22 Dekabr 2024, Bazar

Sentyabr ayının 10-da Babək Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Zeynəddin kəndində təbii qazdan, sudan, elektrik və ya istilik enerjisindən düzgün istifadə qaydalarına, həmçinin “Ətraf mühitin qorunması sağlam həyatımızın başlıca amillərindəndir” mövzusuna həsr olunmuş tədbir keçirilib. Tədbiri Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Səfər Şükürov açıb, tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib.
Tədbirdə Babək rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Kənan Seyidov “Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması inzibati və cinayət məsuliyyəti yaradır” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, böyük dövlət qayğısı nəticəsində muxtar respublikamızda əhali fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunub. Hazırda qarşıda duran başlıca vəzifə enerji resurslarından səmərəli istifadə olunmasından ibarətdir. Ona görə də hər bir idarə, müəssisə və təşkilat, eləcə də hər bir vətəndaş elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına qətiyyən yol verməməlidir. Kənan Seyidov qanunsuz istifadə halları ilə əlaqədar Cinayət Məcəlləsindəki maddələr barədə sakinlərə məlumat verib.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin mülkiyyət əleyhinə olan cinayətlər fəslində əksini tapan “Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması” maddəsi ilə cinayət qanunvericiliyimizdə bir sıra əməllər cinayət kimi təsbit edilib. Həmçinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 276.2.8-ci maddəsinə əsasən, məişətdə istifadə edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilmədiyi hallarda kreditorun tələbi ilə borcun ödənilməsi məqsədilə kreditorun ərizəsinə əsasən məhkəmə tərəfindən məhkəmə əmri çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsində isə su obyektlərindən və sudan istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət və belə inzibati xətaları törədən fiziki, hüquqi və vəzifəli şəxslər barəsində inzibati cərimələr nəzərdə tutulub.
Sonra Babək rayon prokurorunun böyük köməkçisi, ikinci dərəcəli hüquqşünas Bayram Sadıxov çıxış edərək bildirib ki, ölkəmizdə son illərdə ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə dair bir sıra normativ-hüquqi aktlar qəbul edilib, təbiətin qorunması sahəsində mühüm addımlar atılıb. Nəzərə çatdırılıb ki, ətraf mühitin qorunması günümüzün vacib məsələlərindən biridir və bu iş hər kəsin vətəndaşlıq borcu olmalıdır.
Bildirilib ki, ekologiyadan istifadə sahəsində inzibati məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindəki “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar” fəslində, ekologiyadan istifadə sahəsində cinayət məsuliyyəti isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Ekoloji cinayətlər” adlanan 28-ci fəslində öz əksini tapıb. Bayram Sadıxov qanunsuz istifadə halları ilə əlaqədar İnzibati Xətalar və Cinayət məcəllələrindəki maddələr barədə sakinlərə məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR