Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında VI-VII təsnifata uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 7 mart 2014-cü il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə başlanılmışdır. Komissiyadan aldığımız məlumata görə, müvafiq keçid balını toplamış namizədlərdən 115 nəfər müsahibə mərhələsində iştirak etmək üçün sənəd təqdim etmişdir.
Məlumatda o da bildirilir ki, müsahibələr 27 dövlət orqanındakı vəzifələr üzrə keçirilir. Müsahibə mərhələsinə hazırlıq üçün namizədlərə seçdikləri vəzifə üzrə proqramlar verilmiş, müsahibə qrupunun üzvləri ilə seminar-treninq keçirilmişdir. Müsahibədə namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, xarici dil biliklərinə, informasiya texnologiyalarından istifadə bacarığına uyğun suallar verilir.
Müsahibənin obyektiv və şəffaf keçirilməsi üçün komissiyada bütün texniki imkanlar təşkil edilmişdir. Müsahibə prosesi videoyazıya alınaraq onu kənardan izləmək imkanı yaradılmışdır. Müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, komissiyanın və dövlət orqanının nümayəndələri iştirak edirlər.
11-12 iyun 2014-cü il tarixlərdə keçirilən müsahibələr Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Arxiv İdarəsi, məhkəmə orqanları, Dövlət Meliorasiya və Su Təsərrüfatı, Statistika, Torpaq və Xəritəçəkmə, Şəhərsalma və Arxitektura komitələri, Təhsil, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Rabitə və İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı nazirliklərindəki vakant dövlət qulluğu vəzifələri üzrə olmuşdur.
Müsahibələr iyun ayının 19-dək davam edəcək.
Xəbərlər şöbəsi