Yer planetində oxşar muxtariyyətlərin qlobal səviyyədə sosial-iqtisadi inkişaf istiqamətləri axtardığı, hələ də böhran problemini aradan qaldırmağa çalışdığı bir vaxtda Naxçıvan Muxtar Respublikası dinamik inkişafa yönəlmiş, burada insan inkişafı indeksini (uzun və sağlam ömür, təhsil səviyyəsi, layiqli yaşayış standartları) yüksəldən yeni strateji vəzifələr uğurla reallaşdırılır.
20 ildən artıqdır ki, işğalçı Ermənistan dövləti tərəfindən blokada vəziyyətinə salınmasına baxmayaraq, muxtar respublikanın iqtisadi, sosial aurası anbaan nəzərəçarpacaq dərəcədə müsbət göstəricilərlə yüksəlir, ildən-ilə dövlət və özəl sektorda müsbət dəyişikliklər regionun tarixində yeni rekordlar müəyyənləşdirir. Çağdaş dövrdə hər bir ölkə vətəndaşının qarşısındakı öhdəliklərini nə dərəcədə yerinə yetirməsinin əsas şərtlərindən biri də xüsusi qayğıya ehtiyacı olan insanlara yaradılan imkanların praktik məcmusu ilə xarakterizə edilir. İnkişafı hədəf seçmiş Naxçıvan Muxtar Respublikası üçün də bu şərtlər prinsipial önəm daşıyır.
Məhz buna görə muxtar respublikada bütün kateqoriyadan olan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.
Bu mənada sosial-iqtisadi inkişafın bəhrələrindən xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımız da lazımınca yararlanır, həyat motivlərini daha da mənalandırırlar. Əlil insanların təhsil almaları və gələcəyini rahat, səmərəli qurmaları məsələləri də diqqətdə saxlanılır və lazımi işlərin koordinasiyasını dövlətimiz üzərinə götürərək uğurla icra edir. Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilalma imkanlarının araşdırılması, bu yöndə dövlət səviyyəsində görülən işlərin mahiyyəti ictimai rəylə üst-üstə düşür. Bu qəbildən olan vətəndaşlarımızın təhsili ilə bağlı maneələrin dəf edilərək neytrallaşdırılması istiqamətində effektiv iş prinsipi icra olunur, məqsəd və vəzifələr düzgün müəyyənləşdirilir.
Sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi konsepsiyasına yeni yanaşma və onun muxtar respublikada getdikcə daha böyük əhəmiyyət daşıması təbiidir. Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü dövlətin qurulmasında təhsil mühüm rol oynayır. Bu səbəbdən sağlamlıq imkanları məhdud şəxslərin də təhsil səviyyəsinin hazırkı inkişaf mərhələsinə uyğunlaşdırılması çox vacibdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu qəbildən olan uşaqların təhsilə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır. Aydındır ki, uşaqların erkən yaşdan təhsilinə qoyulan sərmayə iqtisadi və sosial baxımdan daha yüksək faydalılıq əmsalına malikdir. Başqa sözlə, bu istiqamətə sərf olunan vaxt hədər getmir, xərclənən vəsait sonrakı dövrlərdə dəfələrlə artıq gəlir gətirir. Sağlamlıq imkanlarından asılı olmayaraq hər bir insanın təhsilli, bilikli olması mənsub olduğu xalq üçün ən böyük nemətdir. Təhsilli vətəndaşları olan dövlətdə isə yoxsulluğun səviyyəsi aşağı düşür, cinayətkarlıq azalır. Bu da insanların maddi rifahını və təhlükəsizliyini təmin edir, dövlətin və dövlətçiliyin qüvvətlənməsinə möhkəm zəmin yaradır. Birləşmiş Millətlər Təşkilatı tərəfindən də XXI əsrin “Təhsil əsri” elan edilməsi hər kəsin lazımi təhsil alması məsələsinin çox ciddi anlam daşıdığını bir daha təsdiq edir.
Son 10 il ərzində muxtar respublikada 56 min 926 şagird yerlik 142 tam orta məktəb binası tikilərək və ya yenidən qurularaq gənc nəslin istifadəsinə verilmişdir. Ən ucqar yaşayış məntəqəsində belə, yenidən tikilən, yaxud əsaslı təmir olunan təhsil müəssisələrində müasir standartlar səviyyəsində yeni avadanlıqla təchiz edilmiş fənn kabinələri yaradılmış, muxtar respublika üzrə ümumtəhsil məktəblərində 550-dən çox elektron lövhə, hər 14 şagirdə 1 kompüter dəsti olmaqla, 3400-dən çox kompüter quraşdırılmış, bu kompüterlərin 84 faizinin birbaşa internetə çıxışı təmin olunmuşdur. Bütün sinif otaqları əyani vəsaitlərlə təchiz edilmiş, məktəblərin kitabxanaları zənginləşdirilmişdir.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində gözdən əlil və görmə qabiliyyəti zəif olan uşaqların kitab oxumaları üçün brayl şriftli kitablardan ibarət xüsusi guşə yaradılmış, burada mətni audio formata çevirən avadanlıq vasitəsilə istənilən məlumatı əldə edə bilmək üçün xüsusi klaviatura və qulaqcıqlar qoyulmuşdur. Mərkəzdə ölkəmizdə ilk dəfə olaraq xüsusi proqram təminatı əsasında gözdən əlil, görmə qabiliyyəti zəif və eşitmə qabiliyyəti məhdud olan uşaqlar üçün audiokitabxana və elektron kitabxana xidmətləri fəaliyyət göstərir. Mərkəz bu qəbildən olan uşaqların həyata qoşulmasına, onların bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə xidmət edir.
Məktəbəqədər təhsil ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Məktəbəqədər təhsil vasitəsilə sağlam və sağlamlıq imkanları məhdud olan uşaqlar arasında bərabərlik imkanlarının yaradılması sonradan cəmiyyətin müxtəlif sosial təbəqələri arasında fərqlərin azalmasına gətirib çıxarır.
Muxtar respublikada məktəbəqədər təhsil sahəsində mövcud olan problemlər aradan qaldırılır, təhsilin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Hazırda muxtar respublikada 17 uşaq bağçası fəaliyyət göstərir. Onlardan 16-sı tam müasir bina ilə təmin olunmuş, müvafiq avadanlıqlarla, o cümlədən oyuncaq və idman avadanlıqları, texniki vasitələrlə, müxtəlif təlim vəsaitləri ilə təmin edilmişdir. Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi də təyinatı üzrə uşaqlara xidmət göstərir.
Məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqların müəyyənləşdirilməsi və onlar haqqında məlumat bazasının yaradılması, bu uşaqların əqli və fiziki potensialları nəzərə alınaraq məktəbəqədər təhsil müəssisələrinə cəlb olunması və Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə yerləşdirilməsi, məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilində məsul işçilərin bu sahədə peşəkarlıq səviyyəsinin artırılması məqsədilə kursların keçirilməsi “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın prioritet vəzifələrindəndir.
Bu vəzifələrin icrasını aidiyyəti təşkilatlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də həyata keçirir. Yeri gəlmişkən qeyd edim ki, muxtar respublikada 357 məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaq vardır. Komitə tərəfindən cari ildə bu qəbildən olan uşaqlardan 46-sı məktəbəqədər, 22-si məktəbdənkənar, 2-si isə tam orta məktəblərə cəlb olunmuşdur. Bütün məktəbəqədər müəssisələrdə monitorinqlər keçirilmiş, məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin bu sahədə peşəkarlıq səviyyəsinin artırılması məqsədilə kurs təşkil edilmişdir.
Müvafiq uşaqların valideynləri də bu işə həssas münasibət bəsləməli, məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud övladlarının uşaq bağçalarına getməsinə “arxa bağça” kimi baxmamalı, təhsilin bu ilk pilləsini uşağın zirvəyə doğru atılmış ilk addımı olaraq qiymətləndirməli, uğurlu gələcəyinin ilkin konturu olaraq yanaşmalıdırlar.
Qabaqcıl təhsil sistemi sağlamlıq imkanları məhdud uşaqların xüsusi məktəbəqədər təhsil müəssisələrində, internattipli məktəblərdə deyil, sağlam uşaqların təlim-tərbiyə, təhsil aldığı müəssisələrdə, ümumtəhsil məktəblərində, yaxud sinif səviyyəsində inteqrasiyanı həyata keçirməklə onları təhsilə cəlb etməyi tələb edir. Təhsilin belə bir formada təşkili xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətdən və yaşıdlarından təcrid olunmasına imkan vermir, onlarda özünəinam yaradır, sağlam uşaqlarda isə onlara qarşı tolerantlıq, mərhəmət, qayğı hisslərinin formalaşmasına səbəb olur. Etiraf etməliyik ki, “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” qəbul olunanadək bu sahədə aparılan iş ləng idi və ümumi olaraq uşaqların təhsilə cəlb edilməsi fonunda təsnif olunurdu. Ancaq dövlət proqramının qəbulundan sonra sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər təhsil müəssisələrinə, ümumtəhsil məktəblərinə cəlb olunmasında metodika dəyişmiş, sürətlənmə, çeviklik nəzərəçarpacaq qədər artmışdır.
Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında yaşayan uşaqların ömürlərinə daha bir əlamətdar gün yazıldı və aidiyyəti təşkilatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrindən bütün uşaqların, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların hüquqlarını qorumaq, reabilitasiyası və sosial müdafiəsini daim diqqət mərkəzində saxlamaq, onların cəmiyyətə inteqrasiyası, təhsili və asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər görmək tapşırığı aldı. 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə uşaqlarla görüşdə Ali Məclisin Sədri cənab Vasif Talıbov çıxış edərək demişdir: “Uşaqları qorumaq, onları müdafiə etmək hər bir dövlətin qarşısında duran əsas vəzifədir. O cəmiyyət öz sabahına ümidlə baxa bilər ki, gənc nəslin yetişməsi qayğısına qalsın, bununla bağlı vəzifələri yerinə yetirsin”.
“2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” sağlamlıq imkanları məhdud şəxslərin təhsil almasına geniş imkanlar yaradır. Bir daha aydın olur ki, sağlamlıq vəziyyətindən asılı olmayaraq, insanların bir-birlərinə adaptasiyası, hər kəsin təhsil almaq, gələcəkdə yaratmaq, qurmaq, birgə əmək fəaliyyəti istiqamətində imkanların və psixoloji auranın yaradılması sahəsində görülən və görülməkdə olan işlər Naxçıvan Muxtar Respublikası təcrübəsi kimi öyrənilməlidir. Bu model-təcrübə insanlığa verilən qiymət, xalqımızın düşünülmüş gələcəyinə doğru atılan növbəti addımdır.
Sahir RÜSTƏMOV
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri