Duzdağ Fizioterapiya Mərkəzində pulsuz müalicə alan Gürcüstanın Acarıstan Muxtar Respublikasından olan uşaqlar dünən vətənlərinə geri döndülər. Məlumat üçün deyək ki, Acarıstandan gələn qrupda 28 nəfər var idi. Onlardan 23 uşaq müalicə üçün gəlmişdi. Digər 5 nəfər isə Acarıstan Səhiyyə Nazirliyinin əməkdaşları və valideynlər idilər.
Müalicələrinin sonuncu günü Duzdağ Fizioterapiya Mərkəzinə gedərək onlarla söhbət etdik. Müalicələrinin necə nəticə verməsi ilə maraqlandıq, onların qədim diyarımız barədə təəssüratlarını öyrəndik. Söhbətə 10 yaşlı Aleksandr Qiorqiyeviç Bajunaişvili ilə başladıq. Yaşının az olmasına baxmayaraq, fikirlərini aydın ifadə edən balaca Aleksandr Duzdağ Fizioterapiya Mərkəzində aldığı müalicənin müsbət nəticələrindən və qədim Naxçıvanın onu heyran etməsindən xeyli danışdı. O dedi:
– Mən üç il bundan əvvəl nəfəs darlığına səbəb olan astma xəstəliyinə tutulmuşam. Həkimlər və valideynlərim deyirlər ki, bizim yaşadığımız Batuminin rütubətli havası da mənim xəstəliyimə pis təsir edir. Ancaq mən Naxçıvana gələndə birinci buranın təmiz havası çox xoşuma gəldi. Burada nəfəs almaq mənim üçün vətənimə nisbətən daha asan idi.
Duzdağ Fizioterapiya Mərkəzindəki nəhəng tunelə gələndə isə daha da rahatlaşırdım. Gecələri hamımız burda bizim üçün ayrılmış yerlərdə yatırdıq. Bu yaşımadək mən heç öz doğulduğum Acarıstanda bu qədər rahat yata bilmirdim. Orada xəstəliyimin sağalması üçün çox dərman qəbul edirdim, ancaq xeyiri olmurdu. Duzdağda isə elə bil gözəgörünməz bir qüvvə mənə hər gün daha çox şəfa verirdi. İndi özümü tam sağlam hiss edirəm. Ona görə də çox sevinirəm.
Məni ən çox Naxçıvanın təbiəti heyran etdi. Buranın havası, suyu çox yaxşıdır. Bizi Batabat yaylağına aparmışdılar. Yol boyu avtomobilin pəncərəsindən ətrafı seyr etdim. Hər tərəf gözəl və səliqəli idi. Batabat isə nağıllarda oxuduğum yerlərə bənzəyirdi. Naxçıvanda hər şey çox yaxşıdır. Burada sağlamlığımıza qovuşmağımız isə bizdə sözlə ifadə edə bilməyəcəyim gözəl hisslər yaradıb.
Aleksandrın anası Keti Camalovna Xajaliya söhbətimizə qoşularaq deyir:
– Uşaqlarımızın çarəsiz xəstəliyə düçar olduğunu düşünən biz valideynlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova nə qədər minnətdarlıq etsək, azdır. Bizim övladlarımızın müalicəsi üçün hər cür şərait yaradan muxtar respublika rəhbərinə dərin minnətdarlığımızı bildiririk. Bura gəldiyimiz ilk gündən bizə çox böyük diqqət göstərildi. Nümunəvi Naxçıvan qonaqpərvərliyini gördük.
Duzdağ Fizioterapiya Mərkəzində biz hər cür qayğıyla əhatə olunduq. Həkimlər uşaqların vəziyyəti ilə tez-tez maraqlanırdılar. Müalicənin gedişini xüsusi diqqətdə saxlayırdılar. Hər bir istəyimiz dərhal yerinə yetirilirdi. Baş həkim Ruslan Süleymanovun uşaqlarla söhbəti, onları sağalacaqlarına, daha da yaxşı olacaqlarına inandırması müalicənin yaxşı nəticələnəcəyindən xəbər verirdi.
Budur, mənim oğlum artıq sağalıb. Əvvəllər çoxsaylı dərmanlardan istifadə edirdiksə, indi heç bir dərmana ehtiyac duymuruq. Buna görə bizimlə maraqlanan hər kəsə minnətdarlıq edirəm.
Açıq-aşkar görünürdü ki, müalicəsi uğurla başa çatan uşaqların hər birinin simasında sevinc var. Onlardan 8 yaşlı Tamta Cabulovna Dzirkvadze bizə yaxınlaşdı, balaca uşaqlara xas olan ədayla kəlməni-kəlməyə calayaraq dostlarının adından minnətdarlıq edəcəyini dedi:
– Müalicə olundum. Mən də, dostlarım da sağaldıq. Anama söz vermişəm ki, buradan qayıdandan sonra xəstələnməyim. Dedim ki, Naxçıvandakı həkimlər məni sağaldıb ki, Acarıstanda xəstələnməyim, heç kəsi incitməyim. Sağaldığım üçün hər gün məktəbə gedəcəyəm, dərslərimi yaxşı oxuyacağam. Bir də burdan uzaqda olsam da, mənim sağalmağıma kömək edənlərə hər gün dua edəcəyəm...
Söhbətə qoşulan 11 yaşlı Tema Şavidze balaca Tamtanın dediklərinə əlavələr etmək istədiyini bildirdi:
– Əslində, Tamta da, mən də, digər uşaqlar da onu demək istəyirik ki, biz Naxçıvanda təkcə müalicə olunmadıq, həm də gəzdik, çox gözəl tarixi yerlərlə, təbiət mənzərələri ilə tanış olduq. Mən və digər uşaqlar Naxçıvandakı muzeyləri gəzəndə çox şey öyrəndik. Bizə ətraflı məlumat verildi. Mən tarixə maraq göstərdiyim üçün çox sevindim.
Temanı diqqətlə dinləyən valideyni Keti İmnadze Zaureyevna gülə-gülə dedi:
– Bu yaşda uşaqlar hər şeyə maraq göstərirlər. Əslində, Tema bura gəlməmişdən əvvəl başqa sahəylə maraqlanırdı. Ancaq Naxçıvandakı tarixi abidələri gəzərkən bu abidələrin tarixi ilə də maraqlanmağa başladı. Görürdüm ki, arada bələdçimizə əlavə suallar verir. Onda anladım ki, Tema artıq tarixi öyrənməyə meyil göstərir. Mən ona haqq qazandırıram, çünki biz hər dəfə hansısa muzeyi, tarixi abidəni gəzəndə və bizə Naxçıvanın tarixinə dair məlumat veriləndə heyrətə gəlirdik. Sizin torpağınızın çox qədim və maraqlı tarixi var və bunları öyrənən hər kəs daha çox məlumat almaq ehtiyacı hiss edir.
Gəzdiyimiz Möminə xatın türbəsi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Xan Sarayı, Nuh Peyğəmbərin məqbərəsi, xüsusən Əshabi-Kəhf ziyarətgahı həm uşaqları, həm də bizi heyran etdi. Bizim hamımızın ümumi rəyi belədir ki, Naxçıvan sirli-sehrli, möcüzəvi bir yerdir. Mən gördüklərimə əsaslanıb deyə bilərəm ki, Naxçıvan açıq səma altında muzeydir. Onun hər daşının altında min illərin tarixi yatır.
Təkcə bizim üçün deyil, bəşəriyyət üçün digər başqa bir möcüzə isə Duzdağdır. Bura istər uşaqlar, istərsə də böyüklər üçün təbii şəfa mənbəyidir. Mən çox sevincliyəm ki, övladım məhz burada şəfa tapdı.
Liza İmnadze artıq 3 ildir ki, hər il Naxçıvana gəlir, Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunur. Onun dediyinə görə, xəstəliyi çox ağırlaşdığı üçün əziyyət çəkirdi. Ancaq Duzdağda müalicə edildikdən sonra sağlamlığına qovuşub. Lizanın tam sağlamlığına qovuşması üçün həkimlər bir neçə müalicə seansının qəbul edilməsini tövsiyə ediblər. Və artıq nəticə əldə edilib:
– Mən elə bilirdim ki, sağalmayacağam. Ancaq Duzdağda müalicədən sonra möcüzəyə inandım. Mənim üçün bu möcüzə isə sağlamlığıma qovuşmağımdır. Bizim bura gəlməyimizə, burada müalicəmizin təşkil olunmasına köməyini əsirgəməyənlərə minnətdarlıq edirəm.
Mən hər il Naxçıvana gələndə burada çox yeniliklərlə qarşılaşıram. Görürəm ki, Naxçıvan ildən-ilə daha da gözəlləşir. Yeni binalar salınır, yollar və ətrafları daha da abadlaşır. Naxçıvan mənim üçün gözəl, doğma bir yerdir...
Bu məqamda İrema Mevludovna İmnadze söhbətə qoşularaq təkcə qızı Lizanın deyil, bura gələn valideynlərin və Acarıstan nümayəndələrinin də Naxçıvana heyran qaldıqlarını bildirdi:
– Naxçıvan çox böyük sürətlə inkişaf edir. Mən qızımla bərabər 3 ildir, bura gəlirəm. Lizanın dediyi kimi, hər il çox böyük, genişmiqyaslı müsbət dəyişikliklərin şahidi oluram. İnfrastrukturunuz yüksək səviyyədə qurulub. Buna görə də hesab edirəm ki, Naxçıvanda turizmin inkişafı üçün hər cür şərait var.
Naxçıvanda çox gözəl binalar var, otellər müasir tələblər səviyyəsindədir. Buna qonaqpərvərliyi də əlavə etsək, onda Naxçıvana gələn hər bir xarici ölkə vətəndaşının özünü doğma vətənindəki kimi rahat hiss etdiyini deyə bilərəm.
Təbii ki, övladı xəstə olan mənim kimi valideynlərin diqqətini daha çox Duzdağ Fizioterapiya Mərkəzi çəkir. Onu da deyim ki, mən Acarıstan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin baş mütəxəssisi işləyirəm. Yəni tibb işçisiyəm. Ona görə həm də məsələnin bu yönünə diqqət yetirirəm. Duzdağda xəstələr üçün yaradılan şərait və onların müalicəsinə göstərilən diqqət çox yüksək səviyyədədir. Naxçıvan Muxtar Respublikasının rəhbəri burada belə bir möhtəşəm müalicə mərkəzini yaratmaqla, əslində, insanlığa böyük töhfə verib. Mənim dediklərim fikirləri həmkarım Marika Tursunovna da təsdiq edə bilər.
İrema İmnadze bildirdi ki, xanım Marika ilə birlikdə çalışırlar. Yəni o da Acarıstan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin baş mütəxəssisidir. Marika Xalvaşi Acarıstandan gələn qrupun rəhbəri kimi uşaqların müalicələrinin təşkilini çox yüksək qiymətləndirərək dedi:
– Hazırda Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında dostluq və əməkdaşlıq sürətlə inkişaf edir. Bu tədbir də əməkdaşlığın bir nümunəsidir.
Biz bir daha şahidi oluruq ki, astma xəstəliyindən əziyyət çəkən uşaqlar Naxçıvanda müalicə aldıqdan sonra səhhətləri yaxşılaşır, dərman preparatlarından asılı vəziyyətə düşən bəzi uşaqlar artıq bu asılılıqdan xilas olurlar.
Acarıstan ilə Naxçıvan arasındakı mehriban əlaqələr gələcəkdə də bu kimi humanitar aksiyaların davam etdirilməsinə şərait yaradır. İnanıram ki, növbəti illərdə digər acarıstanlı uşaqlar da Duzdağ kimi möcüzə məkanında şəfa tapacaqlar.
Biz çox xoş təəssüratla buradan ayrılırıq. Qonaqpərvərliyinizə görə çox sağ olun.
Söhbəti qələmə aldı:
Rauf ƏLİYEV