Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunan acarıstanlı uşaqlar müalicə kursları başa çatdıqdan sonra ölkələrinə geri dönüblər. Sentyabrın 5-də “Duzdağ” otelinin qarşısında qonaqları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev, Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Ruslan Süleymanov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin nümayəndələri yola salıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Gürcüstanın Acarıstan Muxtar Respublikası ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələr müxtəlif sahələrdə, həmçinin səhiyyə sahəsində öz bəhrələrini verməkdədir. Artıq üçüncü ildir ki, astma xəstəliyindən əziyyət çəkən xeyli sayda acarıstanlı uşaq Naxçıvan Muxtar Respublikasının Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunur. Burada olduğunuz 12 gün müddətində müalicə olunmaqla yanaşı, Naxçıvanın gəzməli-görməli yerləri ilə də yaxından tanış olmaq imkanınız olub. Hər birinizə cansağlığı və yaxşı yol arzulayırıq.
Acarıstanlı uşaqların qrup rəhbəri Marika Xalvaşi onlara yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci ilin yanvar ayında Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfəri zamanı səhiyyə sahəsində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb, tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıstanlı uşaqların Naxçıvanın Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunması barədə təklif razılıqla qarşılanıb, ötən müddət ərzində aztəminatlı 56 acarıstanlı uşaq burada pulsuz müalicə kursu keçib.
Xəbərlər şöbəsi