22 Dekabr 2024, Bazar

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnaməyə uyğun olaraq, ahılların sosial problemlərini öyrənmək və ictimaiyyətin diqqətini onların həllinə yönəltmək üçün hər il oktyabrın 1-i dünyada “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur.

Dünyada mövcud olan müxtəlif xalqların, mədəniyyətlərin, sivilizasiyaların hər biri özünəməxsus adət-ənənələri ilə fərqlənir. Lakin dünyada bu müxtəlifliyi ortaq məxrəcə gətirən bir neçə prinsip də mövcuddur. Belə humanist prinsiplərdən biri ahıl və qoca insanlara hörmət və qayğıdır. Çünki ahıl insan hər bir ailənin möhkəmliyi, dayağıdır. Yaşlı insanların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından çox zəruridir. Bu mənada cəmiyyət üçün ahıl insan əvəzolunmazdır. Buna görə də BMT-nin İnkişaf Proqramında ahıllar problemi hər zaman geniş yer almışdır. 2002-ci ildə İspaniyanın Madrid şəhərində ahıllar üzrə II Ümumdünya Məclisinin keçirilməsi də bunu təsdiq edir.

Azərbaycanda da bu məsələyə dövlət səviyyəsində xüsusi önəm verilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmış, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmiş, həmçinin ahılların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə bir sıra normativ-hüquqi sənədlər qəbul edilmişdir. Ulu öndərin göstərişi ilə 1993-cü ildən başlayaraq ölkəmizdə hər il Beynəlxalq Ahıllar Gününün dövlət səviyyəsində qeyd olunması ahıl vətəndaşlara göstərilən diqqət və qayğının daha bir ifadəsidir.
Bu gün ahıl vətəndaşların sosial müdafiəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev­in daim diqqət mərkəzindədir. Ölkə başçısının 2006-cı il aprelin 17-də imzaladığı Sərəncam əsasında “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Pro­qramı”nın təsdiq olunması ümummilli liderin bu sahədə müəyyənləşdirdiyi siyasətin davamlı xarakter almasına stimul yaratmışdır. Son 10 ildə ölkəmizdə yaşlı insanların sosial hüquqlarının təmin olunması, maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər daha intensiv xarakter almışdır. Bu müddət ərzində ahılların sosial müdafiəsini gücləndirmək, onlara dövlət qayğısını artırmaq məqsədilə pensiyaların orta aylıq məbləği 9,2 dəfə, müavinətlərin məbləği isə 3 dəfə artırılmışdır.
Cəmiyyət inkişaf etdikcə müasir dövrün tələbləri ilə səsləşən, ayrı-ayrı sosial məsələlərin həllinə yeni hüquqi imkanlar yaradan qanunlar qəbul edilir. 2011-ci il dekabrın 30-da qəbul edilmiş “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahılların sosial müdafiəsinin daha da gücləndirilməsinə hesablanmışdır.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da sosial-iqtisadi sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ahıl vətəndaşlara göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmiş, onların sağlam həyat tərzində yaşamaları, eyni zamanda cəmiyyətin həyatında fəal iştirakları üçün hərtərəfli şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Pro­qramı”nın icrası ahıl şəxslərin sosial müdafiəsini gücləndirmişdir. Son 10 ildə muxtar respublikada yaşayan 1941-1945-ci illər müharibəsinin iştirakçısı olan 105 ahıl minik maşını ilə, habelə 1061 ahıl protez-ortopediya məmulatları və texniki reabilitasiya vasitələrilə təmin edilmişdir.
Muxtar respublikada yaşayan tənha ahılların hər biri haqqında məlumat bazası yaradılmış, onların sağlamlıqlarının qorunması və tibbi reabilitasiyası təmin olunmuşdur. 2014-cü ilin 9 ayı ərzində 21 ahıl Naxçıvan Əlillərin Bərpa Mərkəzində müalicə olunmuş, 8 ahıl respublikamızın sanatoriya və pansionatlarında müalicə olunmaları üçün göndərişlərlə təmin edilmiş, 31 ahıla səyyar protez-ortopediya xidməti göstərilmişdir. Hazırda tənha yaşayan və hərəkət qabiliyyəti məhdudlaşmış 524 ahıl vətəndaşa Əhalinin Sosial Müdafiəsi mərkəzləri tərəfindən evlərində sosial-məişət xidməti göstərilir.
Ahıllar evinin fəaliyyətinin təşkili tənha ahıllara göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Hazırda 16 ahılın yaşadığı Ahıllar evində sakinlərin rahat yaşaması üçün hər cür məişət şəraiti yaradılıb. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyasının həkimləri mütəmadi olaraq Ahıllar evinə gedərək sakinləri müayinədən keçirir, müalicələrinə köməklik göstərirlər. Ahıl vətəndaşlarımız əlamətdar günlərdə də yaddan çıxmır, Ahıllar evinin sakinləri ilə görüşlər təşkil olunur, onlara sovqatlar təqdim edilir.
Bu tədbirlərin davamı olaraq, Beynəlxalq Ahıllar Günü münasibətilə muxtar respublikamızda ahılların iştirakı ilə silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, sosial xidmət göstərilən ahılların “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini ziyarəti, Ahıllar evi sakinlərinin Naxçıvan şəhərində gəzintiləri, tənha ahıllarla görüşlər təşkil edilmiş, ümumilikdə, 524 şəxsə sovqat təqdim olunmuşdur.
Ahılların əl işlərinin satışının təşkili onların məşğulluğunun təmin edilməsinə, maddi təminatlarının yaxşılaşmasına xidmət edir. Ahıllar arasında yaradıcılıq müsabiqələri, əl işlərindən ibarət sərgilər, stolüstü oyunlar üzrə yarışlar təşkil olunur. 100 yaşı tamam olanların yubileylərinin, habelə ahıl ailələrin evliliklərinin 50-ci, 60-cı ildönümlərinin qeyd olunması muxtar respublikada ahıl vətəndaşlara göstərilən davamlı dövlət qayğısından xəbər verir.
Yaşlı nəslə qayğı milli mənəviyyatımızın bir parçasıdır. Buna görə də ölkəmizdə ahıllara həmişə xüsusi diqqət göstərilir, onların sosial müdafiəsi gücləndirilir. Ahıl vətəndaşların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən bu tədbirlər onların sosial rifahının daha da yaxşılaşmasına xidmət edir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR