Muxtar respublikamızda ahıl vətəndaşların sağlam həyat tərzində yaşamaları, onların cəmiyyətdə fəal iştirakı üçün hərtərəfli şərait yaradılıb.
Tənha ahıllara göstərilən dövlət qayğısının bir nümunəsi olan Ahıllar evində sakinlərin rahat yaşamaları üçün hər cür şərait mövcuddur. Həmçinin ahılların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə sentyabrın 29-da Ahıllar evi sakinlərinin Naxçıvan şəhərinə gəzintisi təşkil edilib. Tədbir iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Naxçıvan Dövlət Xalça Muzeyində, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində və Açıq Səma Altında Muzeydə olub, həmçinin Möminə xatın türbəsinə baxıblar.
Gəzinti iştirakçılarına tarixi abidələrimiz, muzeylərdə tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi özündə əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, gəzinti iştirakçıları üçün nəqliyyat vasitəsi ayrılıb, nahar və çay fasiləsi təşkil olunub.
Tədbir ahıllarda xoş ovqat yaradıb. Onlar göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti