarının təşkili həyata keçirilmiş, kurslara cəlb olunmuş 1787 nəfərdən 1488 nəfəri işə göndərilmişdir. Bunlar arasında ən çox sayda müdavimi olmuş qazanxana maşinisti, bərbər, dərzi, elektrik montyoru peşə kurslarının adlarını da qeyd etmək lazımdır. Əmək bazarındakı tələbi nəzərə alaraq, mərkəzdə bərbər, ofisiant, aşpaz köməkçisi, elektrik montyoru, kabel lehimləyicisi və elektrik montyoru, qazanxana maşinisti, dərzi kursları təkrarən təşkil olunmuşdur. Qeyd etmək lazımdır ki, bir sıra kursların təşkili zamanı muxtar respublikada ixtisaslı kadr olmadığından kursu tədris edənlərin ölkəmizin paytaxtından Naxçıvana dəvət olunaraq gətirilməsi məsələsi də həll olunmuşdur.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində müdavimlərin normal təhsil almaları üçün bütün lazımi şərait yaradılmışdır. Burada təşkil olunan peşələrə uyğun ixtisaslaşdırılmış sinif otaqları vardır. Mərkəzdə kabinələr, emalatxanalar, istirahət və elektron lövhə otaqları fəaliyyət göstərir. Kabinə və emalatxanalar əyani vəsaitlər, elektron lövhə otağı isə sürətli internet və tədris üçün videomateriallarla təmin edilmişdir ki, bu da tədrisin keyfiyyətlə aparılmasında mühüm rol oynayır. Peşə hazırlığı kurslarının təşkili zamanı müəllim və müdavimlər kurslar üzrə müvafiq geyimlərlə təmin olunurlar. Naxçıvan Regional Peşə Tədris Mərkəzində 44 yerlik yataqxana, camaşırxana, yeməkxana, mətbəx, kitabxana fəaliyyət göstərir. Muxtar respublikanın rayonlarından gəlmiş müdavimlər yataqxanada qeydiyyata alınaraq gündə 3 dəfə yeməklə təmin olunurlar. Kursa cəlb olunanlar arasında Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın Babək, Şərur, Culfa, Şahbuz rayonlarından gələn müdavimlər də üstünlük təşkil edirlər. Bu müdavimlərin yaş həddi isə 16-55 arasında dəyişir. Bu isə hər yaşda peşələrə yiyələnmək istəyənlərin olduğunu göstərir. Mərkəzdə peşə hazırlığı istiqamətində gələcəkdə aparılan işlərin təkmilləşdirilməsi məqsədilə əmək bazarında müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi üçün rübdə bir dəfə muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlarda sorğular aparılır. Aparılan belə sorğuların nəticəsi və işaxtaranların fərdi müraciətləri gələcəkdə regionun əmək bazarına və rəqabətə uyğun peşə hazırlığı üçün tələbatı müəyyən etməyə imkan yaradır. Bütün bunlar isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası üzrə qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə xidmət edir.
Əli CABBAROV