Artıq Bilik Günü yaxınlaşır. Bu ərəfədə övladları məktəbə gedəcək valideynlərin qayğıları da artır. Əvvəllər onlar məktəbli övladları üçün geyim dəsti, dərs ləvazimatları əldə etməkdən ötrü ayrı-ayrı ünvanlara üz tuturdular. Bəzən bazarlardakı qiymətlər də münasib olmurdu. Bu cəhətdən artıq neçə ildir ki, Naxçıvan şəhərində təşkil olunan ənənəvi məktəbli yarmarkalarının böyük əhəmiyyəti var.
Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazarda təşkil olunan yarmarka hər gün saat 900-dan 1400-ə kimi əhaliyə xidmət göstərir. Yüzlərlə adamın müraciət etdiyi yarmarkada olduq. O an yadıma məktəbli olduğum illər düşdü. Yenicə müstəqillik qazanmış dövlətimizdə o zaman bütün sahələrdə olduğu kimi, təhsilimizdə də vəziyyət acınacaqlı idi. Lazım olan dərsliklərin tapılmaması, yaxud onların bazarlarda çox baha qiymətə satılması adi hal idi. Artıq o günlər xeyli geridə qalıb. Bu mənada indi orta məktəblərdə təhsil alan şagirdlərə qibtə ilə baxmaq olar. Onlar üçün məktəbli yarmarkasında nə istəsən var. Geniş sahədə piştaxtalar üzərinə səliqə ilə düzülmüş çeşid-çeşid məktəbli ləvazimatları, nümunə üçün asılqanlardan asılmış məktəbli formaları belə deməyə əsas verir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarmarkada məktəbli ləvazimatları ilə yanaşı, test kitabları, bədii ədəbiyyat nümunələri də satışa çıxarılır. Buraya üz tutanlar təkcə Naxçıvan şəhərinin sakinləri deyildi. Muxtar respublikanın ayrı-ayrı rayonlarından, ucqar kəndlərindən də gələnlər var idi.
40-dan çox sahibkarlıq subyektinin iştirak etdiyi məktəbli yarmarkasında Naxçıvan şəhərində fəaliyyət göstərən yerli istehsal müəssisələrinin məhsulları da satışa çıxarılır. Alıcılar yarmarkanın təşkilindən razılıq edirlər. Satılan məhsulların üzərində qiymət yarlıqları da var idi.
Bu malların qiymətləri alıcıları razı salır. Bunu həmsöhbət olduğum adamlar da təsdiqlədilər. Valideyn Cahan Əsədovanın dediklərindən: – Bir neçə ildir ki, təşkil olunan bu yarmarka valideynlərin işini xeyli yüngülləşdirib. Bu il də iki övladıma məktəbli forması və ləvazimatlarını heç bir çətinlik çəkmədən buradan ala bildim.
O, belə yarmarkaların təşkil olunmasına görə dövlətimizə minnətdar olduğunu bildirdi.
Qeyd edək ki, yarmarkada müəllimlərimiz üçün də lazım olan ləvazimatlar satışa çıxarılıb. “Müəllimin proqram dəftəri”ni alan Şəhla müəllimə deyir ki, hər il özümə lazım olan bütün məktəb ləvazimatlarını bu yarmarkadan alıram. Onu da əlavə etdi ki, həm seçim imkanı çoxdur, həm də qiymətlər sərfəlidir.
Yarmarkadan razılıq edənlər təkcə alıcılar deyildi. Burada iştirak edən fiziki şəxslər də yarmarkanın təşkilindən razılıq edirlər. Onlar yaradılan şəraitdən ağızdolusu danışdılar, bu xeyirxah işin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.
Məlumat üçün qeyd edək ki, məktəbli yarmarkası sentyabrın 15-dək davam edəcək.
Sara ƏZİMOVA