Yazını qələmə alarkən Naxçıvanın uzun illər bundan əvvəlki küskün və miskin görünüşü gözlərim önündə canlandı. İndi o Naxçıvandan əsər-əlamət qalmayıb. Qaranlıqdan bir işıq doğub sanki doğma diyarıma. O işıq ki, onun nuru gələcək əsrlərə də bəs edər. Bu isə naxçıvanlıların arzuladığı günlərdir. İndi doğma diyarım qaranlıqdan azad olmuş məmləkətdir. Salınan yaşıllıqlar qoca Şərqin ulu torpağını daha da ecazkar edir. Hər yeri salxım-salxım sallanan akasiya çiçəklərinin ətri bürüyüb. Demək olar ki, hər küçədə bir yeniliklə qarşılaşırsan.
Müasirliklə qədimliyi özündə əks etdirən, arxitektura üslubuna görə bir-birini tamamlayan müasirtipli binalar, səliqəli daşlar düzülmüş səkilər, rahat yollar qurub-yaratmaq əzmi ilə döyünən ürək sahibi zəhmətkeş insanların bacarıqlı əllərinin məhsuludur.
Sayrışan ulduzlar kimi sıralanan milli ornamentlərlə bəzədilmiş küçə fənərləri zülmət gecələri nura boyayır, görənləri öz sehrinə salır.
Naxçıvan şəhəri bütün fəsillərdə gözəl görünür. Ancaq yaz və yay fəsillərinin özünəməxsusluğu şəhərimizə ayrı-ayrı çalarlar gətirir. Bu aylarda insanlar parklara axışır, gözəlliklərdən zövq alırlar. Bəs bizim üçün yaradılan bu gözəllikləri qoruya bilirikmi?
Təəssüf ki, bu sualımıza bəzi məqamlarda “bəli” deməkdə çətinlik çəkirik. Çünki bəzən şəhərimizdəki hər hansı bir istirahət guşəsini, park və ya xiyabanı gəzərkən oranın çirkləndirildiyinin, məişət tullantılarının hər tərəfə dağıdıldığının şahidi oluruq. Tullantı qutularının ən yaxında olmasına baxmayaraq, nədənsə bəzi sakinlərimiz bu qutulardan istifadə etməkdə “çətinlik çəkir”, müxtəlif məişət tullantılarını hara gəldi, atırlar. Bu da minbir əziyyətlə abadlaşdırılmış ərazilərdə xoşagəlməz görüntülərə səbəb olur.
Başqa bir məqama diqqət yetirək. Hər bir məhəllədə azı üç ədəd tullantı qutusu qoyulur. Qutu qoyulmayan məhəllələrdə isə günün müəyyən saatlarında maşınlar gəlir və məişət tullantıları toplanır. Lakin bəziləri üçün bu qutuların qoyulması, deyəsən, əbəsdir. Çünki qutu boş olduğu halda, tullantını onun ətrafına atırlar. Bunun da nəticəsində bir yığın məişət tullantısı meydana çıxır, ətrafda xoşagəlməz qoxular yaradır. Bu da həmin ərazilərdə estetik baxımdan çirkin bir mənzərə yaradır.
Peşəmlə əlaqədar, demək olar ki, hər həftə muxtar respublikanın müxtəlif rayonlarında oluram. Yol boyu maşınlardan atılmış butulkalar, lazımsız əşyaları görmək mümkündür. Hər gün bu “səhvlər” aradan qaldırılır. Yəni atılan bu cür tullantılar toplanılır və ərazidən kənarlaşdırılır. Deməli, müxtəlif təşkilatlar var-qüvvələri ilə şəhər və kəndlərimizi son dərəcə təmiz, abad saxlamağa çalışır, hətta yolların, yaşayış massivlərinin təmizliyinə, park və xiyabanlarımızın gözəlliyinə, təbiətimizin qorunmasına ciddi diqqət yetirirlər. Yaradılan gözəllikləri göz bəbəyi kimi qorumaq haqqında düşünənlərin sayı isə onu yaradanların sayından az olmamalıdır. Unutmamalıyıq ki, yerə atdığımız kiçik bir məişət tullantısını da elə bizdən biri əyilib yerdən götürür. Bu mənada özümüz özümüzə hörmətlə yanaşmalıyıq.
Dünyanın ən sivil ölkələrində məişət tullantılarını hara gəldi, atanlar, öz yaşadığı məkanı yaşanılmaz hala gətirənlər inzibati cəzalardan daha çox, ictimai qınaqla qarşılaşırlar. Yəni bu hərəkəti edənlər üçün ən böyük cəza yoldan keçən bir vətəndaşın haqlı iradıdır. Təbii ki, bundan sonra həmin insan bir daha elədiyi səhvi təkrar etmir, başqalarından etiraz eşitməkdənsə, qaydalara uymağa səy göstərir. Deməli, bu məsələdə ictimai qınağın böyük rolu vardır.
Bir sözlə, muxtar respublikamızın yaşıllıqlarını qorumalı, şəhərimizin təmizliyinə hər birimiz diqqət yetirməliyik. Görülən işlərin, çəkilən zəhmətin boşa getməməsi üçün hamımız birlikdə çalışmalı, şəhərimizin daha təmiz və səliqəli, abad görünməsi üçün əlimizdən gələni etməliyik. Məncə, bu da milli özünüdərkin, milli mənafelərin şəxsi mənafelərdən üstün tutulmasının bir formasıdır. Bundan başqa, bizi əhatə edən mühitin təmizliyi elə biz vətəndaşların sağlamlığı, gələcək nəsillərin ekoloji cəhətdən təhlükəsizliyi deməkdir. Muxtar respublika rəhbərinin gərgin zəhməti ilə yaradılan, tərifi, şan-şöhrəti uzaq-uzaq ellərdə belə, ağızdolusu danışılan Naxçıvanın gözəlliyinə ləkə salmamağı düşünməliyik. Ən önəmlisi bu gözəlliyin real iştirakçısına çevrilməyi bacarmalıyıq: ağac əkməliyik, bağ salmalıyıq, kimlərinsə səhvi ucbatından ekologiyamıza vurulan azacıq zərbənin belə, qarşısını almağa tələsməliyik!!!
Sara ƏZİMOVA