Xroniki böyrək çatışmazlığı bu gün dünya tibb elminin qarşısını ala bilmədiyi ən ağır xəstəliklərdən biridir. Bu xəstəlik nəticəsində insan böyrəklərində olan nefronlar – sadə dillə desək, süzgəc toxumalar sıradan çıxır və böyrəklər orqanizmin filtri rolunu oynaya bilmir. Böyrək bədəndən zəhərli maddələri təmizləyib, ifraz edə bilmir. Zəhərli maddələrin bədəndə toplanması ölümlə nəticələnir. Bu cür xəstələrə dializ – qanı süni böyrək vasitəsilə təmizləmə tətbiq olunur. Onların qanı həftədə üç dəfə süni yolla bədəndən çıxarılır, süni böyrək aparatında süzülərək yenidən bədənə qaytarılır. Süni böyrək rolunu oynayan bu əməliyyat “hemodializ” adlanır. Bu üsul xəstəliyi tam müalicə edib aradan qaldırmır, yalnız xəstələrin ömrünün uzadılmasına kömək edir. Dünyada belə müalicə üçün ilk cəhdlər hələ 19-cu əsrin ortalarında edilsə də, onun insan üzərində uğurlu tətbiqi İkinci Dünya müharibəsinin qızğın dövründə – 1943-cü ildə Hollandiyada həyata keçirilib. Naxçıvan Muxtar Respublikasında hemodializ müalicəsinə ilk dəfə 2003-cü ildə başlanılıb. Son illərdə istər aparatların alınıb gətirilməsi, istər kadr hazırlığı istiqamətində məqsədyönlü addımlar atılır.
Qeyd edilməlidir ki, əvvəllər xroniki böyrək çatışmazlığı olan xəstələr muxtar respublikamızda hemodializ aparatlarının məhdudluğu üzündən paytaxt şəhərimiz Bakıya, qonşu xarici ölkələrə gedirdilər. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Dializ bölməsinin müdiri Xumar Həsənovadan aldığımız məlumata görə, hazırda muxtar respublikanın səhiyyə müəssisələrində 24 müasir hemodializ aparatı fəaliyyət göstərir ki, onlardan da 10 ədədi Naxçıvan Diaqnostika-Müalicə Mərkəzindədir. Rayon mərkəzi xəstəxanalarında hemodializ xidməti üçün ayrıca şöbələr yaradılıb. Şöbələrdə xəstələrə Almaniya istehsalı olan müasir aparatlarla seanslar verilir. Şöbələr 2 növbəli, lazım gəldikdə isə 3 növbəli iş rejimində işləyir.
Qeyd edək ki, hazırda muxtar respublikada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 85-dir. Kəngərli rayonunun Xok kəndindən olan 1981-ci il təvəllüdlü Güldanə Hüseynovanın dediklərindən:
– Uzun illərdir, bu xəstəlikdən əziyyət çəkirəm. Əvvəllər Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə gedirdim. Bu, mənim üçün çox çətin olurdu. Eşidəndə ki, Kəngərli Rayon Mərkəzi Xəstəxanasında belə bir aparat olacaq, çox sevindim. Çünki dörd övladım var. Onların qayğıları bir ana kimi daha çox mənim üzərimə düşür. Zamanımın hər anı önəmlidir. İndi vaxtım çox itmir. Buradakı tibbi heyətdən də çox razıyam.
Culfa rayonundan olan şəhid atası Arif müəllim də bu xəstəlikdən əziyyət çəkir. O deyir:
– 78 yaşım olsa da, yaşamaq həvəsim böyükdür. Yaşım imkan vermir ki, çox yol gedəm. Bu xəstəliyə düçar olduqdan sonra vəziyyətim çox pis oldu. Əvvəllər rayonumuzun xəstəxanasında hemodializ xidməti yox idi. Bunun üçün xarici dövlətlərə üz tuturdum. Artıq o əzablı günlərim arxada qalıb. Rayonumuzda müasir xəstəxana tikilib. O zaman xəstəxana inşa olunanda ilk olaraq bu aparatın olub-olmaması ilə maraqlandım. Eşidəndə ki, belə bir aparat rayonumuzda da olacaq, çox sevinmişdim. Bunun üçün dövlətimizə minnətdaram.
Naxçıvan şəhərindən olan 1974-cü il təvəllüdlü Xatirə Cəfərova da muxtar respublikada xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanlara belə şərait yaradıldığına görə minnətdar olduğunu bildirdi. Naxçıvan şəhərindən olan İlyas Əliyev deyir:
– Mən də xroniki böyrək çatışmazlığından əziyyət çəkirəm. Əvvəllər muxtar respublikada bu xidmət olmadığından uzun müddət Bakı şəhərində qaldım. Çox əziyyətlər çəkdim. İndi şükür, həm ailəmin yanındayam, həm də Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində həkim tərəfindən təyin olunmuş proqrama uyğun olaraq, həftədə iki və ya üç dəfə 4 saat olmaqla, hemodializ xidmətindən yararlanıram. Onu da xüsusilə qeyd etməliyəm ki, pulsuz dərman preparatları ilə tam təmin olunuruq. Bunun üçün Naxçıvan Muxtar Respublikası rəhbərinə ailəm adından minnətdaram.
Sara ƏZİMOVA