22 Dekabr 2024, Bazar

Suyun insan üçün nə qədər vacib nemət olduğunu hər kəs yaxşı bilir. Canlı həyatın yaranması və yaşaması üçün torpaq və hava kimi, suyun da hansı dərəcədə əvəzedilməz olduğu bu qiymətli sərvətin çatışmadığı zamanlarda daha aydın görünür. İlk baxışda “lazımsız” bir ünsür kimi boş-boşuna axıb gedən suya bəzən elə vacib ehtiyac yaranır ki, onu ödəyə bilmək üçün xeyli vaxt və vəsait tələb olunur. Ona görə də insana lazım olan şirin su ehtiyatlarından düzgün istifadə olunması ən doğru seçimdir. 

Çox zaman suyu həyat mənbəyi, həyatın özü adlandırırlar. Lakin suyun təbiətdəki dövranı ilə yanaşı, şirin su ehtiyatlarından istifadə məsələləri də insanın mədəni tələbatlarının artması ilə mühüm əhəmiyyət kəsb edir. Suyun texniki, kənd təsərrüfatı və məişət məqsədləri üçün istifadəsi, ondan enerji alınması istiqamətində görülən işlər su ehtiyatlarından daha səmərəli istifadəni həmişə ön plana çəkir.

Su və suyun qiyməti ilə bağlı yaranan fikirlər onun gündəlik istifadəsi ilə də əlaqəlidir. Suyun canlı orqanizm üçün əhəmiyyətini qeyd etsək də, aparılan araşdırmalar göstərir ki, sırf insan həyatı üçün, yəni içmək və ondan yemək hazırlamaq üçün sərf olunan su insanın özünə lazım olan ümumi su sərfinin 3-4 faizini aşmır. Yerdə qalan miqdar isə, əsasən, insanın digər məişət və mədəni tələbatlarının ödənilməsinə sərf olunur. Ona görə də sudan istifadəni azaldan daha yeni texnoloji avadanlıqların istehsalatda və məişətdə geniş yayılması su sərfiyyatını azaltsa da, ümumiyyətlə, planetdə gedən sürətli əhali artımı və qlobal istiləşmə kimi qarşısıalınmaz proseslər suya olan tələbatın gələcəkdə daha kəskin şəkil alacağını indidən proqnoz etməyə imkan verir.
Bəs su sarıdan bizdə vəziyyət necədir? Bu qiymətli sərvətin səmərəli istifadəsi ilə bağlı hansı işlər görülür? Axı daimi axar su elə bir təbii nemətdir ki, onu süni surətdə yaratmaq qeyri-mümkündür. Ona görə də Naxçıvan Muxtar Respublikasında şirin su qaynaqlarımızın qorunması, sudan daha qənaətli istifadənin tətbiq olunmasına ciddi fikir verilməkdədir. Bunun nəticəsidir ki, muxtar respublika sakinləri indiyə qədər su sarıdan korluq çəkməyiblər. Düzdür, muxtar respublikamızda su anbarlarının yaradılması və su təminatı infrastrukturunun yeniləşdirilməsi istiqamətində aparılan davamlı işlər yağıntının çox az ola biləcəyi illərdə belə, muxtar respublika əhalisinin su sarıdan korluq çəkməyəcəyinə zəmanət verir. Ancaq bu heç də o demək deyildir ki, istənilən halda su israfçılığına yol verilməli, suyun izafi sərfinə göz yumulmalıdır. Bu gün açıq qalmış su kranlarından gecə-gündüz axıb gedən sudan ötrü sabah yayın ortasında hansı əziyyətlərlə qarşılaşacağımızı təsəvvür etmək çətin deyil. Ona görə də təkcə Naxçıvan şəhərində deyil, muxtar respublikamızın bütün şəhər və kənd­lərində sudan qənaətlə istifadə, su hövzələrinin, arx və kanalların təmizliyinə diqqət edilməsi müvafiq dövlət qurumları ilə yanaşı, hər bir sakinin vətəndaşlıq borcuna çevrilməlidir.

Su təsərrüfatı mürəkkəb sahədir. Bunu suyun ərazidə qeyri-bərabər paylanması, suyun bol olduğu yerlərdə əkinəyararlı torpaq sahələrinin azlığı və ya əksinə, əkinəyararlı torpaq sahələrinin bol olduğu yerlərdə suyun az olması ilə əlaqələndirmək mümkündür. Bundan əlavə, suyun çox böyük hidroenerji potensialı da suyun istifadəsi ilə bağlı məsələlərdə hökmən özünü büruzə verir. Belə ki, bu potensial məqsədyönlü, idarəolunan şəkildə istifadə edildikdə suvarma və elektrik enerjisi almaq üçün ən ucuz mənbə olsa da, nəzarətdən çıxdığı zaman dağıdıcı sel gücü kimi hansı fəsadlar törətməsi hər kəsə məlumdur. Ona görə də su təsərrüfatı dedikdə yüzlərlə, minlərlə kilometr məsafədən çəkilmiş yüksəktəzyiqli su kəmərləri, milyonlarla manata başa gələn bənd­lər, mürəkkəb hidrotexniki və təmizləyici qurğular, suvarma şəbəkələrindən tutmuş evlərdəki su kranlarına, həyətlərdəki yaraşıqlı çarhovuzlara və bağ-bağçalardakı suçiləyənlərə qədər geniş şəbəkə nəzərdə tutulur. Bunların idarə olunması, sudan məqsədyönlü istifadədə hər kəsin üzərinə düşən vəzifəni yerinə yetirməsi isə ümumi su təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Başqa sözlə, vətəndaşlarımız günün istənilən saatında su kranını açıb təmiz, zərərsiz şirin sudan istifadə edə bilmək üçün çalışdığı kimi, yaşadığı məhəllədə gün boyu mənasız şəkildə axıb gedən suya da eyni dərəcədə etinasız qalma­malı, su kranlarından düzgün istifadə etməli, onları qorumalıdır.

Naxçıvan şəhərində bir çoxumuzun gözünün öyrəşdiyi bu mənzərələrə baxanda düşünürsən ki, belə izafi şəkildə axıb gedərək ətrafını da bərbad hala salan su kranlarını bağlamaq nə qədər çətin işdir? Bəlkə, kimlərsə öz vəzifə borclarını unudub şəhərimizdə bəzi yerlərdə rast gəlinən belə mənzərələri görmək istəmir. Amma heç olmasa bircə gün axşamadək deyil, günortaya qədər su kəsintisi problemi ilə üzləşmiş hər kəs yaxşı bilir ki, buna qətiyyən yol vermək olmaz. Çünki bu, sadəcə, axıb gedən su deyildir, bu həm də beşinci mərtəbədəki evimizə öz təbii təzyiqi ilə qalxa bilən və ya qızmar bir yay günü hardasa gün altında susuz qala biləcək körpə fidanlara həyat verəcək sudur – onun hər damlası, hər litri çox qiymətlidir. Bu isə hamımızın bildiyi suyun özü qədər sadə bir həqiqətdir. Ona görə də gəlin sabahımız üçün su sərvətlərimizi hamılıqla qoruyaq! 

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR