Bu, işçinin özünə verdiyi dəyərdir
...“Müdir heç bir səbəb göstərmədən məni işdən çıxardı”, “Sınaq müddəti adıyla iki ay işlədib sonra da pul vermədilər”, “Vəd etdiklərindən çox az maaş aldım”, “İxtisara düşdüyümü elə işdən çıxarılan gün bildim”. Təəssüf ki, bu cür şikayətlərə bəzən rast gəlirik. Bəzi hallarda özəl qurumlar tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulur. Belə hallarla üzləşən vətəndaşlar heç bir yerə şikayət edə bilmirlər. Çünki işə düzələn zaman işəgötürənlə həmin vətəndaşlar arasında əmək müqaviləsi bağlanmayıb...
Ölkə iqtisadiyyatının inkişafında və şəffaflığın təmin olunmasında, istehsalatda işçilərin əmək hüquqlarının etibarlı müdafiəsində və qeyri-leqal məşğulluqla mübarizənin gücləndirilməsində əmək müqaviləsinin bağlanması mühüm əhəmiyyət kəsb edir. Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Ümumilkdə, əmək müqaviləsi işçi ilə işəgötürən arasında ən etibarlı münasibət, dialoq vasitəsidir.
Qanunvericiliyin tələblərinə baxmayaraq, bu gün bəzi vergi ödəyiciləri, işəgötürənlər vergi və digər ödənişlərdən yayınmaq məqsədilə işçilərlə əmək müqavilələri bağlamır, iş yerləri rəsmiləşdirilmədən onlara işlərin görülməsini həvalə edirlər. Əlavə olaraq, iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan vergi ödəyicilərinin muzdlu işlə əlaqədar təqdim etdikləri vergi bəyannamələrindəki əməkhaqqı məbləğləri təsərrüfat subyektlərinin real potensialı ilə uzlaşmır və bəzən ondan bir neçə dəfə aşağı olur.
İş yerini gizlətmək kimə daha çox ziyandır?
Qeyri-leqal məşğulluq əksər hallarda işçi ilə işəgötürən arasında gizli razılaşma əsasında ortaya çıxır. Lakin həmin işçi bilmir ki, burada uduzan tərəf, birinci növbədə, onun özüdür. Çünki indi ödənilən vergilər pensiya-müavinəti təyinatında mühüm rol oynayır. Gələcəkdə normal pensiya almaq istəyən hər bir kəs daha çox sosial sığorta haqqının ödənilməsinə çalışmalıdır. Həmçinin maaşın olduğundan az göstərilməsi də pensiyanın miqdarına təsir edən amillərdəndir. Bunlarla yanaşı, müqavilə imzalamayan işçi ödənişli əmək məzuniyyətindən, birdəfəlik müavinətlərdən, hətta əməkhaqqının ödənilməsindən məhrum ola bilər. Əgər vətəndaşın işlədiyi müəssisə ilə əmək müqaviləsi yoxdursa, bu zaman işəgötürən onu istənilən zaman heç bir vəsait ödəmədən işdən azad edə bilər.
Əmək müqaviləsinin olmaması sahibkarların, yəni işəgötürənin özü üçün də problemlərə səbəb ola bilər. Məsələn, əgər əmək müqaviləsi olmadan işləyən əməkdaş müəssisəyə və ya fərdi sahibkara məxsus bahalı əmlakı sıradan çıxararsa və ya ona ciddi ziyan vurarsa, belə işçilərə qarşı müvafiq qanuni tədbirlərin görülməsi necə həyata keçirilə bilər? Əmək müqaviləsi olmadan işləyən işçinin iş prosesində başına gələcək hadisədən bilavasitə işəgötürənin cavabdeh olduğunu nəzərə alsaq, bu amillər qeyri-leqal məşğulluğun aradan qaldırılmasının zəruriliyini bir daha sübut edir. Bütün bu fəsadlarla üzləşməmək üçün vətəndaşlar öz hüquqlarını tələb etməli, müəssisə ilə əmək müqavilələri imzalamalıdırlar.
Göstəricilər nikbin gələcəkdən xəbər verir
Aparılan tədbirlər, görülən işlər öz bəhrəsini verməkdədir. Dövlətin vətəndaşların güclü sosial təminat sistemi ilə sosial hüquqlarının daha etibarlı şəkildə qorunması barədə təbliğatı hərtərəfli şəkildə faydasını göstərir. İstər vergi orqanları tərəfindən, istərsə də müvafiq icra hakimiyyəti orqanları tərəfindən cəmiyyətdə əmək müqavilələrinin əhəmiyyəti, gələcəkdə sosial müdafiənin əsas təminatı olması barədə təbliğat, maarifləndirici xarakterli tədbirlərin aparılması əmək bazarında ciddi canlanmaya və fəallığa səbəb olur.
Amma həyata keçirilən tədbirlərə baxmayaraq, hələ də əmək bazarında müəyyən problemlərin mövcudluğu müşahidə edilməkdədir. Aparılan araşdırmalar zamanı bəzi sahibkarların yenə də vergi və sosial ödənişlərdən yayınmaq məqsədilə işçilərlə əmək müqavilələri bağlamadıqları və yaxud bağlandığı təqdirdə real əməkhaqqının düzgün göstərilməməsi kimi faktlar aşkarlanmışdır.
Sahibkarlar işçi sayını da, maaşı da az göstərirlər
Belə ki, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Statistika Komitəsinin nümayəndələrinin iştirakı ilə yaradılmış komissiya tərəfindən muxtar respublika ərazisində aparılan araşdırmalar zamanı 2013-cü il ərzində bağlanmış 132 əmək müqaviləsində əməkhaqlarının real göstərilməməsi faktları aşkarlanaraq qeyd olunan nöqsanlar aradan qaldırılmışdır. Bu tədbirlər cari ildə də davam etdirilmiş və 2014-cü ilin ilk 8 ayı ərzində bağlanmış 310 əmək müqaviləsində əməkhaqlarının real göstərilməməsi faktları aşkarlanaraq qeyd olunan nöqsanlar aradan qaldırılmışdır.
Yeni dəyişikliklər nədən xəbər verir, əmək müqaviləsi bildirişi nəyi dəyişəcək?
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məşğul əhalinin əmək hüquqlarının müdafiəsini təmin etmək məqsədilə elektron informasiya sistemi yaradılır. Yeni dəyişikliklərə əsasən, muxtar respublikamızda əmək münasibətləri əmək müqaviləsi bağlandığı andan deyil, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından sonra yaranacaq.
Əmək müqaviləsi bildirişi qanunvericilikdə yeni anlayışdır. Belə ki, əmək müqaviləsi bildirişi əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir.
Elektron informasiya sistemi işə salındıqdan sonra işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsində qeyd olunan zəruri məlumatlar sistemə daxil ediləcəkdir. İşçi istər evdə, istər işdə, istərsə də başqa bir yerdə informasiya sisteminə daxil olmaqla müqavilənin mətnini əldə edə biləcək.
Əmək müqaviləsinin bağlanmaması hansı məsuliyyətə səbəb olur?
Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratdığına görə işəgötürənə hər belə bir şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Əlavə olaraq, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməməsinə görə fiziki şəxslərə 1000 manatdan 3000 manatadək miqdarda, vəzifəli şəxslərə 3000 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslərə 20000 manatdan 25000 manatadək miqdarda cərimə tətbiq edilir.
Məhz yuxarıda qeyd olunan neqativ hallarla üzləşməmək üçün həm işçi, həm də işəgötürən əmək müqaviləsi bağlamağa maraqlı olmalıdır. Bununla işçilər öz gələcəklərinin təminatçıları olmaqla işəgötürən də, öz növbəsində, lüzumsuz cərimələrdən yaxa qurtarmaqla dövlət büdcəsinə vaxtlı-vaxtında vergi və sosial ayırmaların ödənilməsini təmin etmiş olurlar.
Rəşad ƏLİYEV
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi