22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Şəhər Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində tikintiyə dair ümumi tələblər, həmçinin enerji resurslarından səmərəli istifadə ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açmış, tədbirin mahiyyəti barədə iştirakçılara məlumat vermişdir.
Naxçıvan şəhər prokurorunun müavini, I dərəcəli hüquqşünas Qalib İsmayılov “Tikintiyə dair ümumi tələblər” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 29 iyun 2012-ci il tarixli Qanunla təsdiq edilmiş və 2013-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Həmin məcəllənin şəhərsalma və tikinti qanunvericiliyinin təyinatı adlanan 1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
“Məcəllənin 79-cu və 80-ci maddələrində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin tikintisinin aparılması qaydaları və tikintiyə başlamaq üçün məlumatlandırma icra­atının qaydaları öz əksini tapmışdır”, – deyən Qalib İsmayılov qanunun ayrı-ayrı maddələri barədə sakinlərə ətraflı məlumat vermişdir.

Vurğulanmışdır ki, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin tikintisinin aparılması üçün adıçəkilən məcəllənin 80-ci maddəsində məlumatlandırma icraatının qaydası nəzərdə tutulmuşdur. Belə ki, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.
Məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 3 ay ərzində tikinti layihəsinə irad olmadıqda, yerli icra hakimiyyəti orqanı həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına – Fövqəladə Hallar Nazirliyinə məlumat verməlidir.
Sonra Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Rzayev “Enerji resurslarının talanması məsuliyyətə səbəb olur” mövzusunda çıxış etmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR