Babək Rayon Vergilər Şöbəsində vergi ödəyiciləri ilə keçirilən seminarı giriş sözü ilə şöbənin rəisi Səftər Əliyarov açaraq “asan imza”nın üstünlüyündən danışıb.
Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək qrupunun rəhbəri Sahil Qasımov “Asan imzanın alınması, istifadə qaydası və istifadə sahələri” mövzusunda danışaraq bildirib ki, elektron xidmətlərdə sadə və təhlükəsiz mobil autentifikasiya və mobil elektron imza olan “asan imza”nın kütləvi istifadəsinin stimullaşdırılması məqsədilə Vergilər Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın bütün mobil operatorları tərəfindən “asan imza” mobil elektron imza xidməti üçün qiymətlərin endirilməsi kampaniyasına start verilib.
Kampaniya 16 may 2014-cü il tarixdən etibarən başlayıb. Artıq fiziki və hüquqi şəxslər, eləcə də dövlət qulluqçuları “asan imza” mobil elektron imza xidmətini Azərbaycanın hər üç mobil operatorunun nümayəndəliklərindən vahid qiymətə – 18 manata (ƏDV daxil) əldə edə və 3 il müddətində ondan yararlana bilərlər.
“Asan imza” mobil elektron imza xidmətinin əldə edilməsi ilə bağlı endirimlər fiziki şəxslər üçün 40 faiz, hüquqi şəxslər üçün 90 faiz və dövlət qulluqçuları üçün 80 faizə qədər təşkil edir.
Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də dövlət qulluqçularına “asan imza” mobil elektron imza üçün sertifikat ödənişsiz əsaslarla təqdim edilir. Bundan əlavə, “asan imza” mobil elektron imza istifadəçisi bir neçə hüquqi şəxsi təmsil etdikdə bütün hüquqi şəxslər üçün bir “asan imza” SİM kartına sahib olmaq kifayət edir.
Qeyd edək ki, “asan imza” mobil elektron imza Azərbaycanda mövcud qanunvericiliyin bütün tələblərinə tam uyğun gələn yeganə mobil elektron imzadır.
Hazırda “asan imza” mobil elektron imza istifadəçiləri üçün “elektron hökumət” portalında (www.e-gov.az), Vergilər Nazirliyinin elektron xidmətlər portalında (www.e-taxes.gov.az), hesab.az internet-ödəniş portalında və digər elektron xidmət portallarında çoxsaylı xidmətlər mövcuddur. Vergilər Nazirliyi tərəfindən təqdim olunan fiziki şəxslərin “asan imza” vasitəsilə cəmi 5 dəqiqə ərzində fərdi sahibkar kimi onlayn qeydiyyatı xidməti istifadəçilər arasında xüsusi populyarlıq qazanıb.
Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək qrupunda analitik Əfqan Orucov “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişlərinin “asan imza” ilə onlayn qeydiyyatı” mövzusunda çıxış edərək qeyd edib ki, “asan imza” vasitəsilə əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması prosesi davam edir. Vergilər Nazirliyi də əmək müqavilələrinin elektron informasiya sisteminə daxil edilməsində vergi ödəyicilərinə dəstək verir. Əmək Məcəlləsinə edilən dəyişikliklərdən sonra əmək münasibətləri əmək müqaviləsi bağlandığı andan deyil, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Bu səbəbdən də bütün işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər. “Asan imza” vasitəsilə təşkilatın səlahiyyətli nümayəndələri tərəfindən əməkdaşlarla bağlanan əmək müqavilələri haqqında məlumatların daxil edilməsi və sonradan bu məlumatların işçilər tərəfindən əldə edilməsi mümkündür.
Vurğulanıb ki, Vergilər Nazirliyi də əmək müqavilələrinin elektron informasiya sisteminə daxil edilməsində vergi ödəyicilərinə dəstək verir. Vergi ödəyiciləri xidmət mərkəzlərinə müraciət edərək əmək müqavilələrinin elektron informasiya sisteminə daxil edilməsində yardım ala bilərlər. Bu xidmət tamamilə ödənişsizdir. Vergi ödəyiciləri bu xidmətləri paytaxtda və regionları əhatə edən vergi ödəyicilərinə xidmət mərkəzlərində ala bilərlər. Əmək müqavilələrinin elektron sistemə tam inteqrasiyası 3 ay ərzində başa çatdırılmalıdır. Beləliklə, bir neçə ay ərzində ölkəmizdə əmək kitabçaları öz aktuallığını tamamilə itirəcək. Qeyd edək ki, informasiya sisteminə nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilir.
Tədbirdə mövzuya uyğun slayd nümayiş olunub.
Hafizə ƏLİYEVA