22 Dekabr 2024, Bazar

sanki ağacları əlvan rənglərlə boyayan mahir bir rəssamdır: qırmızı, sarı, narıncı, bənövşəyi. Erkən payızda əlvan yarpaqlardan ibarət qeyri-adi “yağış yağır”. Təəssüf ki, bu gözəllik çox davam etmir: yarpaqlar tökülür, otlar saralır, güllər solur. Havalar günbəgün yağışlı, tutqun və soyuq olmağa başlayır.

Həşəratlar xəlvət yerlərdə gizlənir, köçəri quşlar qatar-qatar düzülüb cənuba – isti ölkələrə uçmağa hazırlaşırlar. Heyvanlar qışa hazırlaşır: yay xəzlərini qış xəzləri ilə əvəzləyir, qışı keçirmək üçün rahat yuva axtarırlar. Təbiət uzun qış yuxusuna hazırlaşır ki, baharda yenidən oyansın və canlansın.
Xalq təqvimi ilə ötən həftədən payız fəsli başlayıb, gecə-gündüz bərabərləşib. Şərq xalqlarının həyatında təbiət hadisələrinin özünəməxsus rolu olub ki, bunun nəticəsində də bir sıra ayin və mərasimlər yaranıb. Eləcə də Azərbaycanda təbiət hadisələri xalqın inanclarında özünəməxsus yer tutur. Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, sentyabrın 22-dən payız fəsli başlayır. Nəzərə alsaq ki, yazın gəlişini – Novruzu 21 martdan hesablayırıq, onda yayın iyunun 22-dən, payızın sentyabrın 22-dən, qış fəslinin isə dekabrın 22-dən başladığını əminliklə söyləmək olar.

Beləliklə, sentyabrın 22-dən yurdumuzda payız fəsli başlayıb. Həmin gün həm də payız gecə-gündüz bərabərliyi baş verib. Yəni gecə ilə gündüz günün 24 saatını yarıbayarı bölüşüblər. Bundan sonra gecə uzanacaq, gündüz qısalacaq. Bu uzanıb-qısalma dekabr ayının 22-nə, yəni qış fəsli girənə qədər davam edəcək. Dekabrın 22-dən, yəni ilin ən uzun gecəsi olan “şəbi-hicran”dan sonra gündüz uzanmağa başlayacaq.
Yer oxunun ekvator müstəvisinə meyilliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir, istilik, işıqlanma və iqlim qurşaqları yaranır.
Qeyd edək ki, ildə bir dəfə payız gecə-gündüz bərabərliyi, bir dəfə isə yaz gecə-gündüz bərabərliyi baş verir. Yaz gecə-gündüz bərabərliyi gündüzün, payız gecə-gündüz bərabərliyi isə gecənin uzanmasına vəsilə olur.
Payızda gündüzlər qısalır, gecələr uzanır. Günəş tez batır, daha az istilik və işıq verir. Sərin, yağışlı və küləkli günlərin sayı artır. Ağaclar yamyaşıl gözəlliyini qızılı rəngli cazibəli bir mənzərə ilə əvəzləyir. Bir müddət sonra həmin qızılı rəngin əksi olan yarpaqlar da tökülməyə başlayır. Payız fəslinin bu dövrü insanoğluna həyat deyilən ömür yolundan bəzi məqamları xatırladır: hər payız fəslində ağacdan düşən yarpaq ömür ağacımızdan da hər payızda bir yarpaq düşdüyünü xatırladır bizə. Bir də xatırladır ki, budağından ayrılan hər yarpaq düşməyə məhkumdur, payız isə bu ayrılığa bəhanədir!
Qızılı payız təbiətlə insan arasında xoş duyğular yaradır, insan­oğlunu daha duyğulu olmağa sövq edir, onu kövrək notlara kökləyir sanki.
Bu fəsildə hava dəyişkənliyi səbəbindən bəzən insanlarda soyuqlama kimi xəstəlik yaranır. Bu məqam da insanlara ibrət olacaq insanlıq halını xatırladır. Nənə-babalarımızdan eşitmişik ki, insan hər xəstələndikcə payızda ağacdan tökülən yarpaqlar kimi, onun günahları da tökülür, yəni günahlarından arınır. Bu mənada payız fəslini təbiətin yenilənməsi dövrü adlandırıblar babalarımız.
Payız həm də bolluq fəslidir. Əksər meyvələr, qida məhsulları bu fəsildə ərsəyə gəlir. İnsan ömrü də belədir: yetkin bir insan il boyu çalışdığı işin, çəkdiyi zəhmətin bəhrələrini məhz payızda “dərir”.
Payız qışın xəbərçisidir. Bu fəsildə havalar yavaş-yavaş soyuyur, insanları, təbiəti qışa hazırlıq edilməsi üçün sanki xəbərdar edir. Tərəvəzlər, meyvələr və bütün qida məhsulları bu fəsildə bol olur. Bu baxımdan payız fəsli qış hazırlıqlarının sürətləndiyi bir zamandır. Bu məqamda bir zamanlar həyat həqiqətimiz olan və qışa hazırlıq işlərinin başında duran bir reallığa diqqət çəkmək istərdim. Əvvəllər istər şəhərdə, istərsə də kəndlərimizdə qışa hazırlıq deyiləndə qida tədarükündən əvvəl soyuq havadan qorunmağın qayğısı insanları, sözün əsl mənasında, ağuşuna alırdı. Hətta belə vaxtlarda “qara günümüz başladı” deyə, bir ifadə daha çox işlədilər, eşidilərdi. İnsanlar qışın soyuğundan qorunmaq üçün meşələrə üz tutar, payızın ilk günlərindən minbir əzab-əziyyətlə odun tədarükünə başlayardılar. Və, əlbəttə ki, bu cür tədarük insan həyatı üçün vacib olan yaşıllıqların, meşələrin azalması, nəticə etibarilə, təbii tarazlığın pozulması ilə nəticələnirdi. Əvvəllər “payız fəsli” ifadəsi Naxçıvan əhalisi üçün həyatın əksər sahələrində yaranacaq çətinliyin, bir növ, “xəbərçisi” idi; yenə idarələr, təşkilatlar soyuqlar səbəbindən işləməyəcək, yollar buz bağlayacaq, qar adam boyu hündürlüyünə çıxacaq, uşaqlar məktəbə gedə bilməyəcəklər, nəqliyyat, rabitə bərbad vəziyyətə düşəcək və sair.
Amma indi bütün bu çətinliklər aradan qaldırılıb, həmin qayğılar öz həllini tapıb, onlardan əsər-əlamət belə, yoxdur; o dərəcədə əsər-əlamət qalmayıb ki, məktəbə yola saldığımız övladlarımızı bir zamanlar yuxarıda bəhs etdiyim çətinlikləri yaşadığımıza inandırmaqda çətinlik çəkirik.
Payız gəlib... Bu payız hamınıza xoşbəxtlik gətirsin...

 Səyyar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR