Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, Culfa rayonunda keçirilən əmək yarmarkasına 154 boş iş yeri təqdim olunub.
Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktor əvəzi İsmayıl İsmayılov çıxış edərək deyib ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinin, onların münasib işlə təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən mühüm tədbirlərdən biri də əmək yarmarkalarının təşkil olunmasıdır. Bu yarmarkalar vasitəsilə işaxtaranlar öz ixtisaslarına uyğun işlə təmin olunurlar.
İşaxtaran vətəndaş Aylar Əliyeva belə tədbirlərin təşkilində əməyi olanlara minnətdarlıq edib.
Culfa Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yalçın Hüseynov çıxış edərək rayonda əhalinin məşğulluğu istiqamətində görülən işlərdən danışıb.
Yarmarkada 31 nəfərə işə göndəriş verilib.
Qeyd edək ki, növbəti əmək yarmarkası bu gün Ordubad rayonunda keçiriləcək.
Sona MİRZƏYEVA