Ordubad Rayon Prokurorluğu Biləv Kənd Mərkəzində maarifləndirici tədbir keçirib. Tədbiri giriş sözü ilə Biləv kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Niyazi Quliyev açıb.
Ordubad rayon prokuroru Yusif Abdullayev “Enerji ehtiyatlarından qənaətlə istifadə olunmalıdır” mövzusunda çıxış edib. Qeyd olunub ki, əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı bu gün Naxçıvan Muxtar Respublikasında prioritet vəzifələr sırasındadır. Bu baxımdan enerji ehtiyatlarının talanmasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində təsirli tədbirlərin görülməsi, əhalinin hüquqi maarifləndirilməsinə diqqətin artırılması zəruridir.
Yığıncaqda təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin nümayəndəsi olmayan şəxslər tərəfindən bu şəbəkələrə qanunsuz qoşulmaqla həmin enerji resurslarına xeyli miqdarda ziyan vurularaq talanmasına görə təqsirli bilinən şəxsin 1000 manatdan 3000 manatadək məbləğində cərimə və ya 2 ilədək müddətə islah işləri ilə cəzalandırılmasının nəzərdə tutulduğu, eyni əməllərin külli miqdarda, yəni 7000 manatdan artıq məbləğdə ziyan vurulmaqla törədilməsinə görə təqsirli bilinən şəxsin daha ağır cəzalara məruz qala biləcəyi kənd sakinlərinin diqqətinə çatdırılıb.
Ordubad rayon prokurorunun köməkçisi Zamin Nəzərəliyev çıxış edərək ətraf mühitin mühafizəsi əleyhinə yönəldilmiş cinayətlər və inzibati xətalar, xüsusən balıqları və başqa su heyvanlarını qanunsuz tutma, qanunsuz ovetmə və qanunsuz ağackəsmə ilə müşayiət olunan ictimai təhlükəli əməllər haqqında, bu əməllərə görə cinayət və inzibati xətalar qanunvericiliyində nəzərdə tutulan cəzalar barədə tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Xəbərlər şöbəsi