Suyun həyat mənbəyi olması haqqında fikirlər insanlara çoxdan məlumdur. Təbiətdə olan bütün canlıların inkişafının su ilə əlaqəli olması həyatımızın sudan asılı olduğunu birmənalı olaraq sübut edir. Elm onu da sübut edir ki, insan bədəninin 80 faizi, Yer kürəsinin isə 2/3 hissəsi sudan ibarətdir. Normal şəraitdə sağlam insanın orqanizmindən gün ərzində 2-3 litr su xaric olunur. Yaşamaq üçün də orqanizmə elə o qədər su qəbul etmək lazım gəlir. Buna görə də insan orqanizmi uzun müddət ac qalmağa dözsə də, susuz qalmaq iqtidarında deyil.
Maraqlıdır ki, su bizə ana təbiət tərəfindən birbaşa, həm də kifayət qədər təqdim olunduğundandır ki, uzun zaman insanlar suya adi bir nemət kimi baxmışlar. Ancaq elmi-texniki tərəqqinin sonrakı mərhələləri, eyni zamanda qlobal təbiət hadisələri son dövrlərdə təmiz suya olan ehtiyacı çoxaltmaqla bərabər, su haqqında elmi araşdırmalara olan marağı da artırmış, nəticədə, suyun adi olduğu qədər mürəkkəb və möcüzəli bir təbiət neməti olduğunu ortaya qoymuşdur. Maraqlılığını nəzərə alıb suyun bəzi xüsusiyyətlərini oxucularımızla bölüşmək istərdik.
Əvvəlcə onu xatırladaq ki, suyun yaranması elə ana təbiətin yaranması ilə eyni vaxta təsadüf edir. Lakin bu “yaranma prosesi” dünya yarandıqdan bəri davam edir: yağış yağır, kəhrizlər, çeşmələr qaynayır, çaylar axır və sair. Bu prosesdə su buxara dönərək buludlara çevrilir və yenidən qar, dolu, yağış halında təbiətin özünə qayıdır.
Elmi ədəbiyyatda, həmçinin folklorumuzda su, sadəcə, bir nemət kimi deyil, həm də müqəddəsliyi ilə ön planda göstərilir. Su elə bir sehrli nemətdir ki, onun sirləri hələ də elmə məlum deyil. Yeganə nemətdir ki, üç halda – bərk, maye və buxar şəklində mövcudluğunu sürdürür. Suyun müqəddəsliyi özünü yuxularımızda da göstərir. Yuxuyozan alimlər belə qənaətə gəlirlər ki, yuxuda su görmək xoş bir həyata və gözəl bir ruziyə şərh olunar. Saf bir suya atladığını görən kimsə, tez sevincə çatar. Və yaxud uzaq səfərə gedən kimsənin arxasından su atılarsa, yolu aydınlıq olar.
Müasir tibdə, eyni zamanda təbabət aləmində suyun insan orqanizmi üçün böyük faydalarından bəhs olunur. Sağlam bir həyat yaşamaq üçün bütün həkimlərin tövsiyəsi çoxlu su içməkdir. Qan təzyiqinin aşağı olması, əsəb pozuntusu, başağrısı və digər bu kimi rahatsızlıqları su vasitəsilə müxtəlif şəkildə aradan qaldırmaq olar. Ümumiyyətlə, mütəxəssislər hər səhər oyanan kimi bir stəkan ilıq su içməyi məsləhət görürlər. Bundan əlavə, halsızlıq kimi xəstəliklərə, əsəblərin sakitləşməsinə su şırıltısı böyük müalicəvi təsir göstərir.
Yuxarıda qeyd olunan tərəfləri ilə yanaşı, su həm də möcüzəvi xüsusiyyətləri ilə seçilir. Su iki hidrogen və bir oksigen atomunun birləşməsi nəticəsində yaranan molekuldur. Təbiətdə oksigen və hidrogen atomlarına çox miqdarda rast gəlinir. Amma bunlar heç zaman bir anda bir-birlərinə bağlanaraq suyu meydana gətirməzlər. Hidrogen yanar qaz, oksigen isə yanmanı sürətləndirən qazdır. Amma çox maraqlıdır ki, hidrogen və oksigen birləşir, nəticədə, su əmələ gəlir. Bu da yanğını söndürür. Həyat üçün ən böyük ehtiyac olan su insanlara Allah tərəfindən hazır olaraq təqdim edilmişdir.
Bəli, milyard illər bundan əvvəl dünyada var olan su bu gün hələ də var. Planetimizin böyük hissəsi su ilə örtülüdür, ancaq 3 faizi təmiz və içilə bilən sulardır. Əlbəttə, təbiətdə bu qədər böyük həcmə malik olan su ehtiyatından cəmi 3 faizinin içmək üçün yararlı olması düşündürücü məsələdir. Dünyada elə ölkələr var ki, içmək üçün təmiz suya böyük ehtiyac duyur. Elə ölkələr də var ki, kifayət qədər su mənbələrinə malik olsa da, bu suyun təmizlənməsinə böyük vəsaitlər xərclənir. Bəzən bu vəsaitlərin xərclənməsi əhalinin öz üzərinə düşür. Kütləvi şəkildə evlərdə quraşdırılan sutəmizləyici məişət qurğularının alınmasından tutmuş bu qurğuların istifadəsi zamanı sərf olunan enerji xərclərinə qədər milyonlarla pul xərclənir. Yəni demək istədiyimiz odur ki, müasir dünyada insanların içməli suya olan ehtiyacını təmin etmək o qədər də asan məsələ deyil. Və nəinki asan deyil, hətta son dövrlərdə qlobal bir problemə çevrilib. Məhz belə bir vəziyyətdə muxtar respublikada bu istiqamətdə atılan addımlar öz əhəmiyyətini bir daha ortaya qoyur. Son dövrlərdə xeyli sayda tarixi kəhrizlərin əsaslı şəkildə təmir olunaraq əhalinin istifadəsinə verilməsi, müxtəlif su mənbələrinin dövlət vəsaiti hesabına bərpası, yaşayış məntəqələrinə yeni su xətlərinin çəkilməsi, istismar müddəti bitmiş xətlərin dəyişdirilərək yenilənməsi və hazırda da davam etdirilən bu işlər həyata keçirilən tədbirlərin miqyasından xəbər verir.
2014-cü il aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də açılış mərasimində iştirak etdiyi Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi isə xüsusi əhəmiyyəti ilə seçilir. Mövcud mənbələrdən istifadə olunaraq əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsində böyük rol oynayan bu hidroobyekt 90 minə yaxın sakinin yaşadığı Naxçıvan şəhərini və burada yerləşən sənaye obyektlərini fasiləsiz olaraq təmiz su ilə təmin etmək üçün nəzərdə tutulub. Kompleksdə müasir avadanlıqların quraşdırılması, eyni zamanda təmizləmə prosesində xammal kimi ozon və duzdan istifadə olunması suyun insan sağlamlığı üçün yararlılığına tam zəmanət verir. Sutəmizləyici qurğuda bütün iş prosesinin avtomatik olaraq tənzimlənməsi sistemin etibarlılığını və davamlılığını təmin edir. Avtomatik idarəetmə sisteminə malik olan kompleksdə suyun təmizlənməsi üçün yeni nanosüzgəcli qurğudan istifadə olunur ki, bu süzgəc suyun mineral tərkibini saxlamaqla digər zərərli mikrobları tutub saxlayır. Ənənəvi xlorlama üsulunu tarixin yaddaşına göndərən yeni kompleks hələ uzun illər Naxçıvan şəhərinin əhalisinə xidmət göstərəcək, əhalinin içməli suya olan tələbatını ödəyəcəkdir.
Əslində, kompleksin işi haqqında məlumatları bu yazıda xatırlatmamaq və yaxud içməli su təminatı ilə bağlı görülən işləri, sadəcə, rəqəmlərin dili ilə də şərh etmək olardı. Ancaq fikrimizcə, görülən işlərin mahiyyətinə bir daha varmaq, bunun da nəticəsində təbiətin ən gözəl sərvəti olan suya münasibətimizi müsbət mənada dəyişmək hər birimizin borcudur. 50-60 il bundan əvvəl nə belə kompleks yaratmaq mümkün idi, nə də buna ehtiyac var idi. Amma qlobal proseslər ən böyük sərvətlərin belə, azalmayacağına və ya tükənməyəcəyinə zəmanət vermir. Bu gün içməli suya xərclənən dövlət vəsaiti sağlamlığımıza qoyulan investisiya kimi dəyərləndirilməlidir. Unutmayaq ki, muxtar respublikada kütləvi şəkildə yaşıllıqların yaradılması, içməli su mənbələrinin yenidən qurulması, təmizliyin qorunması kimi tədbirlərin mahiyyətində dərin və mənəvi bir məqsəd dayanır: insanların sağlamlığını təmin etmək! Çünki sağlam insanın sağlam da gələcəyi olar.
P.S. Bəli, su həyat mənbəyi deyil, elə həyatın özüdür. Harada su varsa, deməli, orada həyat var, insan var. Ancaq bəzən mürəkkəb təfəkkürə malik insan mövcud həyatda suyun qiymətini bilməsə də, uzaq planetlərdə həyatın mövcudluğunu bilmək üçün su da axtarır.
Səbuhi HƏSƏNOV