İyunun 23-də Şahbuz Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirilmişdir. Yığıncağı Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açaraq rayonda sığorta fəaliyyəti sahəsində görülmüş işlərdən danışmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi istiqamətində görülmüş işlərdən danışmış, sığortanın kütləviliyinin əhəmiyyətini qeyd etmişdir. O, muxtar respublikada müxtəlif bədbəxt hadisələrdən zərər çəkmiş ayrı-ayrı vətəndaşlara dəymiş zərərlərin ödənilməsi üzrə faktlar göstərərək sığortanın faydalarını bir daha diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, ötən müddətdə Şahbuz rayonunda da sığorta fəaliyyəti istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, ötən müddət ərzində Şahbuz rayonunda bağlanılmış sığorta müqavilələrinin sayı artmışdır. Bildirilmişdir ki, Şahbuz rayonunda sığorta sahəsində görülmüş işlərlə yanaşı, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və daşınmaz əmlakın icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Əli CABBAROV