İyunun 19-da Babək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirilmişdir. Yığıncağı Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev açaraq rayonda sığorta sahəsində görülmüş işlərdən danışmışdır.
Yığıncaqda Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikamızda sığorta fəaliyyətinin müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” müşavirənin keçirilməsindən sonra bu sahədə görülən işlər haqqında məlumat vermişdir. Hikmət Əsgərov vaxtında sığorta olunmağın əhəmiyyətindən danışmış, bunun ictimai mədəniyyət kimi cəmiyyətdə geniş yayılmasında zəruri tədbirlərin həyata keçirildiyini bildirmişdir. Baş direktor Babək rayonunda əmlakı yanğından zərərçəkmiş ayrı-ayrı vətəndaşlara dəymiş zərərlərin ödənilməsi ilə bağlı əyani faktlar göstərərək sığortanın faydalarından da bəhs etmişdir.
O, çıxışında həmçinin qeyd etmişdir ki, ötən müddətdə Babək rayonunda da sığorta fəaliyyəti istiqamətində müəyyən işlər görülmüş, müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilələrin sayı artmışdır. Çıxış zamanı Babək rayonunda sığorta fəaliyyəti sahəsində görülmüş işlər təhlil olunmuş, burada daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, ev əmlakının sığortası, fərdi qəza sığortası və digər sığorta növləri üzrə görülmüş işlərdən danışılmışdır. Qeyd olunmuşdur ki, Babək rayonunda görülmüş işlərlə yanaşı, daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır. Bunun üçün qarşıya qoyulan vəzifələrin icrasına diqqət artırılmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Xəbərlər şöbəsi