22 Dekabr 2024, Bazar

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası həm qədim tarixi, həm mədəni zənginliyi, həm də yetirdiyi şəxsiyyətləri ilə tanınıb. Muxtar respublikanın elə bir yaşayış məntəqəsi yoxdur ki, qədim tariximizin müəyyən parçasını özündə yaşatmasın. Ancaq elə yaşayış məntəqələrimiz də var ki, bu ərazilər nə qədər öyrənilsə də, öz sirrini saxlayaraq yeni tədqiqatların aparılmasını zəruri edir. Məhz bu gün haqqında bəhs edəcəyimiz Kəngərli rayonunun Şahtaxtı kəndi də belə qədim yurd yerlərindən biridir. 

Filologiya elmləri doktoru Adil Bağırov “Naxçıvan oykonimləri” kitabında “Şahtaxtı” sözünün xalq etimologiyasına görə, “şahın taxtı”, “şahın oturduğu yer” mənasını bildirdiyini göstərməklə, “şah” sözünün (hündür, yüksək, ən birinci) “taxt” sözü ilə (dağ döşündə düzənlik) birləşərək “hündür yerdə olan taxt, düzənlik” mənasını verdiyini qeyd edir. Kəndin adına müxtəlif tarixi mənbələrdə rast gəlinsə də, bu sahədə dəqiq araşdırmalar hələ də öz tədqiqatçısını gözləyir. Ona görə ki, hələ də tədqiqatçılar arasında dağlıq ərazidə yerləşməyən kənddə taxtın hansı şahla bağlı olması haqqında fərqli fikirlər mövcuddur.

Ancaq bütün bunlara baxmayaraq, Şahtaxtı kəndi bir çox maraqlı tərəfləri ilə seçilir. Birinci ona görə ki, kənd çox qədim tarixə malikdir və burada aparılmış arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələri bunu bir daha sübut edir. Alimlərin gəldiyi qənaət budur ki, Şahtaxtı hələ bizim eradan əvvəl VI-IV minilliklərdən başlayaraq intensiv istifadə olunan, eradan əvvəl II minillikdən isə ətrafı qala divarları ilə möhkəmləndirilmiş yaşayış məskəni olub. İkinci tərəfdən, Şahtaxtı kəndi coğrafi mövqeyinə görə indi olduğu kimi, keçmişdə də mühüm əhəmiyyət daşıyıb. Kənd orta əsrlərdə şimal-cənub və şərq-qərb istiqamətində ən çox istifadə olunan karvan yolunun üzərində yerləşib. Bu qədim yaşayış məntəqəsi elə bir coğrafi nöqtədə qərarlaşıb ki, cənubdan Araz çayını keçib şimal istiqamətində hərəkət edən karvan Şərqdən Qərbə gedən qədim İpək Yoluna çıxmaq üçün mütləq şəkildə buradan keçməli idi. Məsələnin digər maraqlı tərəfi isə ondan ibarətdir ki, Şahtaxtı kəndi tarixin bütün dövrlərində tanınmış şəxsiyyətlər yetişdirib. Kəngərlilərin tayfa başçılarından, sərkərdələrindən tutmuş ölkəmizin son 200 ildə ictimai, siyasi, mədəni həyatında mühüm rol oynamış bir çox tanınmış şəxsiyyətlər məhz bu kəndin yetirmələri olublar.
Şahtaxtı: iqtisadi və mədəni əlaqələrin kəsişmə nöqtəsi
Şahtaxtı kəndi tarixin müxtəlif dövrlərində ictimai-siyasi proseslər nəticəsində bir neçə dəfə dağıntılara məruz qalsa da, tezliklə özünün təsərrüfat həyatını bərpa edib. Ancaq kəndin əsl inkişaf dövrü müstəqilliyimizin bərpasından sonra mümkün olub. Sovetlər Birliyinin süqutundan sonra İran İslam Respublikası ilə əlaqələrin inkişaf etdirilməsində burada salınmış körpü mühüm rol oynayıb. Xatırladaq ki, Şahtaxtı-Poldəşt körpüsünün tikilməsi məsələsini ilk dəfə ümummilli lider Heydər Əliyev 1992-ci ilin mayında İranın Qərbi Azərbaycan Vilayətindən Naxçıvana rəsmi səfərə gəlmiş nümayəndə heyəti qarşısında qaldırıb. 1992-ci ilin avqustunda ümummilli liderin İrana etdiyi rəsmi səfəri zamanı imzalanan əməkdaşlıq protokolunda Şahtaxtı-Poldəşt körpüsünün tikilməsi ayrıca bənd kimi öz əksini tapıb. Həmin protokolun icrası istiqamətində konkret tədbirlər görülüb, 1992-ci ilin deka­brında Şahtaxtı-Poldəşt müvəqqəti körpüsünün açılışı olub. Daha sonra, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin yanvarında İran İslam Respublikasına rəsmi səfəri zamanı Şahtaxtı-Poldəşt körpüsünün tikintisi barədə razılıq əldə olunub, həmin körpü 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə istifadəyə verilib. 2007-ci ilin avqustunda Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında “Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqələrinə beynəlxalq statusun verilməsi haqqında Memorandum” imzalanıb. 2009-cu ildə Şahtaxtı Gömrük İdarəsinin inzibati binası da daxil olmaqla, ümumilikdə, Şahtaxtı sərhəd-keçid kompleksi istifadəyə verilib. Müasir körpünün salınması və sərhəd-keçid məntəqəsinə beynəlxalq statusun verilməsi məntəqənin xidmət imkanlarını artırıb, nəqliyyat vasitələrinin hərəkətinə lazımi şərait yaradıb. Demək istədiyimiz odur ki, Şahtaxtı kəndi keçmişdə olduğu kimi, müasir dövrümüzdə də iqtisadi və mədəni əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir.
Müstəqilliyimizin quruculuq payından bu kənd də bəhrələnib
Muxtar respublikamızın əksər kənd yaşayış məntəqələrində olduğu kimi, Şahtaxtı kəndində də kompleks quruculuq işləri aparılıb. Hər şeydən əvvəl, kəndin tanınmış şəxsiyyətlər yetirdiyi Şahtaxtinskilər nəslinin Azərbaycan xalqı qarşısında xidmətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 fevral 2010-cu il tarixli Sərəncamı ilə burada Şahtaxtinskilər Muzeyi yaradılıb, elə həmin ilin may ayında muzeyin açılışı olub. Şahtaxtinskilər nəslinin davamçılarından olan Aleksis Şahtaxtinski də açılış mərasimində iştirak edib, görülən işlərə görə minnətdarlığını bildirib və burada olduğundan qürur hissi keçirdiyini dilə gətirib. 2010-cu ilin dekabr ayında kənddə yeni sosial obyektlər – kənd mərkəzi, həkim ambulatoriyası, ticarət mərkəzi, Qıvraq qəsəbəsi ilə kəndi, eyni zamanda gömrük məntəqəsini birləşdirən 5 kilometr uzunluğunda yol yenidən qurularaq istifadəyə verilib. Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Şahtaxtı dünyada məşhur Azərbaycan kəndlərindən biri kimi tanınır. Bu kənd ona görə tanınır ki, böyük şəxsiyyətlər yetişdirib. Həmin şəxsiyyətlərin Azərbaycan dövlətçiliyinin qorunmasındakı xidmətləri, muxtar respublikamızın ictimai-siyasi həyatında yaxından iştirakı, ölkəmizdən kənarda siyasi fəaliyyətləri Şahtaxtını məşhurlaşdırıb. Onların bir hissəsi Şahtaxtinskilər soyadını daşıyır. Ona görə də Şahtaxtı kəndinin abadlaşdırılması, onun əvvəlki şöhrətinə uyğun görkəm alması üçün müəyyən tədbirlər görülüb. ...Dövlət belə tədbirləri həyata keçirməklə kənd sakinlərinə problemlərini vaxtında həll etmək üçün şərait yaradıb, onlara qayğı göstərib. Şahtaxtı kəndində yaşayanlar bu qayğıdan səmərəli istifadə edərək həyat səviyyələrini yaxşılaşdırmaq üçün fəal olmalıdırlar”.
İqtisadiyyat inkişaf etdirlir, əhalinin rifah halı yaxşılaşır
Bəli, ötən dövr ərzində rayonun digər yaşayış məntəqələri kimi, Şahtaxtı kəndi də hərtərəfli inkişaf yoluna qədəm qoyub, müsbət nəticələr əldə olunub. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Əkin sahələrinin su təminatı, əsasən, Arpaçay sol sahil kanalı və Araz çayı üzərində quraşdırılmış su nasosları vasitəsilə həyata keçirilir. 2014-cü ilin məhsulu üçün kənddə ötən il 193 hektar sahədə buğda, 82 hektar sahədə isə payızlıq arpa əkini aparılıb. Bu il 0,3 hektar sahədə bostan məhsulları əkilib. Muxtar respublikamızda meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi ilə bağlı məlum dövlət proqramının icrasına uyğun olaraq, 1,5 hektar sahədə yeni meyvə bağı salınıb. Kənddə heyvandarlığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Hazırda kənddə 890 baş iribuynuzlu, 7650 başa yaxın isə xırdabuynuzlu heyvan saxlanılır. Kənd sakinlərindən İlqar Quliyev, Telman Babayev bu sahədə yaxşı nəticələr əldə ediblər. Sahibkarlığa göstərilən dövlət dəstəyi hesabına kənddə 2 çörək istehsalı müəssisəsi yaradılıb ki, bu da kənd əhalisinin çörəyə olan ehtiyacını təmin edir. Bundan əlavə, kənddə sosial problemlərin həll edilməsində də müsbət nəticələr əldə olunub. Kənd sakinlərinin içməli su, qaz, elektrik enerjisi ilə təminatında heç bir problem olmadığı kimi, rabitə xidməti də yüksək səviyyədə təşkil olunub, telefonlaşma 100 faiz təmin edilib. Kənddə əhalinin yaşayış səviyyəsinin yüksəlməsi yeni minik avtomobillərinin sayının artmasında, fərdi evlərin tikintisində özünü bir daha büruzə verir.
Bəli, Şahtaxtı kəndi muxtar respublikamızın qədim və maraqlı tarixə, mühüm strateji əraziyə malik yurd yerlərindən biridir. Yüz illər boyu karvan ticarətinə şahidlik etmiş, mədəni və iqtisadi əlaqələrin inkişafına böyük töhfə vermiş bu kənd tarixi missiyasını bu gün də uğurla davam etdirir. Fərqli olan isə bu tarixilik üzərində müasirliyin təntənəsidir.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR