22 Dekabr 2024, Bazar

Cəmiyyət inkişaf etdikcə insanların ehtiyacları da dəyişir. Bu ehtiyaclar isə gündən-günə yeni istehlakçı trendlərinin yaranmasına gətirib çıxarır. Bu gün dünyanın bütün inkişaf etmiş ölkə­lərində olduğu kimi, Azərbaycanda da sağlamlıq həyat tərzinə çevrilir. Bunun bir çox səbəbləri var. Əsas səbəb isə dünya alimlərinin də üzərində təkidlə durduğu müasir dünyamızın daha çox mobilləşməyə, texnoloji yeniliklərə doğru getməsidir. Əlbəttə, yenilikləri qəbul etməmək və yaxud bunun tətbiqinin qarşısını almaq kimi fikirlərdən uzağıq. 

Ancaq bəşəriyyətin incisi sayılan insanların sağlam həyat tərzi keçirməsi bu gün qarşımızda əsas məqsəd kimi dayanır. Doğrudur, bu gün ölkəmizdə insanların sağlam yaşaması dövlətimizin əsas vəzifələrindən biridir və bu istiqamətdə çoxsaylı addımlar atılır. Ancaq burada əsas məsələlərdən biri, hətta birincisi, hər bir vətəndaşımızın fərdi olaraq sağlam həyat tərzinə baxış və düşüncələri, bu sahədə əlavə biliklərə yiyələnməsidir.

Hamı sağlam olmaq istəyir, hamı uzun ömür sürmək arzusundadır. Amma bunu hər kəs bacarmır. Bilirsiniz niyə? Uca Tanrının yaratdığı insan nə qədər ana təbiətdən uzaq düşürsə, bu təbiətin ona verdiyi nemətləri “gözəlləşdirib” qəbul edirsə və özü-özünün həkimi olmağı bacarmırsa, deməli, yuxarıda söylədiklərimizi də hər zaman elə arzu olaraq səsləndirəcəyik. Dünyada xoşbəxt xalqlar onlar sayılır ki, həmin xalqların vətəndaşları sağlamdırlar. Sağlam gəncliyi olmayan bir ölkənin gələcəyi də qaranlıq olar. Xalqımız hər zaman mənəviyyatı, qəhrəmanlığı, qonaqpərvərliyi ilə tanındığı kimi, ölkəmiz də uzunömürlülər diyarı kimi tanınıb. Biz həmişə ölkəmizin müxtəlif iqlim qurşaqları, təbiəti, suyu, torpağının bərəkəti ilə fəxr etmişik. Çalışmalıyıq ki, bu nemətlərdən düzgün yararlana bilək. İndi bəziləri düşünə bilər ki, bu fikirləri çox eşitmişik, bunun sağlamlıq və uzunömürlülüklə əlaqəsini bu və ya digər formada bilirik, lakin sonda ölümlə nəticələnən xəstəliklərin qarşısında bunun faydası yoxdur. Çünki intellekt və texnologiya əsri sayılan iyirmi birinci əsr hələ də bir çox xəstəliklərin əlində acizdir. Məhz insanları da çaşdıran budur! Necə olur ki, intellektli insan minlərlə kilometr uzaqlıqda yerləşən qalaktikaları izləyə bilir, bir neçə saniyə ərzində “fəxr etdiyi” silahla az qala bir ölkəni məhv edə bilir, ancaq özünə yaxından da yaxın – daxilində olan xəstəliyin əlində aciz qalır? Cavab isə çox sadədir: insanlar onlar üçün “proqramlaşdırılan” bütün vasitələri öz əlləri ilə məhv edirlər. Bu “pro­qramlaşdırma”da isə təbiətin bizə bəxş etdiyi əsas ünsürlər – hava, su, təbii qidalar, Günəş əsas rol oynayır. Əgər bunlardan biri olmazsa və ya yetərincə olmazsa bütün canlılar məhv olar. Təsəvvür edək ki, qaranlıq, havasız bir yerə bir parça daş qoymuşuq. O daşı bir müddət sonra çıxarsaq, onda heç bir dəyişikliyin getmədiyini görəcəyik. Ancaq bunu bitkilərə aid etmək olmaz. İstənilən bir bitkini ən yaxşı torpaqda becərsək də, ona daim su versək də, əgər Günəş işığı yoxdursa, o inkişaf etməyəcək. Çünki bitki daşdan fərqli olaraq canlıdır. İnsanlar da belədir. İnsanın fiziki varlığını sürdürməyə vadar edən əsas vasitə qandır. Tibb elminə görə, insan orqanizmində 70 trilyondan çox hüceyrə var ki, bu hüceyrələrin də əsas qidası qandır. Bu hüceyrələrin fəaliyyəti nəticəsində biz düşünür, qaçır, gülür, əl-qol açır və sair hərəkətlər edirik. Biz yalnız o zaman xəstələnirik ki, həmin hüceyrələr aktiv fəaliyyət göstərə bilmir. Dünyanın əksər naturopat alimlərinin gəldiyi yekdil fikir budur ki, bütün xəstəliklərin yaranmasının iki səbəbi var: ya qan təmiz deyil, yaxud qan orqanizmdə düzgün hərəkət (sirkulyasiya) etmir. Qanın təmiz olmamasına yeganə səbəb isə düzgün qidalanmamaqdır. Düzgün qida­lanmamaq dedikdə çoxlarımız belə başa düşürük ki, bu, vaxtında qidalanmamaqdır. Lakin bu belə deyil. Yenə də təbii qidalanma üzrə məşhur alimlərin əsərlərinə müraciət etsək, görərik ki, düzgün qidalanma dedikdə təbii qidalardan istifadə nəzərdə tutulur. Təbii qidalar isə təbiətdən əldə edilən qidaların (meyvə-tərəvəz, göyərti, çərəz və sair) tərkibinə toxunmadan istifadə edilən qidalardır. Bu qida növlərinin tərkibində insan orqanizmi üçün faydalı olan xeyli sayda vitaminlər var ki, bunlar orqanizmdə qanın təzələnməsinə mühüm təsir göstərir. Həm də bu qidalar mədədə tez həzm olunur. Hamımıza məlumdur ki, həzm olunmayan qida qalıqlarının bir hissəsi orqanizmdən xaric olsa da, bir hissəsi də toksinlərə (zəhərli qida qalıqları) ayrılır. Bu toksinlər isə sonradan müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bəs maraqlıdır, təbii qidalar niyə orqanizmdə parçalanır və sonadək həzm olunur, digərləri isə tam həzm olunmur? Cavab yenə də sadədir. Qısa cavab versək, insan orqanizmi bioloji olaraq təbii qidaların həzm edilməsinə “hesablanıb”. Bundan əlavə, qeyd edək ki, orqanizm üçün qidadan da əvvəl vacib olan sudur. Su elə bir təbii nemətdir ki, bütün canlı bəşəriyyətin varolma səbəbidir. Buna görə də dünyanın məşhur tibb alimləri gündəlik olaraq 2,5-3 litr su qəbul etməyi məsləhət bilirlər. Böyük yapon alimi Katsudzo Nişi sağlam olmaq istəyən hər bir şəxsin gündəlik rasionunda təbii qidaların (meyvə-tərəvəz, göyərti, çərəz) 75 faizədək təşkil etməsini vacib sayır.
Təbii ki, sağlam yaşamağı özünə həyat tərzi seçmiş insan üçün qidalanmaq deyil, necə qidalanmaq əsas şərtdir. Qidalanmanı bir elm kimi təbliğ edən bir çox məşhur alimlərin əsərlərində bu şərtlərə rast gəlmək mümkündür. Onlardan ən əsası da qəbul ediləcək qidanın düzgün çeynənilməsidir. Bu gün çoxumuz fərqinə belə varmadan bu incə məqama diqqət etmirik. Qəbul edilən qidanı 40-50 dəfə çeynəmək həzm prosesini asanlaşdırmaqla bərabər, toksinə çevriləcək qalıqlara da yer vermir. Ancaq bu gün əksəriyyətimiz yeməyi tələsik yeməklə bunun nə qədər zərərli olduğunu düşünmürük. Buna görə də “Dişləri sağlam olanların orqanizmi də sağlam olar”, – deyən alimlərin nə qədər haqlı olduğunu bir daha görürük. Və nəhayət, pəhriz saxlamaq. Təəssüflər olsun ki, müasir həyatda pəhriz saxlamağı insanların çoxu müəyyən məqsədlər üçün edir. Unutmaq olmaz ki, hər bir fəaliyyət sisteminin istirahətə ehtiyacı olduğu kimi, orqanizmin də istirahətə ehtiyacı var. Hələ VII əsrdə Məhəmməd Peyğəmbər deyirdi: “Bütün dərdlərin çarəsi pəhrizdir”. Bunun elmi sübutunu böyük naturopat alim, 8 yaşında ölüm yatağına düşmüş, 16 yaşında isə 9 dəhşətli xəstəlikdən əziyyət çəkmiş Pol Breq “Ac qalma möcüzəsi” adlı əsəri ilə bütün dünyaya bir daha sübut etdi.
“Dünyanın bütün akademiyalarından müdrik və ağıllı olan” (Avraam Zalmanov) canlı orqanizm nə istədiyini özü bilir. Yetər ki, ona düzgün qulluq edəsən. Yazını elə A.Zalmanovun bu ibrətamiz fikirləri ilə də yekunlaşdırırıq: “Bütün elmlərin zirvəsi və tacı sağlamlığa qulluq etmək elmidir, onu bilməyən nadandır”.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR