Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamla təsdiq etdiyi “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikamızda ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Həyata keçirilən kompleks tədbirlər heyvandarlığın inkişafına da geniş imkanlar açmışdır. Muxtar respublikamızda həm əhalinin, həm də emal müəssisələrinin ət və süd məhsulları ilə təmin edilməsi istiqamətində müsbət dinamika mal-qaranın baş sayının və heyvandarlıq məhsulları istehsalının həcminin artırılmasında da müşahidə olunmuşdur.
Müqayisə üçün qeyd edək ki, 1 oktyabr 1996-cı il tarixə muxtar respublikamızın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 48 min 707, qoyun və keçilərin sayı isə 245 min 757 baş olmuşdursa, 1 oktyabr 2013-cü il tarixə muxtar respublikamızın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 108 min 118 baş, qoyun və keçilərin sayı isə 657 min 97 başa çatdırılmışdır. Təbii ki, bu zaman sağlam təsərrüfatların qorunub saxlanılması və daxili bazarın keyfiyyətli ət-süd məhsulları ilə təmin olunmasında baytarlıq xidməti əməkdaşlarının da üzərinə böyük iş düşür. Çünki ev şəraitində bəslənən heyvan və quşların sağlamlığına nəzarət bilavasitə bu dövlət qurumu tərəfindən həyata keçirilir. Eyni zamanda bazarda satışa çıxarılan və ərzaq zənbilimizin əsasını təşkil edən məhsulların – süd, ət və ət məhsullarının, həmçinin yumurtanın satış üçün yararlı olub-olmamasına cavabdehliyi də məhz baytarlıq xidmətinin əməkdaşları daşıyırlar. Bəs sağlam təsərrüfatların qorunub saxlanılması və daxili bazarın keyfiyyətli ət, süd və süd məhsulları ilə təmin olunması istiqamətində hansı işlər görülür? Bu və ya digər suallara cavab tapmaq üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilova müraciət etdik.
Müsahibim qeyd etdi ki, son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin bir hissəsini də baytarlıq xidmətinin daha da yaxşılaşdırılması məqsədilə görülən işlər təşkil edir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin, Elmi-Tədqiqat Baytarlıq Mərkəzinin binaları və Xüsusi təhlükəli xəstəliklərin diaqnostik müayinəsi laboratoriyası yenidən qurulmuş, laboratoriyada müayinələrin aparılması üçün yeni şöbə yaradılmış və müasir avadanlıqlarla təmin edilmişdir. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrində baytarlıq ixtisası üzrə təhsil alan tələbələrin təcrübə keçmələri üçün tədris mərkəzi kompüter dəstləri və hər cür avadanlıqlarla təmin edilərək istifadəyə verilmişdir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Baytarlıq Laboratoriyası əsaslı təmir olunmuş, dərman, biopreparatların saxlanılması üçün yeni bina inşa edilmiş, burada müasir soyuducu kameralar quraşdırılmışdır. Şərur, Babək və Sədərək rayonlarında Baytarlıq idarələri və laboratoriyaları üçün müasir tələblərə cavab verən yeni binalar tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmiş, şəhər və rayon Baytarlıq idarələri və mərkəzi laboratoriya müasir cihaz və avadanlıqlarla təmin olunmuşdur. Ümumilikdə, son illər 91 yeni infrastruktur obyekti inşa olunaraq istifadəyə verilmişdir. Cari ildə də bu istiqamətdə işlər uğurla davam etdirilir.
Ümumilikdə, muxtar respublikamızda Dövlət Baytarlıq Xidməti, Elmi-Tədqiqat Baytarlıq Mərkəzi, 8 rayon və şəhər Baytarlıq İdarəsi və laboratoriyası, 168 sahə baytarlıq məntəqəsi, 9 baytar sanitar ekspertiza laboratoriyası fəaliyyət göstərir. Regionda baytarlıq xidmətinin daha da yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir, baytarlıq tədbirlərinin vaxtında və mütəşəkkil aparılması üçün dövlət vəsaiti hesabına dərman preparatları alınaraq muxtar respublikaya gətirilir. Dərman preparatları soyuducu kameralarda müəyyən olunmuş temperaturda saxlanılır, “soyuq zəncir” prinsipinə əməl edilməklə xüsusi maşınlar vasitəsilə Baytarlıq idarələrinə çatdırılır. Onu da qeyd edək ki, son illər 7 ədəd dezinfeksiya avtomaşını və 3 ədəd “Niva” markalı minik avtomobili baytarlıq xidməti əməkdaşlarının istifadəsinə verilmişdir. Bir sözlə, onların nümunəvi xidmət göstərmələri üçün normal iş şəraiti yaradılmışdır. Məqsəd muxtar respublika üzrə epizootik sabitliyi saxlamaqdan, peyvəndləmələrin, baytarlıq diaqnostika müayinələrinin, digər tədbirlərin vaxtında və səmərəli həyata keçirilməsindən ibarətdir.
Heyvandarlıq sahəsində inkişaf meyillərinin və epizootik sabitliyin saxlanılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilmiş, heyvanlarda və quşlarda baş verə biləcək xəstəliklərin qarşısının alınması məqsədilə təsdiq edilmiş epizootik tədbirlər planına uyğun olaraq, cari ilin ilk 8 ayında 42 min 284 baş qaramalda emkar, 80 min 113 baş davarda bradzot, 108 min 907 baş qaramalda və 513 min 405 baş davarda qarayara, 288 min 109 baş davarda dabaq, 445 min 662 baş quşda və 20 min cücədə taun xəstəliyinə qarşı profilaktik peyvəndləmə işləri aparılmışdır. Eyni zamanda epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq, muxtar respublika üzrə ayrı-ayrı yaşayış məntəqələrində, ümumilikdə, 9 min 806 obyektdə 872 min 682 kvadratmetr sahədə dezinfeksiya işləri həyata keçirilmişdir. Baytarlıq idarələrindəki epizootik tədbirlər planına əsasən, təsərrüfatlar daim nəzarətdə saxlanılmış, baytarlıq laboratoriyalarında mal-qara və ev quşlarında helmitlərlə yoluxma dərəcəsini müəyyən etmək üçün 237 min 573 ədəd parazitar analizi aparılmış və əhalinin sağlam heyvandarlıq məhsulları ilə təmin edilməsi üçün ekspertiza laboratoriyalarında və bakterioloji laboratoriyalarda 5 min 409 ədəd patoloji nümunələr infeksion xəstəliklərə görə bakterioloji müayinələrdən keçirilmişdir. Ümumiyyətlə, həyata keçirilən profilaktik tədbirlər öz bəhrəsini vermiş, regionda mal-qara arasında nə kütləvi, nə də sporadik hallarda hər hansı bir infeksion xəstəliyə rast gəlinməmişdir. Həmçinin hər bir rayondakı, eləcə də Naxçıvan şəhərindəki bazarlara daim nəzarət edilir. Belə ki, ət və ət məhsulları, quş əti, yumurta baytar sanitar ekspertiza laboratoriyalarında müayinədən keçirildikdən sonra satışa çıxarılır. Bununla da, bazarlara keyfiyyətsiz ət və ət məhsullarının, o cümlədən digər qida məhsullarının yol tapmasının qarşısı alınır.
Əbil Əbilov dedi ki, ölkəmizdə, o cümlədən muxtar respublikamızda yüksək məhsuldar cinslərin yetişdirilməsi, daxili bazarın keyfiyyətli ət və süd məhsulları ilə təmin edilməsi istiqamətində də kompleks tədbirlər həyata keçirilmiş, Almaniya, Avstriya, Türkiyə və İran İslam Respublikasından 94 baş şvis, 403 baş simmental, 1181 baş holşteyn friz cinsi olmaqla, ümumilikdə, 1678 baş damazlıq düyə gətirilmiş, ayrı-ayrı rayonlarda heyvandarlıqla məşğul olan sahibkarlara lizinq yolu ilə verilmişdir.
Yüksək məhsuldarlığı ilə seçilən cins düyələr ildə orta hesabla 5-6 min, ən yüksək məhsul verəni isə 16-18 min kiloqram süd verir. Südün yağlılığı 3,6 faiz olur. Bu cinsdən olan heyvanlar saxlama və qulluq şəraitinə çox həssasdırlar. Bu məqsədlə hazırlanmış xüsusi tövsiyələrdən ibarət kitabçalar heyvandarlıqla məşğul olan sahibkarlara paylanılmışdır.
Heyvanlar arasında cins tərkibin yaxşılaşdırılması, daha məhsuldar ətlik və südlük cinslərin yetişdirilməsi təkcə xaricdən gətirilən mal-qara ilə məhdudlaşmır. Son illər süni mayalanma işinin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilmiş, regionumuzda fəaliyyət göstərən 19 süni mayalanma məntəqəsi lazımi avadanlıq və dərman preparatları ilə təmin edilmişdir. Süni mayalanma texniklərinin hazırlanması üçün 28 nəfər texnik kurslara cəlb olunmuş, hər bir nəfər süni mayalanma texniki sertifikatı ilə təmin edilmişdir. Hazırda kurs davam etdirilir. Ümumilikdə, texniklərə 17 motosiklet və 28 süni mayalanma avadanlığı verilmişdir. Cari ilin 8 ayında 5164 baş mal-qarada süni mayalanma aparılmış, əvvəlki ildə mal-qaradan 4197 baş sağlam bala alınmışdır.
Onu da qeyd edək ki, müxtəlif viruslar ilə əlaqədar olaraq, sərhəd rayonlarının baytar həkimləri dövlət strukturlarının əməkdaşları ilə birgə mütəmadi olaraq monitorinqlər keçirirlər.
Kərəm HƏSƏNOV