22 Dekabr 2024, Bazar

Ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması, yeni iş yerlərinin yaradılması, yoxsulluq səviyyəsinin daha da aşağı düşməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilir. Şərur rayonunda keçirilən növbəti əmək yarmarkasında bu barədə danışılmışdır.
Tədbiri giriş sözü ilə açan rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov demişdir ki, bu gün məşğulluq sisteminin inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, əmək bazarının tənzimlənməsi və qeyri-məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsidir. Bu siyasətin yerlərdə icrası bilavasitə məşğulluq xidməti orqanlarının üzərinə düşür. Odur ki, mərkəzin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində olan boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər.

Bu gün keçirilən əmək yarmarkasına 22 özəl və dövlət müəssisəsindən 264 boş iş yeri çıxarıldığını bildirən mərkəzin direktoru belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini vurğulamışdır.
İşaxtaran vətəndaş Samirə Tahirli tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Əmək yarmarkasında çıxış edən Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərov vurğulamışdır ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində muxtar respublikamızda, eləcə də Şərur rayonunda çoxsaylı yeni iş yerləri yaradılmışdır. Qeyd olunmuşdur ki, əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində muxtar respublikamızda müvafiq tədbirlər həyata keçirilir. Xüsusilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın birinci mərhələsinin uğurlu icrası yoxsulluğun nəzərəçarpacaq dərəcədə azalmasına gətirib çıxarmışdır. Həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır və muxtar respublika sakinləri tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir.
Qeyd edək ki, əmək yarmarkasında 37 nəfərə işə göndəriş verilmiş, 15 nəfər isə ictimai işlərə cəlb olunmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR