22 Dekabr 2024, Bazar

Burada istirahət edən şagirdlər yaradılan şəraitdən xeyli məmnundurlar

Qəzetimizin 10 iyun tarixli nömrəsində “Ağbulaq İstirahət Mərkəzində bir gün” adlı yazıda burada dövlət dəstəyi hesabına valideynləri ilə birgə istirahət edən məhdud fiziki imkanlı uşaqlara yaradılan şəraitdən, onların yay tətili günlərini səmərəli keçirmələri üçün mərkəzdə reallaşdırılan tədbirlərdən bəhs etmişdik.

Bir qədər sonra məlumat aldıq ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin V-VIII siniflər üzrə 43 nəfər şagirdinə də belə imkan yaradılıb. Yenə də üz tutduq həmin ünvana. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşı Səbuhi Hüseynov və Təhsil Nazirliyinin əməkdaşı Rəşad Əlizadə bizi istirahət mərkəzinin həyətində qarşıladılar. Öyrəndik ki, onlardan başqa, burada daha 4 nəzarətçi-müəllim də var.
Mərkəzdə dincələn məktəblilərin istirahətinin yüksək səviyyədə təşkili ilk baxışdan diqqəti çəkir. Uşaqlar burada bir neçə dərnəkdə öz güclərini sınayırlar. Burada istirahət etdikləri ötən günlərdə məktəblilər arasında şahmat, dama, futbol, gimnastika yarışları, “Mənim Naxçıvanım” mövzusunda şeir və rəsm, həmçinin “Milli rəqslərimizi tanıyaq və yaşadaq” adlı müsabiqələr keçirilib. Həmin müsabiqələrdə müxtəlif nominasiyalar üzrə birinci yerlərə sahib olan 7 məktəbliyə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının və Təhsil Nazirliyinin fəxri fərmanları verilib. İkinci və üçüncü yerlərin sahibləri də mükafatlandırılıblar.
Məktəbliləri Şahbuz rayonunun tarixi yerlərinə, təbiət abidələrinə ekskursiyalara aparmaq da tədbirlər planında öz əksini tapıb. Uşaqlar Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində, Şahbuz Dövlət Təbiət Qoruğunda, Fərhad evində olublar. Onlara muxtar respublikamızın bu füsunkar guşəsinin qədim tarixi, fauna və florası, bugünkü inkişaf prosesi barədə ətraflı məlumatlar verilib.
Ölkəmizi öz hüdudlarından kənarda da tanıdan Xalq şairi Məmməd Arazın şeirlərinin bədii qiraət edilməsi də yaddaqalan olub.
Biz mərkəzdə olan gün məktəbliləri tədbirlər planına əsasən, Batabat Astrofizika Rəsədxanasına ekskursiyaya apardılar. Burada rəsədxananın fəaliyyəti barədə məktəblilərə geniş məlumatlar verildi. Nahar yeməyi isə Batabat yaylağında təşkil edildi. Elə buradaca nəzarətçi-müəllimlərlə həmsöhbət olduq, onların dövlətimizin gələcəyimiz olan uşaqlara yaratdığı şərait barədə fikirlərini öyrəndik. Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbin müəllimi Günel Quliyeva bildirdi ki, Ağbulaq İstirahət Mərkəzi haqqında məlumatı olsa da, bura birinci dəfədir, gəlir. Burada uşaqların mənalı istirahəti üçün yaradılmış şərait yüksək səviyyədədir. Nəzarətçi-müəllimlər də çalışırlar ki, məktəblilərin asudə vaxtının səmərəli təşkilinə nail olsunlar. Bu məqsədlə gün ərzində müxtəlif tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Əyləncəli oyunlar, viktorinalar təşkil edilir.
Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin müəllimi Cabbar Cabbarov məktəblilərə belə qayğını ölkəmizin gələcəyinə göstərilən qayğı kimi dəyərləndirdi:
– Muxtar respublikada son illərdə məktəblilərin, yeniyetmə və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların dövlətçiliyimizə və müstəqilliyimizə sədaqət ruhunda tərbiyə olunması, asudə vaxtlarının səmərəli keçirilməsi üstün istiqamət verilən sahələrdən birinə çevrilib. Təbii ki, bu da bir müəllim, bir tərbiyəçi kimi məni də ürəkdən sevindirir.
Naxçıvan şəhərindəki Qızlar Liseyinin VII sinif şagirdi İnci İbrahimova burada yaxşı istirahət etdikləri üçün məktəbli yoldaşları adından minnətdarlığını bildirdi.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR