22 Dekabr 2024, Bazar

Cəmiyyətin idarəetmə mexanizmləri arasında, şübhəsiz, inzibati və məcburetmə vasitələrindən daha çox sosial imperativlər üzərində formalaşaraq, illərlə insanların yaddaşında və mədəniyyətində möhkəmlənən adət-ənənələrin gücündən istifadənin mühüm rolu vardır. Bu baxımdan işini ehtiyatlı tutub riskli hadisələrə qarşı özünü sığortalamaq inkişaf etmiş cəmiyyətlərdə insanların elə bir tələbatı halına gəlmişdir ki, buna, sözün əsl mənasında, sığorta ənənəsi də demək olar. İnsanların bir fond formalaşdıraraq bədbəxt hadisələrin vurduğu maddi zərərlərə qarşı hazırlıqlı olması hələ yüz illər öncəsindən, qədim dövrlərdə inkişaf edən, sonra isə bütün dünyaya yayılan mədəniyyət kimi artıq bir ənənə halını almışdır. 

 İnsan psixologiyası, onun maraq, mənafeləri üzərində qurulmuş davranışları kifayət qədər mürəkkəbdir və onlara diqqətlə yanaşanda bir-birindən fərqli təzahürlər müşahidə olunmaqdadır. Risklərə, onların vurduğu maddi zərərlərə qarşı ehtiyatlı olmaqla sığortalanmağın digər bir tələbatla, məsələn, soyuq havada yola çıxarkən isti geyim qayğısına qalmaqla ilk baxışda oxşar cəhətləri olmasa da, onların hər ikisinin məzmunu gözlənilməz hadisələrə qarşı hazırlıqlı olmaqdan ibarətdir. Əgər birinci halda tamamilə təsadüfi, çətin proqnoz edilən hadisələrə qarşı hazırlıqlı olmaqdan söhbət gedirsə, ikinci halda görülən ehtiyat tədbirləri insanların həyat tərzində, şüurunda möhkəmlənmiş hadisəyə əvvəlcədən hazırlıq kimi bir adət formasını almışdır. Heç kim kiçik bir unutqanlıq nəticəsində özünə və ailə üzvlərinə dəyə biləcək zərərləri düşünmək belə istəmir. Amma halbuki dünyada hər gün izlədiyimiz xəbərlərdə kifayət qədər sayda təbii və texnogen xarakterli hadisələrə rast gəlinir ki, bunların da nəticəsində insanlara külli miqdarda maddi zərərlər dəyir. Bu isə, öz növbəsində, cəmiyyətdə sığorta olunmağa qarşı daha həssas bir münasibət formalaşmasına gətirib çıxarır. Məhz bu həssas münasibətin nəticəsidir ki, bu gün inkişaf etmiş cəmiyyətlərdə nəinki avtomobil, yaxud daşınmaz əmlak sahibi öz mülki məsuliyyətinin sığortasını təxirə salmır, hətta birgünlük avtobus və ya qatarla səyahətin və ya iki saatlıq bir tədbirdə iştirak edən mütəxəssisin sığorta müqaviləsi olmadıqda buna rəğbətlə yanaşılmır. Çünki ilk baxışda çox sadə görünən, ancaq qəfil bir hadisənin, məsələn, güclü külək nəticəsində hansı bədbəxt hadisələr baş verə biləcəyini kim deyə bilər ki? Heç uzağa getməyək. Güclü külək və digər hadisələr nəticəsində üzərindən elektrik xətlərinin keçdiyi bəzi tikililərdə qəfildən baş verə biləcək bir hadisənin nəticəsini təsəvvür etmək çətin deyil. Ona görə də sığorta ənənəsi dedikdə insanların daha çox ehtimalı az olan, lakin baş verməsi hər an mümkün olan təhlükələrə qarşı özünü sığortalaması və bunu gündəlik adət halına gətirməsi başa düşülür. 

Kitab və qiraət həvəskarlarına “Merfi qanunları” deyilən kitab yaxşı tanışdır. Burada maraqlı bir ifadə vardır: “Əlində dondurma yeyən uşaq heç vaxt onu süpürülməmiş döşəməyə atmaz”. Bu ifadədəki məna isə məlumdur: daşınmaz əmlakın, yaxud avtomobilin sığorta müqaviləsi müddətində heç bir hadisə baş vermədiyi halda müqavilə müddəti bitəndən bir gün deyil, hətta bir saat sonra baş verə biləcək bir hadisənin kim zəmanətçisi ola bilər ki? Ona görə də vaxtında sığorta olunmaqla, sığorta müqaviləsinin qurtardığı anda yenidən müqavilə bağlanılmasını təmin etməklə sığorta şəhadətnaməsi almağın digər vacib işlər kimi bu gündən sabaha təxirə salınması, sadə dillə desək, səhlənkarlıqdır. Ancaq halbuki sığorta şəhadətnaməsi bir çox iqtisadi münasibətlərdə rastlaşdığımız digər sənədlər, məsələn, müxtəlif etibarnamələr kimi çox vacib bir sənəddir. Bu müqavilənin də öz şərtləri vardır. Müəyyən bir kiçik ödənişlə gələcəkdə baş verə biləcək qəfil hadisələrin vurduğu maddi zərərlərin əvəzini məhz qüvvədə olan sığorta müqaviləsi şəhadətnaməsi əsasında alırıq. Bu, həmin sənədin əhəmiyyətini bir daha göstərir. Söz yox ki, digər sənədlər kimi, məsələn, müddəti bircə gün keçmiş pasportla xaricə səyahət edə bilmədiyimiz kimi, müqavilə müddəti bitmiş sığorta müqaviləsinin həmin gün yenilənməsi qayğısına qalınması da ola biləcək qəfil hadisələr qarşısında çətin vəziyyətə düşməməyə imkan verir. Çünki heç bir qəfil hadisənin gəlişini əvvəlcədən xəbər vermək mümkün deyil.
Cəmiyyətdə müsbət sığorta ənənəsini yaratmaq, onu inkişaf etdirmək üçün təkcə bir qurumun deyil, bütün insanların səyləri tələb olunur. Bunun üçün cəmiyyətimizdə formalaşmış müsbət elementlərlə zəngin olan təcrübə də vardır. Məsələn, bir çox insanlar ünsiyyətdə olduqları, yaxud yeni tanış olduqları insanların maddi imkanlarının təsdiqi kimi dərhal onun özünə məxsus olan evi, dükanı və ya bahalı avtomobili ilə maraqlanırlar. Ancaq nədənsə sığortası olmayan evin və ya avtomobilin nə zamansa ola biləcək qəfil bir hadisədən sonrakı dəyəri çox vaxt yada düşmür. Halbuki dəyəri on minlərlə manatla ölçülən daşınmaz əmlakın cəmisi 40 manat dəyərində sığortası ilə bir il müddətində onun dəyərini zəmanət altına almaq olar. Bütün qiymətli maddi aktivləri zəmanət altına almaq isə ən yaxşı sığorta ənənəsidir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR