Tikanlı kəvər kəvərkimilər fəsiləsinə aid olan çoxillik bitki növüdür. Naxçıvanda bu bitkini “çöl kəvəri”, “çöl qarpızı”, bəzən də “yalama” adlandırırlar. Dağlıq və dağətəyi bölgələrdə, səhra və yarımsəhra, eləcə də Kür-Araz ovalıqlarındakı geniş ərazilərdə yabanı növ halında yayılıb. Biomorfoloji xüsusiyyətlərinə görə yarımkol bitki olub, 2 metrə qədər uzunluqda budaqları vardır.
Budaqları tikanlıdır. Yarpağı girdə-yumurtavari, yaxud ellipsvari olub, saplaqlıdır. Çiçəkləri iri, ağ rəngdədir; tək-tək halda yarpaqların qoltuğunda yerləşir. Çiçəklərində heç bir bitkidə müşahidə olunmayan spesifik xoş ətir vardır. Meyvəsi uzun saplaqlara birləşmiş halda uzunsov qutucuqlar şəklindədir. Toxumları kürəvari, tünd-qonur rənglidir, təqribən, qaraya çalır. Bitki may-iyul aylarında çiçəkləyir, meyvələri avqust ayının ikinci və bəzən üçüncü ongünlüyündə yetişir.
Çox güclü kök sistemi vardır: torpaqda oduncaqlaşmış şəkildə şaxələnir. Xüsusi efirlər sintez edən kökləri daşlı, çınqıllı, gilli, gillicəli, bozqır torpaqlarda inkişaf edib artır. Hətta beton və asfalt döşəmələrdə belə, bu bitkiyə rast gəlmək mümkündür. Mil kökü 23 metr torpağın dərinliyinə qədər gedə bilir.
Bitkinin çiçəkləməsinin qönçə dövründə onda 100-150 milliqram C vitamini, 0,32 faiz rutin, 21-28 faiz azotlu maddələr, 4-5 faiz piyli maddələr olur. Toxumlarında 25-30 faiz piyli yağ vardır ki, bu da tərkib etibarı ilə 12-13 faiz doymuş yağ turşularından, 22-24 faiz olein, 33-51 faiz linol turşularının qliseridlərindən ibarətdir. Naxçıvan Muxtar Respublikası ərazisində yayılan növü ətraflı şəkildə tədqiqatçılar tərəfindən öyrənilib, istər məişətdə, istərsə də təbabətdə əhəmiyyətli xüsusiyyətləri qeyd olunub.
Əhəmiyyəti
Kəvər meyvələrində çoxlu miqdarda yod birləşmələrinin olduğu nəzərə alınaraq, onlardan konservləşdirilmiş şirə preparatı hazırlanıb və kliniki təcrübədə onun zob xəstəliyində müalicəvi təsiri aydınlaşdırılıb.
Xalq təbabətində bir çox ağrılı xəstəliklərin müalicəsində kəvərdən peşəkarlıqla istifadə olunur.
Körpə zoğlarından qoyulan turşusu, bir çox xörəklərdə, o cümlədən piti, basdırma, bozpört, kababda ləziz və həm də müalicəvi nemət kimi istifadə olunur.
Bunları bilmək faydalıdır
– Kəvərin yeni qönçələyən çiçəkləri saplaq və çiçək ayası üstündə olmaq şərtilə dərilir. Ondan 6-7 ədədi 5 stəkan suda dəmlənib çay şəklində qəbul edilir. Bu dəmləmə sarılıq xəstəliyinin müalicəsində əvəzolunmaz vasitədir.
– Kəvərin qurumamış (göy) gövdəsi, yarpağı və oduncaqlaşmış kökü doğranıb zəif odda qaynadılaraq cövhəri alınır. Alınan cövhər insan orqanizmində əmələ gələn quluncların əridilib yox edilməsində və sinir ağrılarının aradan qaldırılmasında ən əlverişli təbii dərman vasitəsi hesab edilir. Alınan cövhər ağrıyan nahiyələrə sürtülür.
– Meyvələrinin qabığı qurudulur, sonra həvəngdəstədə döyülüb toz halına salınır. Əldə olunan materiala razyananın gövdə və yarpaqları, keşnişin toxumları və səhləb bitkisinin çiçəkləri əlavə edilərək çay şəklində dəmlənib gün ərzində 4 stəkan qəbul edilir. Bu üsul zob xəstəlikləri olan insanlara çox yaxşı təsir göstərir.
– Bitkinin çiçək ləçəkləri ehtiyatla dərilir. Üç gün kölgəli mühitdə sərilir. Əldə olunan bu materialdan 70-100 qram 12 stəkan suda dəmlənib çay şəklində istifadə olunur. Qaraciyərin funksional xəstəliklərində bu üsul ən əlverişli üsul hesab olunur və qısa müddət ərzində yüksək nəticə verir.
– Öd xəstəliklərindən əziyyət çəkən insanlara məsləhət görülür ki, gün ərzində səhər-səhər acqarına 6-8 ədəd kəvər meyvəsi yesinlər. Bir həftə müddətində şəfa tapdıqlarını hiss edəcəklər.
– Revmatizm xəstəlikləri olan insanlar üçün bitkinin kök və gövdəsinin qaynadılaraq vanna qəbul edilməsi, həmçinin yetişmiş meyvələrindən pambıq parça üzərinə yaxma edilib ayaqlara bağlanması məsləhət görülür.
Əsgər HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı