22 Dekabr 2024, Bazar

Yaxşı xatırlayırıq ki, 20 il bundan əvvəl muxtar respublikada ictimai iaşə obyektləri çox məhdud sayda idi. Həmin ünvanlarda xidmətin səviyyəsi də xoşagələn deyildi. XXI əsr Naxçıvanda bu sahəyə də yeni ab-hava gətirdi. Muxtar respublikanın müxtəlif ünvanlarında müasir yeməkxanalar, kafelər fəaliyyət göstərməyə başladı. Onu da deyək ki, yeməkxanalara heç də adi ictimai iaşə obyekti kimi baxmaq olmaz. Çünki hər bir region haqqında ilkin təəssürat yaradan məkanlardan biri də məhz həmin ünvanlardır. Milli mətbəx mədəniyyətimiz barədə təəssürat buralarda formalaşır. Bəs bu gün həmin obyektlərdə vəziyyət necədir? İnsanlara xidmətin səviyyəsi qənaətbəxşdirmi? Bu obyektlərdə milli mətbəximiz necə təbliğ olunur?

Xidmət sektorundakı “yüksək xidmət”

Bu gün muxtar respublikada ofisiant mədəniyyəti çox aşağı səviyyədədir. Unutmaq olmaz ki, ofisiantlığın özü də bir sənətdir. Bəzi ölkələrin təhsil ocaqlarında bu sənət də tədris olunur. Kurslarda iştirak etməyən ofisiantlar işə qəbul edilmirlər. Ancaq muxtar respublikamızda hər sahədə əsl yüksəliş, intibah olduğu halda, belə xidmət sahələrində hələ də axsayırıq. Səbəbləri isə çoxdur. Öz işində davamlı olmayan, təcrübəsiz, müştərilərinin sevimlisinə çevrilməyən qeyri-peşəkar, yəni hardan gəldi çağırılan belə “xidməti işçilərlə” hansısa keyfiyyətdən danışmağa dəyməz. Bu xidmətlə normal, peşəkar insanlar məşğul olmalıdırlar. Əlbəttə ki, bu insanların ali təhsilli olması önəmli şərt olmasa da, ən azından, müvafiq sahə üzrə hazırlıq kursu keçmələri şərtdir. Təəssüf ki, sahibkar­lar öz işinin peşəkarı olan xidməti heyətin hazırlanmasında maraqlı deyillər. Naxçıvanda peşəkar restoran işçilərinin hazırlanması üçün hər cür şərait var. Naxçıvan Regional Peşə Tədris Mərkəzində kurslar təşkil etməklə bu sahədə işləri qaydasına qoymaq olar. Kiçik bir araşdırma apardıqdan sonra öyrəndik ki, indiyədək “Təbriz” hotelindən başqa, heç bir xidmət obyekti belə kursların təşkili üçün Naxçıvan Regional Peşə Tədris Mərkəzinə müraciət etməyib.

 Milli mətbəximiz necə təbliğ olunur?

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, hər il muxtar respublikaya 350-400 minə yaxın turist gəlir. Bəs bu turistlərə milli mətbəximizi necə təbliğ edirik? Bu suala müsbət cavab vermək çox çətindir. Naxçıvan şəhərinin mərkəzində fəaliyyət göstərən yeməkxanaların əksəriyyətində başqa ölkələrin mətbəxi təbliğ olunur. Bunun əleyhinə deyilik. Ancaq hər şeydən əvvəl, bizim öz milli mətbəximiz ön sırada dayanmalıdır. Məlumdur ki, milli mətbəximiz öz zənginliyi ilə qonşu xalqların mətbəxinə də böyük təsir göstərib. Mənfur qonşularımız ermənilər, sadəcə, torpaqlarımıza, mədəniyyətimizə, tariximizə, musiqimizə deyil, hətta mətbəximizə belə, şərik çıxır, onu özününküləşdirməyə çalışırlar. Buna görə də bu gün hər birimiz çalışmalıyıq ki, milli mətbəximiz unudulmasın, təbliğ olunsun. Müasir dünyada milli adət-ənənələrin qorunub saxlanılması ən vacib amilə çevrilmişdir. Çünki onların hər birində xalqın tarixi yaşayır. Bu tarixi yaşatmaq isə öz xalqını sevən hər bir insanın vətəndaşlıq borcudur. Qürurla qeyd etməliyik ki, bu gün bu istiqamətdə muxtar respublikamızda xeyli iş görülüb. “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin yaradılması və “Naxçıvan mətbəxi” adlı kitabın nəşr olunması milli mətbəx nümunələrimizin təbliği baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Ancaq hər şeyi də dövlətdən gözləmək olmaz. Sahibkarlarımız da bu işdə təəssübkeşlik göstərməlidirlər. Qısa araşdırma zamanı heç bir yeməkxanada “Naxçıvan mətbəxi” adlı kitaba rast gəlmədik. Unutmayaq ki, Naxçıvana gələn turistlər və qonaqlar, ilk olaraq, milli mətbəximizlə maraqlanırlar. Ötən il Amerika Birləşmiş Ştatlarının məşhur jurnallarının birində dərc olunan yazıda Naxçıvan mətbəxinin zənginliyini və üstünlüklərini xüsusi qeyd etmişdilər. Təəssüf ki, bu gün xarici qonaqların yüksək qiymət verdikləri milli yeməklərimizə yeməkxanalarımızda çox az rast gəlirik. Yeməklərimizlə yanaşı, şirniyyatlarımıza da. Nə üçün Ordubad paxlavası ictimai iaşə obyektlərində müştərilərə təklif olunmasın? Bir-birindən ləziz və dadlı mürəbbələrimiz də yaddan çıxıb. Yeməkxanalarımıza üz tutsaq, onların çoxunda özünü başqa bir məkanda hiss edərsən. Yəni Naxçıvan mətbəxindən əsər-əlamət yoxdur. Bu sahədə aidiyyəti qurumların da üzərinə böyük vəzifələr düşür. Yəni onlar yeməkxanalarda milli mətbəximizin təbliği ilə bağlı hansısa tədbir həyata keçirməyi birdəfəlik unudublar.

Bəzi yeməkxanalarda natəmizlik baş-alıb gedir...

Gəldiyimiz qənaət bəzi yeməkxanalarda, kafelərdə fotomüxbirimizlə araşdırmalar apardığımız zaman yarandı. “Ləziz yeməklər” adlanan yeməkxanaya üz tutmağımız səbəbsiz deyildi. Həm yeməkxananın adı bizi bu ünvana səsləyirdi, həm də qəzetimizin ötən il dərc olunan nömrələrinin birində bu obyektin natəmizliyi barədə məqalə verilmişdi. Düşündük ki, yazıdan sonra burada hər şey qaydasında olar. İçəri daxil olarkən bizi həşəratlar “qarşıladı”. Burada natəmizlik baş alıb gedir. Yemək hazır­layanların xüsusi geyim formasında olmamaları hər şeyi açıq-aydın deyir. Bu hal Naxçıvan şəhərindəki Nizami küçəsində yerləşən, əvvəllər “Milli yeməklər” adı ilə tanınan yeməkxanada da hökm sürür. Yararsız bir binada yerləşən bu yeməkxanada stol və stulların natəmizliyi burada xidmətin hansı səviyyədə olduğunu ilk andan müştəriyə göstərir. Demək olar ki, xidmət sıfır səviyyədədir. Maraqlıdır, görəsən, bu yeməkxananın fəaliyyətinə hansı standartlara görə icazə verilib. Ötən il də bu yeməkxanada müşahidə aparmışdıq. Mətbəx elə vəziyyətdə idi ki, bunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Buranın xidmətindən istifadə edən vətəndaşlar, görəsən, nə düşünürlər? Onlar nə üçün bilərəkdən öz sağlamlıqlarını təhlükə qarşısında qoyurlar? Fikrimizcə, antisanitariyanın olduğu bu yeməkxanaya üz tutan vətəndaşların buranın mətbəxindən xəbəri olsa, onlar bir daha bu yeməkxananın qapısını döyməzlər. Belə ictimai iaşə obyektlərinə cavabdeh olan şəxslər də yaxşı bilirlər ki, burada antisanitariya baş alıb gedir. Acınacaqlı hal həm də odur ki, haqqında bəhs etdiyimiz yeməkxanalar şəhərimizin mərkəzində yerləşir.

“Dost qapısı” kafesi, yoxsa sağlamlığımıza düşmən kəsilən qapı?

Həmin gün “Dost qapısı”na da üz tutduq. Onu da deyək ki, yeməkxana çox gözəl dizayna malikdir. Ancaq yeməkxanada gördüyümüz mənzərələri sözlə ifadə etmək çətindir. Ofisiantların geydik­ləri formalar səliqəsiz halda idi. Hətta bəzilərinin geyiminə adamın baxmağı gəlmirdi. Yaşlarını soruşdum. 17 və 18 yaşlarında olan bu ofisiantların necə xidmət göstərməsi ilk baxışdan şübhə doğurur. Üzlərindəki ifadəni isə demirəm. Ofisiant, hər şeydən əvvəl, gələn müştərini mehribanlıqla, nəzakətlə qarşılamalıdır. Şərq aləmində belə bir söz var: gülümsəyə bilmirsənsə, dükan açma. Əfsuslar olsun ki, bu dəyərli kəlamdan bizim yeməkxanalarda bixəbərdirlər. Əslində, bu, ayrı bir həngamədir. Əsəbi halda bir nəfər bizi qarşıladı. Özünü təqdim etməsə də, obyektə cavabdeh şəxs olduğu açıq-aydın görünürdü. Qapısının üstündə yazılıb vurulan “Təndir kababı” yazısı diqqətimizi çəkdi. Elə bir az aralıda yerləşən təndirə yaxınlaşırıq. Təndirin yanında iki nəfər mişarla odun doğrayırdı. Toz-torpaq bürümüş ərazi tullantı ilə dolu idi. Özünü bizə təqdim etməyən bu şəxsdən buranın niyə belə halda olduğunu soruşduqda əsəbi halda bizdən oradan uzaqlaşmağımızı tələb etdi. Maşınların yuyulduğu və toz-torpağın hökm sürdüyü ərazidə yerləşən təndirin ətrafı heç də kabab bişirilməsi üçün uyğun yer deyil. Onu da deyim ki, təndir kababının, sadəcə, adı var.
Yolumuzu “Gəlinqaya” kafesindən saldıq. Kafenin sahibi, yəqin ki, bura gələcəyimizdən xəbər tutmuşdu. Bizi elə qapıda qarşıladı. Jurnalist olduğumuzu bilirmiş. Ona görə də gəlişimizin məqsədindən xəbərdar imiş. Kafedə olan vəziyyəti görməməyimiz üçün bizə içəri daxil olmağa icazə vermədi. Yeməkxananın vəziyyəti yaxşı olsa idi, yəqin ki, kafe sahibi belə təlaşa düşməzdi.

Nümunəvi obyektlər də yox deyil...

Bu ilin əvvəlindən fəaliyyətə başlayan “Park AVM”-ə üz tuturuq. İnsafən, bu yeməkxananın digər kafelərə nisbətən fəaliyyəti o qədər də pis deyil. Ancaq ofisiant xidməti çox aşağı səviyyədədir. Hər həftə bu yeməkxanada başqa-başqa ofisiantlar çalışır. Bu “ofisiantlar” harada və nəyə xidmət etdiklərini bilmirlər. Onlardan söz qoparmağı bacarana mükafat düşür. Sifariş verdiyin acısız yeməyin əvəzinə acılısı gətirilsə, heç də təəccüblənməyin.
Nümunəvi yeməkxanalar sırasında “Badaşqan” restoranının adını xüsusi qeyd etmək olar. Ofisiantların insanı gülərüzlə qarşılaması, aşpazların səliqəli formada olması xoş təəssürat yaradır. Burada xidmət yüksək səviyyədədir. Yeməkxanada vətəndaşların çox olması da buradakı yüksək səviyyəli xidmətə görədir. Sevindirici haldır ki, “Zümrüd” kafedə də milli mətbəximiz təbliğ olunur. Düzdür, menyuda bunlar göstərilməsə də, açıq soyuducuda Ordubad paxlavasını, mürəbbələri və sairi görmək olar. “Söyüdlük” adlanan yeməkxanada da olduq. Bu yeməkxanadakı natəmizlik haqqında yazı keçən nömrələrin birində oxucularımıza təqdim olunmuşdu. Ancaq bu dəfə onun əksini müşahidə etdik.

Xidmət obyektlərinin daimi işçiləri yoxdur

Digər bir vacib məqam isə restoranlarda, yeməkxanalarda fəaliyyət göstərən işçilərlə əmək müqaviləsinin bağlanmamasıdır. Demək olar ki, restoran və yeməkxanaların əksəriyyətində bu problem var. Bu problemi həll etmək asan məsələ deyil. Çünki sözügedən obyektlərin daimi işçiləri yoxdur.
Bu araşdırmalarımızdan sonra Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə və Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etdik. Həmin təşkilatlar mütəmadi olaraq bu ünvanlarda yoxlamalar apardıqlarını, aktlar tərtib etdiklərini bildirdilər. Ancaq bizim gördüyümüz faktlar bunun əksini deyir.

Son söz yerinə...

Bu gün muxtar respublikamızda bütün sahələr sürətlə inkişaf edir. Şəhər və kəndlərimizin təmizliyi, səliqəsi göz oxşayır. Hamı həyata keçirilən tədbirlərdən razılıqla danışır. Ancaq restoran və yeməkxanalarda göstərilən xidmətlər müasir Naxçıvanın inkişaf səviyyəsindən geri qalır. Belə obyektlərin binası, yerləşdiyi ərazi müasir tələblərə cavab versə də, göstərilən xidmətlər bu səviyyədə deyil. Bəzi ictimai iaşə obyektlərində müşahidə etdiyimiz nöqsanlara sahibkarlar nə üçün göz yumurlar? Yuxarıda da qeyd etdiyimiz kimi, insanda yaxşı və ya pis təəssürat həm də belə obyektlərdə yaranır. Ona görə də hər bir sahibkar düşünməlidir ki, restoran və yeməkxanalar Naxçıvanımız, milli mətbəximiz, xidmət mədəniyyətimiz haqqında bilgilərin gələn qonaqlara çatdırıldığı yerlərdən biridir. Bunun üçün onlar böyük məsuliyyət daşıyırlar. Gəlin bu barədə düşünək...

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR