Və ya Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyətində hamımızı düşündürən suallardan bəziləri...
Muxtar respublikamızda bütün sahələrdə həyata keçirilən islahatlar Naxçıvanı yerləşdiyimiz regionda və ölkədə ən qabaqcıl standartların tətbiq olunduğu məkanlardan birinə çevirib. Digər sahələrdə olduğu kimi, informasiya texnologiyalarının idarəçilikdə tətbiqi sahəsində də ciddi addımlar atılıb. Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının fəaliyyətində çevik idarəetmənin, şəffaflığın təmin olunması, informasiya-kommunikasiya texnologiyalarının dövlət orqanlarında geniş tətbiqi, müasir standartlara cavab verən internet saytlarının və elektron xidmətlərin yaradılması məqsədilə hələ 2011-ci ilin 15 iyulunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Fərman imzalanıb. “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanında mərkəzi icra hakimiyyəti orqanlarına elektron xidmətin təşkili məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi tapşırılıb.
Fərmanın 1.5-ci bəndində göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi və elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların, fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə zəruri texniki təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulub. Fərmana uyğun olaraq, 76 dövlət orqanı üçün internet səhifəsi hazırlanıb, onlara domen adları, elektron poçt ünvanları verilib və qlobal şəbəkədə yerləşdirilib. Həmçinin Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 34 dövlət orqanına elektron xidmətlərin göstərilməsi üçün reyestr kodları verilib, xidmətlərin reqlamentlərinin hazırlanmasına köməklik edilib.
Bir neçə ay bundan öncə ölkə mətbuatında aparılan bir jurnalist araşdırmasında Naxçıvanda “elektron hökumət” sahəsində görülən işlər ölkə səviyyəsində nümunə kimi göstərilib.
Naxçıvanın bu sahədə də öncüllüyünü qoruyub saxladığı hamıya məlumdur. Lakin müşahidələrimiz göstərir ki, vətəndaşlarla daha çox ünsiyyətdə olan bəzi qurumlar xidmətlərin və ödənişlərin elektronlaşdırılmasını ya həyata keçirə bilmirlər, ya da bunda maraqlı deyillər. Halbuki bu xidmətlər elektronlaşdırılsa, həm vətəndaşların rahatlığı, ödənişlərin şəffaflığı təmin olunar, həm də bu qurumların illik hesabat məruzələrində bu sahədə nöqsanların olması ilə bağlı faktlar təkrarlanmaz.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vətəndaşların ən çox müraciət etdiyi dövlət qurumlarından biridir. Məlumat üçün qeyd edək ki, bu dövlət orqanı daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı olmaqla, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir.
Doğrudur, qurum elektron müraciətlərin cavablandırılması sahəsində işini qurmağa çalışsa da, elektron xidmətlərin göstərilməsi sahəsində hələ ki nəzərəçarpacaq bir addım müşahidə olunmur. Təəssüf ki, digər sahələr üçün nümunəvi sözünü deyə bildiyimiz halda, bu qurumun xidmətlərinin elektronlaşma səviyyəsi üçün bunu demək olmaz. Məsələn, ölkə üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrini həyata keçirən qurum – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “elektron hökumət” portalında 15 interaktiv, 4 informativ xidmət təklif etdiyi halda, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti öz portalında cəmi, hələlik, 4 elektron xidmət təklif edir:
1. Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
2. Daşınmaz əmlak obyektləri barədə kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi üçün müraciətin və sənədlərin qəbulu
3. Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestri məlumat bazasından arayışların, ünvan xəritələrindən çıxarışların, digər ünvan məlumatlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu
4. Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətlərin və müvafiq sənədlərin elektron və ya skan edilmiş formatda rəsmi qəbul edilməsi.
Araşdırma apardığımız dövrdə bizə qurumdan verilən arayışda göstərilir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 30 aprel 2014-cü il tarixli qərarına əsasən, “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli qərarında edilən dəyişikliklərlə xidmət tərəfindən elektron xidmətlərin göstərilməsi siyahısına əlavələr edilərək onların sayı 12-dən 18-ə çatdırılıb. Fakt faktlığında qalır ki, hələlik, “elektron hökumət” portalında 4 elektron xidmət təklif edilir və bu, sadəcə, təklif səviyyəsində qalmaqdadır. Başqa sözlə desək, buradan vətəndaşlara elektron xidmətin göstərilməsi, demək olar ki, mümkün deyil. Doğrudur, buradakı məlumatlarda ödənişlərin həyata keçirilməsi üçün Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində açılmış müxbir hesab və kod öz əksini tapsa da, qurum elektron formada xidmət haqlarının və rüsumların ödənilməsi üçün heç bir xidmət təklif etmir. Halbuki bu gün elektron ödənişlərin, nağdsız hesablaşmaların genişləndirilməsi muxtar respublikada diqqət mərkəzində olan məsələlərdəndir. Çünki bu formalı ödənişlərin elektron formada həyata keçirilməsi bir sıra mənfi halların qarşısını dərhal alır. Məsələn, dövlət rüsumundan artıq ödəniş etməkdən şikayətlənən bəzi vətəndaşlarımız rüsumları birbaşa ödəyər. Yaxud da fərdi yaşayış evləri üçün hazırlanmış texniki pasportlarda torpaq sahəsinin ölçülərinin düzgün əks olunmaması, natura ilə sənədlərin fərqli olmasına çalışan bir sıra “ərköyün vətəndaşlarımız” bu niyyətlərini hər hansı formada həyata keçirə bilməzlər.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İnformasiya texnologiyaları və məlumat bazası sektorundan deyirlər ki, bu xidmətlərin göstərilməsi üçün müvafiq işlər görülüb və xidmətlər barədə lazımi informasiyalar “elektron hökumət” portalı üçün təqdim olunub.
Xidmətdən bu istiqamətdə görülən işlərlə bağlı aldığımız məlumatda qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “elektron hökumət” portalına qoşulması və fəaliyyətinin təmin edilməsi üçün ehtiyac olan avadanlıqlar müəyyənləşdirilib. Mütəxəssislər tərəfindən daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarə edilməsi sisteminin “elektron hökumət” portalında fəaliyyətini təmin etmək üçün xidmət tərəfindən iki ədəd yeni server alınıb. Serverlərdən biri məlumat bazasının saxlanması, digəri məlumat bazasına müdaxilə olunmadan kənardan qoşulmaq, elektron xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, xidmətlərin elektronlaşdırılması üçün digər mühüm faktor daşınmaz əmlakın məlumat bazasının yaradılması və Milli Qeydiyyat Sistemi proqramının hazırlanmasıdır. Qurumdan verilən məlumatda göstərilir ki, xidmət yarandığı andan daşınmaz əmlakın məlumat bazası yaradılıb və Milli Qeydiyyat Sistemi proqramı vasitəsilə, yəni avtomatlaşdırılmış şəkildə idarə olunması təşkil edilib.
Arayışda öz əksini tapan məlumatlar kifayət qədər maraqlı, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində olduğumuz zaman elektron xidmətlərin həyata keçirilməsi üçün böyük çətinliklərin olduğu barədə bizə verilən izahatlar təəccübləndirici, digər nazirlik və dövlət qurumlarının üzərinə düşən vəzifəni yerinə yetirməli olduğu ilə bağlı iddialar özünümüdafiə xarakterlidir. Fakt isə faktlığında qalır ki, fərmandan 3 il ötməsinə baxmayaraq, hələ ki, vətəndaşlara elektron xidmətlərin göstərilməsi məsələsi öz həllini tapmayıb. Bu elektron xidmətlərin təşkil edilməməsinin günahkarı isə biz deyilik. Biz, sadəcə, vətəndaşı maraqlandıran məsələni araşdırmağa cəhd göstərən tərəfik. Ona görə də müraciətimizə “elektron xidmətlərin qurulması çətin işdir, gəl kömək et, quraq” kimi ifadə ilə deyil, əməli işlə cavab vermək lazım idi.
Elnur KƏLBİZADƏ