22 Dekabr 2024, Bazar

Son illər muxtar respublikada şəhər infrastrukturunun mühüm sahəsi sayılan sərnişindaşıma xidmətinin də günün tələbləri səviyyəsində qurulması üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Muxtar respublika paytaxtında şəhərdaxili və şəhərətrafı yol yataqlarının genişləndirilməsi, yollara keyfiyyətli asfalt örtüyün salınması nəqliyyat vasitələrinin sərbəst hərəkətinə, sərnişinlərin rahat daşınmasına əlverişli şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyindən aldığımız məlumata görə, Naxçıvan şəhərində sərnişindaşıma işini nizamlamaq, əhalinin rahatlığını təmin etmək, eləcə də xidmətin səviyyəsini daha da yaxşılaşdırmaq məqsədilə kompleks tədbirlər həyata keçirilmiş, Naxçıvan Şəhər Nəqliyyat İdarəsi üçün yeni inzibati bina və avtobus parkı istifadəyə verilmişdir.

Sərnişindaşıma xidmətinin günün tələbləri səviyyəsində qurulması üçün daha müasir və iritutumlu avtobusların alınıb gətirilməsi də diqqət mərkəzində saxlanılır. Hazırda Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin balansında 37 ədəd “KİNG LONG”, 9 ədəd “PAZ” və 5 ədəd “LİAZ” markalı iritutumlu avtobuslar vardır. “LİAZ” və “KİNG LONG” markalı iritutumlu avtobuslar əhalinin daha çox istifadə etdiyi 2, 3, 4, 5 və Naxçıvan Beynəlxalq Hava Limanı istiqamətində 6 nömrəli, “PAZ” markalı avtobuslar isə 7 nömrəli Qaraçuq və 8 nömrəli Şıxmahmud-Xəlilli marşrut xətlərinə salınmışdır. 1 nömrəli marşrutda isə hüquqi və fiziki şəxslərlə bağlanmış müqaviləyə uyğun olaraq, 21 ədəd mikroavtobusdan istifadə edilir. Sərnişinlərə daha nümunəvi xidmət göstərilməsi məqsədilə gələcəkdə də iritutumlu avtobusların alınıb gətirilməsi nəzərdə tutulur.
Hazırda Naxçıvan şəhərində hər gün ayrı-ayrı marşrutlar üzrə, ümumilikdə, 62 ədəd müxtəliftutumlu avtobus və mikroavtobus xəttə çıxarılır. Onu da qeyd edək ki, son illər şəhərdaxili marşrutlarla yanaşı, şəhərətrafı məhəllələrdə və kəndlərdə də sərnişindaşıma xidmətinin yaxşılaşdırılması üçün tədbirlər görülmüş, Naxçıvan şəhərinin Qaraçuq, Qaraxanbəyli, Bulqan kəndləri istiqamətində 7 nömrəli marşrut fəaliyyətə başlamışdır. Mövcud 2 nömrəli marşrut xətti isə Tumbul kəndinədək uzadılmışdır ki, bu marşrutdan Hacıniyyət kəndinin sakinləri də istifadə edirlər. Həmçinin Şıxmahmud və Xəlilli kəndlərinə 8 nömrəli marşrut açılmış, 1 nömrəli marşrut xətti isə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinədək uzadılmışdır. Hər marşrutda avtobus və mikroavtobusların qrafik üzrə hərəkətinə, təyin olunmuş dayanacaqlardan düzgün istifadə etmələrinə dispetçerlər tərəfindən ciddi nəzarət olunur. Sürücülərin xüsusi geyim formalarından istifadə etmələri və sərnişinlərlə rəftarı da diqqət mərkəzindədir. Cari ilin ilk 8 ayında, ümumilikdə, 3 milyon 519 min 430 nəfər sərnişinə 281 min 188 manatlıq sərnişindaşıma xidməti göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövründən çoxdur.
Şəhərdaxili marşrutlarda hərəkətin intensivliyinin təmin olunması üçün 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq da diqqət mərkəzində saxlanılır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR