22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə səhiyyə işçiləri üçün əmək yarmarkası keçirilib.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açaraq səhiyyə sistemində aparılan qurucu­luq işlərindən, həyata keçirilən islahatlardan danışıb. Bildirilib ki, son illər səhiyyənin inkişafında, tibbi xidmətin yüksək səviyyədə aparılmasında, tibbi kadrların hazırlanmasında müəyyən uğurlar əldə olunub. Səhiyyədə gedən islahatlar çərçivəsində əhaliyə göstərilən tibbi xidmətin gücləndirilməsi məqsədilə şəhər və rayonlarda müasir tibb avadanlıqları və texnika ilə təchiz edilmiş yeni səhiyyə müəssisələri istifadəyə verilib, fəaliyyət göstərən tibb müəssisələrində əsaslı təmir işləri aparılıb. Belə bir şəraitdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2010-cu il 7 iyul tarixli qərarı ilə təsdiqlənmiş “2010-2014-cü illər üçün Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrində tibbi kadr təminatı üzrə İnkişaf Proqramı” xüsusi əhəmiyyət kəsb edir və kadr probleminin həllində, eləcə də qarşıya qoyulmuş məqsədlərə nail olmaqda tam istiqamətləndirici və tənzimləyici xarakter daşıyır.

Niyazi Novruzov kənd yerlərindəki səhiyyə müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri ilə əlaqədar görülən işlərdən danışıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”na uyğun olaraq, bu illərdə səhiyyə sahəsində qarşıya qoyulan məqsədlərə nail olunmasında işlə təmin olunacaq gənc kadrların üzərinə düşən vəzifələr barədə məlumat verib, onlara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirib ki, vətəndaşların səmərəli məşğulluğunun təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı muxtar respublikada daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Buna görə də vaxt­aşırı olaraq əmək yarmarkalarının keçirilməsi əməkqabiliyyətli əhalinin işlə təmin edilməsində mühüm rol oynayır. İşaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən əmək yarmarkaları indi işaxtaran vətəndaşların ən çox üz tutduqları ünvandır. Belə tədbirlər əhalinin rifah halının yaxşılaşdırılmasına, işaxtaran vətəndaşların işlə təmin olunmasına xidmət edir.
Azərbaycan Tibb Universitetinin məzunu, işaxtaran Könül Zeynalova gənc kadrların işlə təminatında əmək yarmarkalarının əhəmiyyətindən danışıb, tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.
Sonra işaxtaranlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birinci mərtəbəsində təşkil olunmuş əmək yarmarkasında boş iş yerləri ilə tanış olublar. Yarmarkada həkimlər üçün 476, orta tibb işçiləri üçün isə 139, bütövlükdə, 615 vakant yer təklif edilib.
Gün ərzində davam edən əmək yarmarkasında 11 nəfər işlə təmin olunub.

Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR