Əhalinin məşğulluğunun təmin olunması dövlətin mühüm tənzimləmə funksiyalarındandır. Məşğulluq kimi vacib bir sahədə də görülən işlər əmək ehtiyatlarından səmərəli istifadə məqsədi daşıyır. Çünki iş qüvvəsi sahibi olan insan hər şeydən dəyərlidir və bu dəyərin maddiləşərək məhsul və xidmətlər şəklində insanların xidmətinə təqdim edilməsi onun özünün və digər insanların normal yaşayışı üçün vacib şərtdir. Məşğulluq problemi hər zaman üçün aktual olduğundan və burada əhalinin müxtəlif təbəqələrinin maraqları ödənildiyindən bütün prioritetlər nəzərə alınmaqla uzunmüddətli perspektivə hesablanmış dövlət proqramlarının əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır.
Bu baxımdan mövcud iş yerlərinə iqtisadi fəal əhalinin münasibətlərini tənzimləyən, hər kəsin qabiliyyətindən, sahib olduğu iş qüvvəsindən səmərəli istifadəni qarşıya məqsəd qoyan dövlətin məşğulluq siyasətinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qarşıya qoyulmuş məqsədləri və gözlənilən nəticələri ilə çox əhəmiyyətli dövlət sənədidir. Belə ki, bu dövlət proqramında muxtar respublikada əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən tədbirlərin həyata keçirilməsi, əmək bazarında tələb və təklifin real vəziyyətinin qiymətləndirilməsi üçün təhlillərin aparılması, peşə hazırlığının əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması, işaxtaranların, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi, əlillərin əmək bazarına inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması kimi qarşıya məqsədlər qoyulmuşdur. Dövlət proqramında göstərilən bu məsələlərin uğurlu həlli işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şəraitin yaradılması, peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi işində müsbət nəticələr əldə olunmasına imkan yaradacaqdır. Dövlət proqramının qəbul edilməsindən ötən müddət ərzində əhalinin məşğulluq məsələlərinin təmin olunması sahəsində verilmiş tapşırıqların icrası istiqamətində görülmüş işlərlə tanış olmaq üçün sənəddə adıçəkilən dövlət orqanlarına elektron məktubla sorğular göndərdik. Həmin orqanlardan bəzilərinin sorğu məktublarına operativ, bəzilərinin, necə deyərlər, “dədə-baba qaydası” ilə göndərdiyi cavabları ümumiləşdirərək proqramın icrası ilə bağlı işlərin vəziyyətini oxucularla paylaşmaq istədik. Çünki məşğulluğun təmin olunması dövlətin prioritet vəzifəsi olduğu kimi, ictimaiyyəti də yaxından maraqlandıran məsələdir.
İlk olaraq, adıçəkilən dövlət proqramının icra vəziyyəti ilə bağlı koordinator qurum olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-cü ilin ilk 8 ayı ərzində görülmüş işlərə nəzər salaq. Nazirlik muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdiriməsi üzrə təhlillər aparmış və əmək bazarında təklif olunan işçi qüvvəsi ilə mövcud iş yerlərinin sayı arasında tarazlığın sabit olduğu qənaətinə gəlinmişdir. Əmək bazarında müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi məqsədi ilə 332 müəssisədə sorğular aparılmışdır. Cari ilin 8 ayı ərzində məşğulluq xidməti orqanlarında qeydiyyatda olan 1859 nəfər işaxtaran müəssisələrdə mövcud olan vakansiyalar üzrə işə cəlb edilmiş, 2014-cü ilin aprel, iyun və avqust aylarında keçirilmiş əmək yarmarkalarında 747 nəfər işlə təmin olunmuşdur. Bu dövrdə nazirlik tərəfindən Naxçıvan Regional Peşə Tədris Mərkəzində iyirmiyə yaxın peşə növləri üzrə kurs təşkil olunmuşdur.
İnsanın peşə seçiminə marağının hələ gənc yaşlarından formalaşdığını nəzərə alsaq, bu dövrdə aparılan peşə seçimi tədbirlərinin əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təsdiq etdiyi qrafikə uyğun olaraq, tədris müddəti ərzində rayon (şəhər) Məşğulluq mərkəzləri tərəfindən muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin peşə seçiminə köməklik məqsədi ilə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilmişdir.
Verilən məlumatda bildirilir ki, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu üzrə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin işlə təmin olunması üçün 163 kvota yerinin ayrılması təmin edilmiş, 82 nəfər kvota yerlərinə işə göndərilmişdir. Sosial qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud şəxslərin məşğulluqlarının təmin edilməsi məqsədilə evlərdə xalça toxunuşu ənənəsi davam etdirilmiş, aztəminatlı ailələrdən əmək qabiliyyətli 129 şəxs münasib işlə təmin olunmuşdur.
Bəhs olunan dövrdə işçilərin əmək hüquqlarının təmin edilməsi də diqqət mərkəzində saxlanılan məsələlərdən olmuşdur. Belə ki, işəgötürülən şəxslərlə əmək müqavilələrinin bağlanması, onlara verilən əməkhaqlarının reallığı əks etdirməsinə nəzarət edilməsi məqsədilə 2014-cü ilin ilk 8 ayı ərzində, ümumilikdə, 140 halda yeni əmək müqaviləsinin bağlanılmasına, 310 halda isə əməkhaqqının real göstərilməsinə nail olunmuşdur. Əmək müqaviləsinin bağlanmamasına görə 2 fiziki şəxsə 2000 manat məbləğində cərimə tətbiq olunmuş, əməyin mühafizəsi üzrə tələblərin pozulmasına görə 3 vəzifəli şəxs 3000 manat məbləğində cərimə edilmişdir. Bu müddətdə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə əlavə olaraq 46 kiçik və orta sahibkarlıq obyekti istehsalatda bədbəxt hadisələr, peşə xəstəlikləri və peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaya cəlb olunmuşdur.
Dövlət proqramının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin muxtar respublika ərazisində əmək fəaliyyəti üzərində nəzarət daha da gücləndirilmişdir. 18 dekabr 2013-cü il tarixdən 1 sentyabr 2014-cü il tarixədək aparılmış yoxlamalar zamanı qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 6 əcnəbi aşkarlanmışdır.
Müasir dövrdə əmək bazarını sürətli və etibarlı informasiyasız təsəvvür etmək mümkün deyildir. Bu baxımdan bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məşğulluq tədbirlərinə dair məlumatların işaxtaranlara çatdırılması məqsədilə internet saytı (isaxtar.nmr.az) hazırlanmışdır. Bununla yanaşı, işaxtaranların təşkil olunacaq peşə kurslarına təşviq edilməsi üçün kütləvi informasiya vasitələrində mütəmadi olaraq elanların verilməsi də təmin edilir.
Təcrübə sübut etmişdir ki, iqtisadiyyatın və əhalinin rifah halının yüksəlməsi insan amilinə xidmət edən uzunmüddətli, məqsədyönlü işlər nəticəsində mümkün olur. Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğu məsələsinin də davamlı həlli məhz regionun öz daxili imkanları hesabına stabil iqtisadi artımını təmin etmək imkanı yaradır. Naxçıvanda mövcud olan təbii, istehsal və investisiya imkanlarının regionun əmək ehtiyatları hesabına hərəkətə gətirilərək bu sabitliyi daha uzun müddətə təmin etmək isə haqqında yığcam məlumat verdiyimiz dövlət proqramının əhəmiyyətini bir daha ortaya qoyur. Bir inam vardır ki, qarşıdakı dövrdə proqramın bütün müddəalarında əks olunan tapşırıqların yerinə yetirilməsi ilə naxçıvanlıların bütün sahələrdə olduğu kimi, səmərəli məşğulluğunda da istəkləri tam təmin olunacaqdır.
Əli CABBAROV