İşaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri davam etdirilir. Bunun üçün yerli məşğulluq mərkəzləri tərəfindən xidməti ərazi üzrə idarə, müəssisə və təşkilatlarla mütəmadi əlaqələr saxlanılaraq işaxtaran vətəndaşların seçimi üçün boş iş yerləri barədə məlumatlar toplanılır və əmək yarmarkalarına təqdim edilir. Növbəti belə əmək yarmarkası dünən Naxçıvan şəhərində keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov açıb. Qeyd olunub ki, Naxçıvan şəhərində aparılan tikinti-quruculuq işlərinin genişləndirilməsi, müxtəlif istehsal və xidmət sahələrinin yaradılması nəticəsində ötən il olduğu kimi, cari ildə də xeyli iş yeri yaradılıb. Bu da işaxtaran vətəndaşların qarşısında geniş imkanlar açır. Keçirilən əmək yarmarkaları isə əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm rol oynayır.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov çıxış edərək bildirib ki, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi, əhalinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda uğurla davam etdirilən bu strateji xətt muxtar respublikamızın sosial-iqtisadi inkişafını sürətləndirməklə bərabər, yoxsulluğun aradan qaldırılmasına da geniş imkanlar açıb. Mütəmadi olaraq təşkil edilən əmək yarmarkaları isə qarşıya qoyulmuş vəzifələrin icrası yönündə həyata keçirilən tədbirlərdəndir.
İşaxtaran vətəndaşlar Xəyalə İbrahimova və Sabirə Xəlilova yarmarkanın təşkilində əməyi olanlara minnətdarlıq edərək bildiriblər ki, vətəndaşların müvafiq işlərlə təmin edilməsində əmək yarmarkalarının əhəmiyyəti böyükdür. Hər bir işaxtaran burada öz ixtisasına və bacarığına uyğun iş tapa bilər. Sevindirici haldır ki, iş yerləri haqqında müəyyən məlumatları aidiyyəti qurumların burada təmsil olunan nümayəndələrindən almaq mümkündür.
Qeyd edək ki, Naxçıvan şəhərində təşkil edilən əmək yarmarkasına 44 təşkilatdan 449 boş iş yeri təqdim olunub. Yarmarkada 35 nəfərə göndəriş verilib.
Muxtar MƏMMƏDOV