Hər bir xalqın firavan gələcəyinin qurucuları uşaqlardır. Məhz buna görə də müasir dövrdə hər bir dövlətin qarşıya qoyduğu ali məqsəd yeni nəsli gələcəyə sağlam əqidə koordinatlarında bilikli, təhsilli hazırlamaqdır. Təcrübə göstərir ki, uşaqların hərtərəfli inkişafına xidmət edən siyasət yürüdən, mövcud potensialı bu yöndə səmərəli şəkildə səfərbər edən ölkələr milli tərəqqiyə nail olur və dünya arenasında özünə layiq yer tuturlar. Naxçıvan Muxtar Respublikası da öz gələcək inkişafını təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır, mövcud resurslarını yeni nəslin sağlam inkişafı müstəvisində qurur.
Uşaqların iqtisadi cəhətdən inkişaf etmiş bir regionda böyüdülməsi, həyati ehtiyaclarının lazımi qaydada ödənilməsi onların inkişafının vacib şərtidir. Əlbəttə, bunun üçün insanların maddi rifah halının yüksəldilməsi gərəkdir. Muxtar respublikada sosial, iqtisadi və kommunal infrastrukturun inkişafının təmin edilməsi, əhalinin mənzil təminatında irəliləyişə nail olunması, əmək bazarında səmərəli tənzimləmə mexanizminin yaradılması, məşğulluq probleminin aradan qaldırılması, kənd yerlərində yaşayan əhalinin kənd təsərrüfatını inkişaf etdirməsi üçün onlara lazımi maddi və texniki köməkliyin göstərilməsi əhalinin gəlirlərinin yüksəlməsi ilə nəticələnmişdir. Son 19 ildə muxtar respublika əhalisinin gəlirlərinə nəzər salsaq, dəfələrlə artım müşahidə etmiş olarıq. Təkcə cari ilin yanvar-avqust aylarında muxtar respublikada əhalinin gəlirləri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 1 milyard 92 milyon 215 min manatdan çox olmuş, onun hər bir nəfərə düşən həcmi isə 1,5 faiz yüksələrək 2499,6 manat təşkil etmişdir.
Ekoloji mühitin təmizliyinin sağlam uşaqların doğulmasına və onların düzgün inkişafına zəmin yaratdığı uzun zamandır ki, öz təsdiqini tapmışdır. Sağlam gələcək naminə hər ilin yaz, yay və payız fəsillərində iməciliklərin keçirilməsi ənənə halını almışdır. Keçirilən iməciliklər muxtar respublikamızın yaşıllıqlar diyarına çevrilməsində böyük rol oynamışdır. Bu təkcə təbiətin qorunması kimi başa düşünülməməlidir, eləcə də yeni nəslin təmiz ekoloji mühitdə nəfəs alması, yaşaması deməkdir. Başqa sözlə, yeni yaşıllıqların salınması xalqımızın gələcəyinə, daha sağlam nəsillərin yetişməsinə hesablanmışdır.
Uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatında iştirakını sürətləndirmək məqsədilə son 19 ildə muxtar diyarımızda mühüm tədbirlər həyata keçirilmişdir. Muxtar respublikada fəaliyyət göstərən M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Uşaq Filarmoniyası kimi mədəniyyət ocaqları, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə Mərkəzi, Şahmat Mərkəzi və onlarla digər məktəbdənkənar tərbiyə müəssisəsi uşaqların asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır. Adıçəkilən bu uşaq müəssisələrində və qeyd etmədiyimiz onlarla belə müəssisələrdə uşaq aləminə uyğun, onların bacarıq və istedadlarını inkişaf etdirə biləcək şərait yaradılmışdır.
Muxtar respublikada xüsusi istedada malik olan uşaqların aşkarlanması, onların yaradıcılığı üçün müvafiq şəraitin yaradılması dövlətimizin uşaqlar barəsində həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Bu çərçivədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq, “Gənc istedadların “Qızıl kitabı”nın yaradılması və onlara xüsusi təqaüdlərin təsis edilməsi istedadlı uşaqlara göstərilən qayğının ifadəsidir. İstedadlı uşaqlara göstərilən dövlət qayğısı öz bəhrəsini verməkdədir. Ötən il muxtar respublikanın istedadlı yeniyetməsi olan Rauf Murtuzovun Serbiya Respublikasının Novi-Sad şəhərində keçirilən məktəblilər arasında Avropa çempionatında birinci yerə layiq görülməsi buna ən yaxşı nümunədir. Bu, muxtar respublika məktəblisinin bizimlə eyni qitəni bölüşən dövlətlərin həmyaşıdları üzərində zəka, ağıl qalibiyyətidir.
Fiziki sağlamlıqlarının möhkəmləndirilməsi üçün yüzlərlə uşaq və yeniyetmə muxtar respublikada fəaliyyət göstərən 2 olimpiya-idman kompleksindən, 2 üzgüçülük hovuzundan, 9 kompleks idman qurğusundan lazımınca yararlanır, ölkədaxili və ölkədənkənar yarışlarda nailiyyətlər qazanırlar. Son illər regionumuzda keçirilən beynəlxalq yarış və turnirlər yeniyetmə idmançılarımıza stimul verir, onları böyük arenalarda qələbə qazanmağa hazırlayır. Əlbəttə, xalqın gələcək varlığı üçün fiziki cəhətdən güclü olmaq vacibdir. Uşaq və yeniyetmələrimizin fiziki sağlamlığı olduqca vacib məsələdir. Bu baxımdan idmanın inkişafına göstərilən dövlət dəstəyi və uşaqların kütləvi şəkildə idmana cəlbi alqışlanmalı olan uzaqgörənlikdir.
Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olub, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Məktəbəqədəryaşlı uşaqların uşaq bağçalarından yetərincə yararlanması, bu sahədə təhsilin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması da muxtar respublikada diqqət mərkəzindədir. Hazırda muxtar respublikada fəaliyyət göstərən 17 uşaq bağçasından 16-sı tam müasir bina ilə təmin olunmuş, müvafiq avadanlıqlar, o cümlədən oyuncaq və idman avadanlıqları, müxtəlif təlim vəsaitləri balaca fidanların istifadəsinə verilmişdir.
Sarsılmaz dövlətə və arzuolunan cəmiyyətə malik olmağın ən başlıca yollarından biri yeni nəslin təhsil səviyyəsindən çox asılıdır. Əlbəttə, peşəkar kadrların yetişdirilməsinə nail olan, milli düşüncənin formalaşmasını təşviq edən təhsil sistemi dövlətin milli maraqlarına cavab verməklə onun bütün sahələrində dayaqlarını möhkəmləndirir və nüfuzunu yüksəldir. Keyfiyyət əsaslı təhsil prinsipinin rəhbər tutulması ilə uşaqların düzgün istiqamətdə formalaşmasına hədəflənmiş tədrisin təşkilinin əhəmiyyəti böyükdür. Bu mənada muxtar respublikamızda uşaqların mükəmməl təhsil almalarına xüsusi önəm verilir. Təhsilin inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər diqqət mərkəzində saxlanılır, hər il yeni məktəb binaları inşa olunur, təhsil ocaqlarının maddi-texniki bazaları gücləndirilir, ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinə pulsuz kitablar verilir, məktəbli yarmarkaları keçirilir. Ümumtəhsil məktəblərində 84 faizi internetə qoşulmaqla artıq hər 12 şagird bir kompüter dəsti ilə təmin edilmiş, 600-ə yaxın elektron lövhə quraşdırılmışdır. Bu il məktəbi yüksək qiymətlərlə bitirən məzunlardan 14-ü “Qızıl”, 13-ü isə ”Gümüş” medala layiq görülmüşdür. Ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmiş məzunlardan 1725 nəfəri tələbə adını qazanmışdır. 1995-1996-cı tədris ilində bu rəqəm 674 olmuşdur. Ali məktəblərə builki qəbul imtahanlarında 500-700 intervalında bal toplayan naxçıvanlı abituriyentlərin sayı bir qədər də artaraq 347 nəfərə çatmışdır. Müqayisə üçün bildirək ki, bu rəqəm 2004-cü ildə 67 nəfər olmuşdur. Builki qəbulun nəticələrinə görə, 231 nəfər 500-600, 88 nəfər 600-650, 28 nəfər 650-700 intervalında bal toplamışdır. Orta və yaşlı nəslin nümayəndələri yaxşı xatırlayarlar ki, ötən əsrin 90-cı illərinin əvvəllərində uçuq-sökük məktəb binalarında uşaqları ruhlandıran, təhsilə bağlayan amil tapılmırdı. Ancaq indi təhsil almaq, daha yaxşı oxumaq və nəticələr əldə etmək uğrunda uşaqlar arasında rəqabət var, mübarizə və əzmkarlıq istəyi var. Bu gün ucqar dağ kəndləri və sərhəd yaşayış məntəqələri məktəblərinin yuxarı sinif şagirdləri ali təhsil almaq üçün onlarla universitetin təhsil mexanizmini əzbər bilir, seçim edir, bir sözlə, gələcəyini düşünür. Halbuki 90-cı illərin əvvəllərində bu məktəblərin şagirdləri heç ali təhsil haqqında düşünmürdülər. Daha doğrusu, şərait və ağır yaşayış buna imkan vermirdi.
Yeni təhsil obyektlərinin inşası prosesinin yüksək dinamikası, müasir çağırışlara uyğun maddi-texniki bazanın təkmilləşdirilməsi, qazanılan nailiyyətlər muxtar respublikanın gələcəyi ilə bağlı əsaslı fikir söyləməyə imkan verir, yeni nəsli əsl insan kapitalı nəsli kimi xarakterizə etməyə heç bir şübhə yeri qoymur.
Muxtar respublikada iqtisadiyyatın sürətli inkişafı, sosial sahələrə diqqətin artırılması, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər nəticəsində yeni iş yerlərinin açılması, adambaşına düşən gəlirlərin ilbəil artması əhalinin, o cümlədən hər bir ailənin sosial vəziyyətinin yaxşılaşmasına zəmin yaratmışdır. Qeyd olunanlar dövlət uşaq müəssisələrində dövlət himayəsində təhsil və təlim-tərbiyə alan uşaqların bu müəssisələrə düşməsinin qarşısının alınmasına, ailə mühitində inkişafının təmin edilməsinə geniş imkanlar yaradır. Sevindirici haldır ki, muxtar respublikada dövlət uşaq müəssisələrində atılmış uşaq yoxdur; hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar yaxın qohumlarının himayə və qəyyumluğunda yaşayırlar. Bu kateqoriyadan olan uşaqlara ictimai diqqətin artırılması məqsədilə onlar haqqında məlumatlar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi internet saytına yerləşdirilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hər dərs ilinin başlanğıcında aztəminatlı ailələrin uşaqlarına, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara, eləcə də ümumtəhsil müəssisələrində tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlara pulsuz məktəbli geyimləri və ləvazimatları verilir.
Muxtar respublikada uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, onların cəmiyyətə inteqrasiyası, təhsili sahəsində dövlət siyasəti bu uşaqların ehtiyaclarının ödənilməsi üçün iqtisadi, sosial şəraitin yaradılmasında ifadə olunur və müvafiq dövlət proqramları vasitəsilə həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasında fundament olan təhsil almalarına xidmət edir.
Proqramın icrası ilə bağlı təkcə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ötən dövr ərzində 988 sağlamlıq imkanları məhdud uşağın valideynləri ilə əlaqə yaradılaraq maarifləndirici söhbətlər aparılmış, bu uşaqlardan 18 nəfər uşaq bağçalarına, 8 nəfər Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, 37 nəfər ümumtəhsil məktəblərinə (35-i I sinfə), 11 nəfər idman və şahmat məktəblərinə, 8 nəfər uşaq musiqi məktəblərinə, 5 nəfər məktəbdənkənar müəssisələrin dərnəklərinə, 7 nəfər Naxçıvan Uşaq Bərpa Mərkəzinə və 4 nəfər Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə cəlb olunmuşdur.
Ümumilikdə isə muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində 61, uşaq musiqi məktəblərində 53, məktəbdənkənar müəssisələrin dərnəklərində 52, idman məktəblərində 46, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində isə 13 sağlamlıq imkanları məhdud uşaq vardır.
Bütün uşaqlar kimi, sağlamlıq imkanları məhdud uşaqların da hərtərəfli inkişafı, cəmiyyətə adaptasiya və inteqrasiyası üçün müasir infrastruktur yaradılmışdır. Uşaq Bərpa Mərkəzi, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi hər bir sağlamlıq imkanları məhdud uşaq üçün əlçatandır. Hələ bir neçə il bundan öncə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Azərbaycanda ilk dəfə olaraq xüsusi proqram təminatı əsasında gözdən əlil, görmə qabiliyyəti zəif və eşitmə qabiliyyəti məhdud olan uşaqlar üçün audiokitabxana və elektron kitabxana xidmətləri yaradılmış, yeni dərs ilindən Distant Tədris Mərkəzinin fəaliyyəti təmin edilmiş, müvafiq uşaqlar bu təhsil sisteminə cəlb olunmuşlar.
Bu yaxınlarda muxtar respublikanın sosial-iqtisadi inkişafının yeni mərhələdə davam etdirilməsinə stimul verən daha bir fərman imzalandı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ında konkret olaraq, qarşıdakı illərdə təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri işlərinin, tədris müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının yaxşılaşdırılmasının davam etdirilməsi, xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin yaxşılaşdırılması, uşaqların sağlamlıqlarının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili üçün müvafiq şəraitin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi müəyyənləşdirilmişdir.
Sadalanan faktlar, göstərilən nəticələr bir daha sübut edir ki, Naxçıvan Muxtar Respublikasında uşaqların mənəvi, psixoloji, sosial, fiziki inkişafına yönəlmiş məntiqli prinsiplərə əsaslanan, xeyirxah məqsədlərə bağlanan dövlət siyasəti xalqımızı daha firavan gələcəyə qovuşduracaqdır. Dövlətimizlə paralel hər birimizin borcudur ki, belə nəcib bir fəaliyyət yolunda öz səylərimizi artıraraq zəngin bilikləri ilə yanaşı, möhkəm təməllər üzərində dayanan, ənənələrimizi qoruyan, inkişaf etdirən nəsil böyüdək, cəmiyyətimizin, dövlətimizin və xalqımızın gələcəyinə fayda verək. Muxtar respublikanın son 19 ilinin qurucusu və memarı olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Uşaqlarla iş gündəlik fəaliyyət və peşəkarlıq tələb edir. Çalışmaq lazımdır ki, gələcəyimiz olan uşaqlar, ilk növbədə, xalqımıza xas olan milli dəyərlər ruhunda tərbiyə olunsunlar, təhsilli, vətənpərvər vətəndaşlar kimi yetişsinlər”.
Sahir RÜSTƏMOV
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri