22 Dekabr 2024, Bazar

Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan – söyləmişdir dahi Nizami Gəncəvi...
Elə indi lap yerinə düşdü bu mövzu. Universitetə qəbul imtahanları başlayıb. İmtahanlardan sonra isə ixtisas seçimi mərhələsi olacaq. Peşə seçimi ilə bağlı olaraq qeyd etmək istərdik ki, peşə seçimi heç də asan bir iş deyil. Gələcəkdəki həyat tərzimizin müəyyən dönüş nöqtəsi olan peşə seçimi insanın bütün həyatına və xoşbəxtliyinə təsir edən faktorlardandır. Peşə seçimi insana gələcəkdə cəmiyyət içində müəyyən mövqe qazandıracaq məsuliyyət anıdır. Peşə seçimi ilə qazanılan peşə, sahib olunan ixtisas insanın özünüifadəetmə vasitəsidir. Belə ki, hər bir fərd gələcəkdə məhz sahib olduğu peşəsi ilə ucalır.

Bu yüksəliş o zaman baş verir ki, seçilən peşə, fəaliyyəti boyunca sahibi tərəfindən sevilir, onun məsuliyyəti lazımınca dərk edilir. Bütün bunların nəticəsində hətta bir vaxtlar peşə seçən fərd dövrünün şəxsiyyətinə çevrilir. Öz arzusuna uyğun peşə seçən kəslərin işlərini sevərək etdiyini, peşəsində irəlilədiyini, beləcə, həm coşqulu, həm xoşbəxt, həm də məhsuldar olaraq həyatlarını davam etdirdiyini görürük.
Müasir cəmiyyətdə insanın ən əhəmiyyətli inkişaf vəzifələrindən biri öz peşəsini seçməsidir. Bu seçimi edərkən əhəmiyyətli olan, insanın sahib olduğu xüsusiyyətləri ən yaxşı ifadə etməsinə imkan verən peşəni seçə bilməsidir. Bu mənada peşə seçmək həyat tərzini seçmək deməkdir. Bu səbəbdən doğru seçim çox əhəmiyyətlidir. Çox təəssüf ki, bəzən gənclər seçimini valideynlərinin istəyi ilə edirlər. Peşə seçimində əsas problemlərdən biri də məhz valideynlərlə bağlıdır. Onlar övladlarını öz istədikləri ixtisas sahibi kimi görmək istəyirlər. Amma övladlarının fikirlərini öyrənmirlər, onların qabiliyyətlərini nəzərə almırlar. Gənclər öz seçimləri olduğu halda, valideynin istəyi ilə başqa peşə seçməli olurlar. Belə olan halda valideynin istəyi ilə seçilən peşədə gənclər heç bir uğur qazana bilmir, çünki onların bu peşəyə sevgisi olmur. Hansı peşə olursa-olsun, fərq etməz, əsas odur ki, seçdiyin peşəyə sevgi və məhəbbət duyğusu olsun! Çox vaxt ailələr uşaqlarını istəmədikləri gələcəyi sevməyə məcbur edirlər, hətta övladının yerinə gələcək planlayanlar da olur: “Sən bilməzsən; yox, sən hələ uşaqsan; yox, sənin xoşbəxtliyini istəyirik...” və sair. Düzdür, əksər ailələr bu halqa xaricindədir, çünki övladına seçim şansı verən və bu seçimdə ona dəstək olan ailələr çoxdur.
Ailələr övladlarının doğru seçim etməsinə yardımçı olduqları qədər onların bu doğru seçimi nə dərəcədə sevəcəklərinə də diqqət etməlidirlər. Sevdiyin peşəni seçmək belə, kifayət deyildir; ən vacibi bu peşənin incəliklərinə yiyələnməkdir, bu peşəni cəmiyyət üçün yararlı bir fəaliyyətə çevirə bilməkdir.

Nərgiz İSMAYILOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR