Şərqin böyük təfəkkür sahibi filosofların qibtə etdiyi Bəhlul Danəndənin fikirlərindən çoxları xeyir tapmışdır. Yaddaşlarda yaşayan budur ki, onun Danəndə və Divanə ləqəbləri olmuşdur. Hər kəs Bəhlul Divanə deyə bir məsləhətlə müraciət etdikdə ona divanəlik, Danəndə dedikdə xeyirxahlıq yolu göstərmişdir. Bağdad xəlifəsinin qardaşı olsa da, özünəməxsus yolu olmuşdur.
Rəvayətdir ki, Bağdad xəlifəsi xalis qızıldan bir yerşumlayan cüt düzəltdiribmiş. Elan vermişdir ki, hər kim bu cütün qiymətini dürüst tapa bilsə, cütü həmin şəxsə bağışlayacaq. Hər cür yozum edilsə də, qızıl cütün qiymətini dürüst tapan olmamışdır. Bir füqarə gəlib kasıblığın daşını atmaqda Bəhluldan danəndəlik yolunu təvəqqe edir. Bəhlul deyir:
– Mənim adımı verməyəcəksənsə, deyə bilərəm.
Belə də razılaşırlar. Bəhlul Danəndə deyir:
– Get, elçi daşının üstündə otur, xəlifə səni qəbul edəcək. Qızıl cütün qiymətini soruşanda de ki, bu cütün qiyməti yazla yayın qovuşacağındakı bir cahankeş yağışın qiymətidir. Bu yağışdan taxıl zəmiləri dənov suyuna elə dolar ki, buğdalar, arpalar çaqqala kimi olar. Soruşsa, niyə cahankeş yağış, onu da de ki, narın yağış, ağ yağış, şıdırğı yağış tez kəsər. Leysan yağış isə ziyan verər. Amma cahankeş yağış bütün məmləkətləri tutar, özü də gec kəsər. Həmin şəxs bu yolla qızıl cütə sahib çıxır.
Dünyanın bu dəyişən qlobal, ekoloji vəziyyəti, iri dövlətlərin bəhsəbəs texnologiya yarışları ən dözümlü ağacları su kənarlarında da qurudur. İqlim dəyişmələri canlı təbiətə ciddi ziyan vurur. Elə ulu Naxçıvan torpağında da qışın sərt gəlişi, çiçəkli yaza qəfil boranlı qış gəlməsi bir çox meyvələrə uşaq-böyüyü tamarzı qoydu. Yaxşı ki, taxıl əkinləri yerindədi. Yazla yayın arasındakı zaman kəsiyində bu yağışlar istər sulu, istərsə də dəmyə sahələrdəki əkinləri cana gətirir. Bu yağışların dəmyə sahələrdə əkilən taxıllara daha çox xeyri var. Atalar sözüdü: “Dəmyənin dəhnəsi göydədir, yağdısa, suyu gələcək”. Ağsaqqallar onu da deyiblər ki, dəmyənin tanrısı birdi, sulu sahələrin tanrısı ikidi.
Hazırda hər yerdə taxıl biçininə qızğın hazırlıq işləri gedir. Bəzi yerlərdə artıq biçinə başlanılıb.
Toxumluq sahələrin məhsulu ayrıca tədarük olunacaq. Gərək minbir zəhmətlə hasilə gətirilən taxıla və ən başlıcası, bişirilən çörəyə hörmətlə yanaşaq. Bu müqəddəs nemətin hər tikəsinin qədrini bilək. Çörəyi təmizlik qutularına atmayaq. Uşaq yaşlarımdan yadımda qalan budur ki, yolda bir tikə çörək qırıntısına rast gəldikdə onu yerdən götürüb, üç dəfə öpərək alına çəkib bir səki üstə qoyaraq deyərdilər:
– İlahi, bu da qurdun, quşun payı. Ta onu ayaqlayıb keçməzdilər. Çörəyin müqəddəsliyi “Qurani-Kərim”lə bir tutulur. Gəlin hamılıqla rəncbərin əl qabarına, alın tərinə hörmət qoyaq. Əgər diqqət yetirsək, dənə dolan sünbüllü zəmilər dəniz tək dalğalanır. Əkinçi zəhmətinin hünəri bir təbiət lövhəsi yaradıb:
Zəmilərdə süslənən
Sünbülə dən düşübdür.
Necə də təkcə-təkcə
Bir-bir, dən-dən düşübdür.
Elə bil zəhmət təri
Yanaqdan üzülübdür,
Gəlib mirvarilər tək
Sünbüldə düzülübdür.
Qaşdar ƏLİYEV