Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbələri tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir Naxçıvan Muxtar Respublikası DSMF-nin Şərur Rayon Şöbəsi tərəfindən Xanlıqlar kəndində keçirilmişdir. Tədbiri Şərur Rayon İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsinin aparıcı məsləhətçisi Asif Hüseynov açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirdə fondun Şərur Rayon Şöbəsinin müdiri Firuz Novruzov məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri, məcburi dövlət sosial sığorta haqlarının onlayn ödəmə sistemi vasitəsilə ödənilməsi, sığortaolunanların pensiya təminatı hüququ və onların fərdi uçot sistemi vasitəsilə əhatə olunması ilə bağlı məsələlər barədə torpaq mülkiyyətçilərinə geniş məlumat vermişdir.
Qeyd olunmuşdur ki, məcburi dövlət sosial sığortası “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa görə, bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilən sosial təminat formasıdır. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsi ilə işə qəbul olunan hər bir işçi məcburi dövlət sosial sığortası ilə əhatə olunmaqla sığorta iştirakçısına çevrilir.
Vurğulanmışdır ki, qanunvericiliyə uyğun olaraq, müxtəlif fəaliyyət növləri üçün məcburi dövlət sosial sığorta haqları müəyyənləşdirilmişdir. Sosial sığortaya cəlb olunan şəxslər əgər öz fəaliyyətlərinə uyğun müəyyənləşdirilmiş məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında ödənilməsini təmin edərlərsə, onda özlərini baş verə biləcək sosial sığorta hadisələrindən sığortalamış olacaqlar. Bunlara da pensiya yaşına çatmaq, əlil olmaq, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və uşağın anadan olması, uşağa qulluq daxildir. Qeyd olunmuşdur ki, məcburi dövlət sosial sığorta haqqı sığortaedənlər tərəfindən onlayn ödəmə sistemi vasitəsilə bankda nağd qaydada və ya internet vasitəsilə plastik kartlardan istifadə etməklə ödənilə bilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti