Muxtar respublikamızda ahıllara göstərilən dövlət qayğısı günbəgün artır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada ahıllara müxtəlif sosial xidmətlər göstərilir, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə nazirlik tərəfindən təşkil edilən silsilə tədbirlər bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.
Əhalinin Sosial Müdafiəsi mərkəzləri tərəfindən sosial xidmət göstərilən 33 tənha ahılın muxtar respublikamızın müqəddəs yerlərindən sayılan “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə ziyarəti təşkil edilib.
Əshabi-Kəhfi ziyarət edən tənha ahıllara qurban payları təqdim olunub, həmçinin onlar üçün çay süfrəsi açılıb.
Ziyarətgahdan xoş ovqatla ayrılan ahıllar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti