Bu mövzuda hüquqi maarifləndirmə tədbiri keçirilib
Naxçıvan Şəhər Prokurorluğu Əliabad Qəsəbə Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirib. Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açıb.
Naxçıvan şəhər prokurorunun müavini Qalib İsmayılov “Enerji resurslarının talanması məsuliyyətə səbəb olur” mövzusundakı məruzəsində bildirib ki, Azərbaycan Respublikası bu gün Cənubi Qafqazda ən böyük enerji sisteminə malik olan dövlətdir. Özünün müstəqil enerji sistemini formalaşdırmış Azərbaycan sürətli inkişaf yolunda olmaqla bu sahədə dünyada söz sahiblərindən birinə çevrilib.
Təəssüflə qeyd olunub ki, bəzən enerji resurslarından, xüsusilə də elektrik enerjisindən və təbii qazdan düzgün istifadə edilmir. İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” adlanan onuncu fəslinin 118-ci maddəsinə əsasən, təbii qazın, elektrik və istilik enerjisinin talanmasının qarşısının alınması üçün cərimə müəyyən edilib.
Vurğulanıb ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində də bəhs olunan mövzu ilə bağlı müxtəlif cərimələr nəzərdə tutulub. İstilik və elektrik enerjisindən, təbii qazdan qanunsuz istifadənin qarşısının alınmasında hər bir vətəndaşın üzərinə mühüm vəzifələr düşdüyünü bildirən Qalib İsmayılov muxtar respublika ərazisində istər fiziki, istərsə də hüquqi şəxslərin bu resursların talanmasının qarşısını almaq üçün əllərindən gələn köməkliyi etməyə borclu olduqlarını diqqətə çatdırıb.
Naxçıvan şəhər prokurorunun böyük köməkçisi Sərxan Novruzov “Təbiəti qorumaq hər birimizin borcudur” mövzusunda məruzə edib. Qeyd olunub ki, bu gün muxtar respublikamızda yaşıllaşdırma tədbirləri geniş vüsəti ilə diqqəti çəkir. Hər il yaz və payız mövsümlərində keçirilən iməciliklər hesabına bu gün Naxçıvan yaşıllıqlar diyarına çevrilib.
Sərxan Novruzov onu da bildirib ki, bununla belə yeni salınmış yaşıllıq zolaqlarında, bağlarda əkilmiş ağaclara qulluq etmək əvəzinə hələ də bəziləri bu sərvətlərdən talançılıqla istifadə edirlər. Buna görə də prokurorluq orqanları yaşıllıqların qorunması sahəsində aparılan dövlət siyasətinin mahiyyətini izah etmək üçün hüquqi maarifləndirmə tədbirləri həyata keçirməyi diqqət mərkəzində saxlayır.
Tədbirə Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov yekun vurub.
Muxtar MƏMMƏDOV