Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar muxtar respublikamızda müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, Naxçıvan Uşaq Bərpa Mərkəzində multisensorlu terapiya otağı yaradılıb.
Qeyd edək ki, serebral iflici diaqnozu olan, autizm sindromlu, hiperaktiv uşaqların reabilitasiyasında (orqanizmin itirilmiş funksiyalarının bərpa edilməsində) multisensorlu terapiya əsas vasitədir. Bu otaq müxtəlif psixo-nevroloji problemləri, autizm, adaptasiya pozğunluğu, həmçinin uşaq serebral iflici, hərəkət məhdudiyyətliliyi, nitq qüsurları kimi problemləri olan uşaqlar üçün nəzərdə tutulub. Burada reabilitasiya seansları sağlamlıq imkanları məhdud uşaqların psixoemosional vəziyyətinin yaxşılaşmasına, onların narahatlıq və aqressiyasının azalmasına, qorxu və sinir gərginliyinin aradan götürülməsinə, həmçinin psixoloq və uşaq arasında ünsiyyətin yaradılmasına köməklik edir. Bu müalicə üsulu mərkəzi sinir sisteminin fəaliyyətini aktivləşdirir, sensor funksiyaların (eşitmə, hissetmə, qoxubilmə və sair) stimulyasiyasına kömək edir. Bu korreksiya metodu uşaqların psixi inkişafına müsbət təsir göstərərək onlarda yaddaş və qavrama qabiliyyətini gücləndirir, uşaqların diqqətinin artması nəticəsində hiperaktivlikləri azalır.
Naxçıvan Uşaq Bərpa Mərkəzinin baş həkimi Şəhla Əhmədovanın verdiyi məlumata görə, bu otağın yaradılmasında məqsəd sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasını sürətləndirməklə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Baş həkim onu da bildirdi ki, sensor otaqda, əsasən, sakitləşdirici və fəallaşdırıcı məşğələlər təşkil edilir. Müalicə kursunun davametmə müddəti fasiləsiz 2-3 həftədir. İlk iki seans 10 dəqiqədən artıq olmayacaq.
Qeyd edək ki, otaq uşaqlarda müsbət emosional fon yaranmasına kömək edən əyləncəli formada qurulub. Belə ki, divar və döşəməyə quraşdırılan yumşaq panellər rəngli işıq lampaları olan ulduzlu tavan ilə əhatə olunub. Otaqda yumşaq kürəciklərdən ibarət kiçik şəffaf toplarla dolu “hovuz”, eyni zamanda uşaqlarda xoş duyğular yaratmaq məqsədilə divara hərəkətli şəkillər salan proyektor, kiçik musiqi mərkəzi, neon iplər, müxtəlif növ rəngli fiber-optik işıqlar, ətirli qoxular yayan qoxu generatoru və terapiya yelləncəyi vardır.
Bu qəbildən olan uşaqların valideynləri yaradılan belə şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildirdilər.
Sara ƏZİMOVA