Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən Şahbuz şəhərindəki “Araz” kinoteatrında “Nağdsız hesablaşmaların üstünlükləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Ələddin Ağayev açıb.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Mirhüseyn Seyidov tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib.
Sonra nazirliyin şöbə rəisi Mübariz Əhmədovun “Nağdsız hesablaşmaların üstünlükləri” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, nağdsız ödəniş sisteminin inkişafı, nağdsız dövriyyənin genişləndirilməsi cəmiyyətdə maliyyə sabitliyinin qorunub saxlanılması baxımından bu gün ən zəruri məsələ hesab olunur. Ona görə ki, nağdsız ödənişlər vəsaitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapında, daşınmasında, saxlanılmasında və təsərrüfat əməliyyatlarının xərclərinin azalmasında, nəticə etibarı ilə, iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır.
İndiki mərhələdə nağdsız əməliyyatlar, əsasən, POS-terminallardan və internetdən istifadə etməklə plastik kartların köməyi ilə aparılır. Bu gün muxtar respublikamızda 185 minə yaxın vətəndaş plastik kartdan istifadə edir. Təəssüf ki, bir çoxları bu sistemdən istifadə etməyə maraq göstərmirlər.
Tədbirdə nazirliyin şöbə rəisi Rəşad Əliyevin “Plastik kartların növləri, ticarət və xidmət obyektlərində POS-terminallardan istifadə edilməsi, internet vasitəsilə kommunal və digər xərclərin ödənilməsi üçün internet üzərindən onlayn ödənişlərin aparılması”, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Elçin Əliyevin “Kartların təhlükəsizliyi və bank xidmətləri” mövzularında çıxışları olub.
Xəbərlər şöbəsi