Vətəndaşların səmərəli məşğulluğunun təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı muxtar respublikada daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir.
Buna görə də vaxtaşırı olaraq əmək yarmarkalarının keçirilməsi əməkqabiliyyətli əhalinin işlə təmin edilməsində mühüm rol oynayır. İşaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən əmək yarmarkaları indi işaxtaran vətəndaşların ən çox üz tutduqları ünvandır.
Yarmarkalara hazırlıq dövründə həyata keçirilən təşkilati işlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin və işaxtaran vətəndaşların fəal iştirakını təmin edib. Növbəti belə əmək yarmarkası səhiyyə işçiləri üçün təşkil olunacaq.
Naxçıvan Muxtar Respublikası Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkil edəcəyi səhiyyə yarmarkası 17 sentyabr 2014-cü il tarixdə saat 1000-da keçiriləcək. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin inzibati binasında keçiriləcək səhiyyə yarmarkasına işaxtaran ali və orta tibb təhsili olan vətəndaşlar müraciət edə bilərlər.
Xəbərlər şöbəsi