Qarşıdan yeni tədris ili gəlir. Digər müəssisələrdə olduğu kimi, təhsil müəssisələrində və uşaq bağçalarında da yanğına qarşı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin diqqət mərkəzindədir. Hər il olduğu kimi, bu il də Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında yeni tədris ilinə hazırlıqla bağlı məktəblərə və uşaq bağçalarına baxışlar keçirilib, müəllim və texniki işçilərlə yanğın təhlükəsizliyi qaydaları haqqında maarifləndirmə və məlumatlandırma işləri aparılıb.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan şəhəri və rayonlarda yerləşən ümumtəhsil məktəblərinin, uşaq bağçalarının binalarına yanğından mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədilə baxışlar keçirilib. Baxışlar zamanı binalarda mövcud olan yanğınsöndürmə vasitələrinin, daxili yanğın-su kranlarının və odsöndürücü balonların vəziyyəti yoxlanılıb, onların istifadə və tətbiqi qaydaları praktik olaraq təhkim olunmuş cavabdeh şəxslərə öyrədilərək izahat işləri aparılıb. Eləcə də görülən işlərin davamı olaraq, təhsil müəssisələrində və uşaq bağçalarında qış mövsümü dövründə qaz və elektrik təsərrüfatından düzgün istifadə olunması, xüsusən istilik sistemi olmayan və neft sobaları ilə qızdırılan məktəblərdə sobaların normativ tələblərə uyğun qurulması, sobaların müəyyən olunmuş ölçüdə metal altlıqlarla təmin olunması, tüstü borularının işlək vəziyyətdə saxlanması haqqında ətraflı məlumatlar verilərək izahat işləri aparılıb.
Hər bir müəssisədə olduğu kimi, təhsil müəssisələrində də yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsi, qaz və elektrik təsərrüfatının mövcud olduğu sahələrdə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl olunması qarşıda duran vəzifələrdən biridir. Bu sahələrlə yanaşı, həmçinin iş günü və dərslər qurtardıqdan sonra növbətçi işıqlandırma və qurğuları istisna olmaqla, bütün elektrik qurğu və cihazlarının dövriyyədən ayrılması, həmçinin mövcud yanğınsöndürmə qurğularının və vasitələrinin daim istifadə üçün yararlı vəziyyətdə saxlanması ilə bağlı müəssisələrin işçi kollektivi ilə maarifləndirici söhbətlər aparılıb.
Qarşıdan payız-qış mövsümü gəlir. Məhz bu mövsüm ərzində təhsil müəssisələrində yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsini və daim diqqət mərkəzində saxlanılmasını tövsiyə edirik. Hər bir müəssisədə olduğu kimi, təhsil müəssisələrində də payız-qış mövsümünə hazırlıqla bağlı bir sıra zəruri tədbirlər həyata keçirilməlidir. Belə ki, payız-qış mövsümü başlamazdan əvvəl bütün isitmə qurğuları, cihazları diqqətlə yoxlanılmalı, zərurət olarsa, təmir edilməlidir. Nasaz soba və isitmə cihazlarının istismar olunmasına yol verilməməlidir. Qazanxanalarda qurğulara texniki xidmət göstərilməli və nasaz avadanlıqlar yenisi ilə əvəz edilməli, qazanxanaların yanğın təhlükəsizliyi üçün zəruri tədbirlər görülməlidir.
Sobanın yandırılması üçün nəzərdə tutulmayan benzin, dizel yanacağından, digər asan alışan mayelərdən istifadə edilməsi, həmçinin yanacağın bilavasitə sobanın odluq hissəsinin qarşısında saxlanılması, yanar sobanın nəzarətsiz qoyulması qadağan olunur. Nasaz sobalardan və tüstü borularından istifadə etmək yanğın təhlükəli olduğundan yolverilməzdir. Tüstü bacaları və boruları ayda iki dəfədən az olmayaraq təmizlənməlidir. Sobanın tüstü borusunun çardaqdan keçən hissəsi yanmayan materialla mühafizə edilməli və tüstü borusu binanın dam örtüyündən 70 sm hündürlükdə olmalıdır. Sobaların və tüstü borularının vaxtında təmizlənməməsi bir çox hallarda dəm qazından zəhərlənmə və yanğının baş verməsi ilə nəticələnə bilər. Təhsil müəssisələrində yandırılan hər bir sobaya əmrlə cavabdeh şəxs təyin edilməli və yanğına qarşı təlimatlandırılmalıdır.
Yuxarıda qeyd olunanlarla bağlı təhsil müəssisələrində hər hansı bir yanğın hadisəsi baş verərsə, dərhal şəhərdaxili və mobil operatorlar vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidməti telefonlarına zəng etməyi unutmayın.
Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin bölmə rəisi