Muxtar respublikamızda uzunömürlü ailələrə yüksək dövlət qayğısı göstərilir. Ailələrdə yubiley tədbirlərinin, o cümlədən ailələrin “gümüş”, “qızıl” və “brilyant” toylarının qeyd olunması artıq ənənəyə çevrilib.
Muxtar respublikamızda uzunömürlü ailələrdən biri də Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində yaşayan Kərimovlar ailəsidir. Bu ay ailənin evliliklərinin 60 ili tamam olur. Ailənin 2 oğlu, 3 qızı və 12 nəvəsi var.
İyunun 12-də Həsən Kərimov və Gülü Quliyevanın evliliklərinin 60 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev çıxış edərək ailəni evliliklərinin 60 illiyi münasibətilə təbrik edib, onlara cansağlığı və firavan həyat arzulayıblar.
Vurğulanıb ki, muxtar respublikamızda yaşayan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu qəbildən olan ailələr hər bir gənc ailə üçün örnək olmalıdır.
Sonda ailəyə hədiyyələr təqdim olunub.
Yubilyarlar və onların ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti