Sədərək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin hazırkı vəziyyəti və qarşıda duran vəzifələr barədə yığıncaq keçirilmişdir. Yığıncağı Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq rayonda sığorta sahəsində görülmüş işlərdən danışmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikamızda sığorta fəaliyyətinin müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusilə əhəmiyyətli olduğunu vurğulamışdır. Baş direktor sığortanın cəmiyyətdəki əhəmiyyətindən bəhs edərək vaxtında sığortalanmağın baş verən bədbəxt hadisələr zamanı faydalarını diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, ötən müddətdə Sədərək rayonunda da bu istiqamətdə müəyyən işlər görülmüş, müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilələrin sayı artmışdır. Çıxışda Sədərək rayonunda sığorta fəaliyyəti sahəsində görülmüş işlər təhlil olunmuş, daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, ev əmlakı sığortası, fərdi qəza sığortası və digər sığorta növləri üzrə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söhbət açılmışdır. Bununla yanaşı, qeyd olunmuşdur ki, Sədərək rayonunda icbari qaydada sığorta olunmalı olan daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır. Buna görə də qarşıya qoyulan vəzifələrin vaxtında yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının qanunu ilə tənzimlənən icbari sığortalar üzrə hər bir sığorta obyekti sığorta olunmalıdır.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov tədbirə yekun vurmuşdur.
Xəbərlər şöbəsi