22 Dekabr 2024, Bazar

Yeni dərs ilinin başlanması ərəfəsindəyik. Muxtar respublikada yaşayan uşaqlar sevimli məktəblərinə üz tutmağa tələsirlər. Bütün uşaqlar kimi, sağlamlıq imkanları məhdud uşaqlar da təhsil almaq arzularını builki dərs ilində daha geniş şəkildə həyata keçirə biləcəklər. Çünki Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” onların bu istəklərini reallaşdıran müddəalardan ibarətdir.

Dövlət proqramının müvafiq bəndlərinin icrası ilə bağlı aidiyyəti təşkilatlar kimi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də 2014-cü ilin ilk 8 ayı ərzində qarşıya qoyulan vəzifələri həyata keçirməyə çalışmışdır.
Belə ki, dövlət proqramına uyğun olaraq, muxtar respublika üzrə sağlamlıq imkanları məhdud 1969 uşaqdan 323 nəfərinin məktəbəqədəryaşlı olduğu müəyyən edilmiş və onlar haqqında məlumat bazası yaradılmışdır.

Məlum olmuşdur ki, muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində 61 nəfər sağlamlıq imkanları məhdud uşaq təhsil alır. 2014-cü ilin ilk 8 ayı ərzində əqli və fiziki potensialları nəzərə alınaraq 18 nəfər məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaq muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən uşaq bağçalarına cəlb edilmişdir.
Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində 13 nəfər sağlamlıq imkanları məhdud uşaq qeydiyyatdadır. Cari ilin ötən dövrü ərzində sağlamlıq imkanları məhdud uşaqların təlim-təhsil işlərinin həyata keçirilməsi məqsədilə mərkəzdə olan uşaqlardan 8-i komitə tərəfindən yerləşdirilmişdir.
Məktəbəqədər təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların fiziki və əqli inkişafını, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə “Naxçıvanım mənim” mövzusunda Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər müəssisələr arasında müsabiqə keçirilmiş, 32 nəfər sağlamlıq imkanları məhdud uşaq həmin müsabiqədə iştirak etmişdir. Eləcə də 61 nəfər sağlamlıq imkanları məhdud uşağın iştirakı ilə rəsm, əl işləri, musiqi müsabiqələri və şahmat yarışı keçirilmiş, qaliblərə və iştirakçılara diplom və hədiyyələr verilmişdir.
Cari ilin müvafiq dövründə 2 dəfə rayon (şəhər) icra hakimiyyətləri və Naxçıvan Müəllimlər İnstitutu ilə birgə muxtar respublikada fəaliyyət göstərən uşaq bağçalarında təlim-tərbiyə işinə məsul işçilərin peşəkarlıq səviyyəsinin artırılması üçün 36 nəfər müəllim, metodist və tərbiyəçinin iştirakı ilə kurs təşkil edilmişdir. Kursda məktəbəqədər müəssisələrin müvafiq işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə məruzələr dinlənilmiş və tədbir iştirakçılarına mövzuya uyğun əyani vəsaitlər paylanılmışdır.
Bu ilin müvafiq dövrü ərzində komitə tərəfindən əlaqə saxlanılan sağlamlıq imkanları məhdud uşaqlardan əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verən və hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən 19 uşağın olduğu müəyyənləşdirilmiş və onlar haqqında məlumat bazası yaradılmışdır.
Proqrama uyğun olaraq, ümumtəhsil müəssisələrində tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə muxtar respublikanın tam orta məktəblərində sağlamlıq imkanları məhdud uşaqların, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə tədbir keçirilərək maarifləndirici söhbətlər aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Bundan əlavə, muxtar respublikanın 26 uşaq müəssisəsində keçirilmiş monitorinq və seminarlarda müəllim, uşaq və valideynlər arasında müvafiq mövzuda söhbətlər aparılmış və 650-dən çox maarifləndirici broşürlər paylanılmışdır.
Muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərində 53 sağlamlıq imkanları məhdud uşaq təhsil alır. Komitə tərəfindən əlaqə saxlanılan sağlamlıq imkanları məhdud 8 uşağın bacarıq və maraqları nəzərə alınaraq onlar musiqi məktəblərinə cəlb edilmişlər.
Muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin dərnəklərində 52 sağlamlıq imkanları məhdud uşaq var. Sağlamlıq imkanları məhdud 5 uşaq Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin dərnəklərinə cəlb edilmişdir.
Komitə tərəfindən əlaqə saxlanılan sağlamlıq imkanları məhdud uşaqların müasir informasiya texnologiyalarından istifadə biliklərinin artırılması məqsədilə 3 uşaq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil olunmuş məşğələyə cəlb edilmişdir.
Muxtar respublikada fəaliyyət göstərən idman məktəblərində 35 sağlamlıq imkanları məhdud uşaq var. Komitə tərəfindən əlaqə saxlanılan sağlamlıq imkanları məhdud uşaqlardan 11 nəfər muxtar respublikada fəaliyyət göstərən müxtəlif idman qruplarına cəlb olunmuşdur.
Ümumiyyətlə, proqramın icrası ilə bağlı 2014-cü ilin müvafiq dövrü ərzində komitə tərəfindən 988 sağlamlıq imkanları məhdud uşağın valideynləri ilə əlaqə yaradılaraq maarifləndirici söhbətlər aparılmış, bu uşaqlardan 18 nəfər uşaq bağçalarına, 8 nəfər Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, 37 nəfər ümumtəhsil məktəblərinə (bunlardan 35-i I siniflərə), 11 nəfər idman və şahmat məktəblərinə, 8 nəfər uşaq musiqi məktəblərinə, 5 nəfər məktəbdənkənar müəssisələrin dərnəklərinə, 7 nəfər Naxçıvan Uşaq Bərpa Mərkəzinə və 4 nəfər Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə yönləndirilmişdir.
Müvafiq xəstəliyi olan uşaqlar üçün komitə tərəfindən qanvermə aksiyası təşkil olunmuş, 7 litrə yaxın müvafiq qruplardan olan qan toplanılaraq həmin uşaqlara köçürülmək üçün Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin qan bankına təhvil verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bundan sonra da proqramın müvafiq bəndlərinin icrası ilə bağlı üzərinə düşən vəzifələri icra müddətinə uyğun olaraq həyata keçirməyə çalışacaqdır.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR